SON XƏBƏRLƏR

ƏBÜLFƏZ ELÇİBƏYİN 70 YAŞI

2021.10.20, 07:36
ƏBÜLFƏZ ELÇİBƏYİN 70 YAŞI

Gunaz.tv
ƏBÜLFƏZ ELÇİBƏYİN 70 YAŞI elcibey-eks-prezident-1.jpg Əbülfəz Elçibəy İyunun 24-də mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 70 ili tamamlanır. Silahdaşları məşhur dissidentin, Azərbaycan milli-azadlıq hərəkatı liderinin, ikinci prezidentin yubileyini necə qeyd edəcək? «Media forum» saytı bu yöndə sorğu keçirib. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Qəzənfəroğlu deyib ki, ayın 24-də saat 10-da bütün partiya fəalları ilə birlikdə Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, tədbiri də burada başa vuracaqlar: «Başqa qüvvələrin düzənlədiyi tədbirlərdə iştirak etməməyi qərara almışıq». Deputat bildirib ki, Elçibəy adından sui-istifadə, saxtakarlıq elementləri çox qabardığından yubiley tədbirini özləri düşündüyü kimi, daha səmimi keçirməyi qərara alıblar: «Düşünürəm ki, Əbülfəz bəyin 70 illik yubileyi məsələsində dövlətin də bir az biganə qalması hər halda Azərbaycan tarixi üçün yaxşı hal deyil. Buna münasibətimizi bəyanatla bildirəcəyik». AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, ayın 24-də Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunan dəyirmi masa keçirəcəklər: «Yubileylə bağlı partiyamıza yaxın «Azadlıq» qəzetində müəyyən yazılar çap olunur. Kütləvi tədbir kimi isə Elçibəyin məzarını ziyarət etmək nəzərdə tutulur». Eks-prezidentin kürəkəni Aqil Səmədbəyli deyib ki, iyunun 18-də saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Birliyinin təşkilatçılığı ilə «Elçibəy aydınların gözü ilə» mövzusunda tədbir keçiriləcək: «Ayın 22-də Elçibəyçi gənclərin bir qrupu səhər tezdən eks-prezidentin məzarını ziyarət edəcək, sonra rayonların birinə səfərə çıxacaq. İyunun 23-də Müsavat Partiyası Beynəlxalq Mətbuat Mərkəzində böyük bir tədbir təşkil edəcək. Bundan başqa, sabah saat 15-də Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qəragahında Əbülfəz bəyin yubileyinə həsr olunan anım tədbiri keçirəcək». Müsavat başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, Elçibəyin yubileyi ilə bağlı ilk böyük toplantı iyunun 21-də saat 12-də partiyaınn qərargahında olacaq: «Ayın 23-də isə Beynəlxalq Mətbuat Mərkəzində bizim təşkilatçılağımızla xarici ölkələrdən dəvət olunan qonaqların iştirakı ilə dəyirmi masa keçirmək nəzərdə tutulur». M.Cavadoğlu partiyanın təşkil etdiyi tədbirə hansı ölkədən qonaq dəvət etdiklərini açıqlamayıb: «Dəvətlər çoxdur. Türkiyədən, Ukraynadan, Amerikadan və digər ölkələrdən Elçibəyin yubileyinə qonaqlar gələcəyini gözləyirik. Amma bəri başdan konkret kimlərin gələcəyini açıqlamaq istəmirik». Müsavat başqanının müavini yubileylə bağlı tədbirlərin iyunun 24-də partiya rəhbərliyi və fəallarının iştirakı ilə Elçibəyin məzarının ziyarət edilməsi ilə başa çatacağını bildirib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, hakimiyyətin mane olmadığı bütün tədbirlər keçiriləcək: «Amma indiyə qədər yubileylə bağlı bir çox tədbirlərimizin baş tutmaması halları ilə rastlaşmışıq. Məsələn, «Hyatt Recency», «Avropa» və «Abşeron» otelləri ilə danışıqlar aparmışdıq, amma sonradan qarşı tərəf razılaşmadı. Bakı Əyləncə Mərkəzi ilə hətta tədbir üçün müqavilə bağlamaq həddindəydik, sonda dedilər ki, bizdə Elçibəyin 70 illik yubileyi ilə bağlı tədbirin keçirilməsinə icazə verilmir. Beləliklə, hakimiyyət elitar yerlərin heç birində geniş yubiley tədbiri keçirməyimizə icazə vermədi». Bununla belə, M.Mirəlioğlu deyib ki, ayın 24-də Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana doğru hərəkət edib Əbülfəz Elçibəyin məzarı üstündə tədbir keçirəcəklər: «Tədbirin davamı partiyamızın Ağa Nemətulla küçəsi, 18-dəki qəragahında olacaq. Bundan başqa, bütün şəhər və rayon şöbələrində Elçibəyin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb». KXCP sədrinin bildirdiyinə görə, ekç-prezidentin 70 illiyi ilə bağlı iyunun 24-nə çatdırılmasa da, il ərzində böyük bir fotoalbomun buraxılması da nəzərdə tutulur. 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, daha sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarıryla vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. 1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyə paytaxtı Ankarada vəfat edib. Bir gün sonra Azərbaycan paytaxtında dəfn olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar