SON XƏBƏRLƏR

Əbülfəzl Qədyani: “Ölkədə kütləvi xalq etirazlarının baş verməsində əsas təqsirkar Xamneyidir”

2021.10.20, 07:36
Əbülfəzl Qədyani: “Ölkədə kütləvi xalq etirazlarının baş verməsində əsas təqsirkar Xamneyidir”

Gunaz.tv

GünAzTV: İranda islahat yönümlü İslam İnqilabı Mücahidləri Təşkilatının rəhbərlərindən olan, tanınmış siyasi fəal Əbülfəzl Qədyani, yanvarın 13-də BBC televiziyasına açıqlamasında ölkədə hakimiyyətə qarşı keçirilmiş son kütləvi xalq etirazlarından danışıb.

 

O bildirib ki, ölkədə baş alıb gedən bütün  narazılıqların kökü, İranın dini lideri Əli Xamneyiyə gedib çıxır: “Əvvəllər də demişəm, yenə təkrar edirəm ki, ölkə əhalisinin dini liderə və onun istibdadına qarşı ayağa qalxıb etirazını bildirməyə haqqı var. Çünki Xamneyi ölkədə bütün qüdrəti və hakimiyyəti ələ keçirərək dini istibdada rəvac vermiş və məmləkəti uçuruma doğru sürükləyərək qarət edib. Ac-yalavac qalan ölkə əhalisinin əksəriyyəti yoxsulluq içində yaşadığı bir halda, İranın dini lideri məmləkətin bütün gəlirlərini və onun sərvətini ürəyi istədiyi yerlərə xərcləyir və heç kimə də cavabdeh deyil.

 

Ölkədə hakimiyyətə qarşı baş verən son kütləvi etirazları, əslində yoxsulların hakim ədalətsizliyə qarşı hərəkatı kimi qəbul etmək olar. Bəli, məmləkətdə indiki ağır və acınacaqlı vəziyyətin yaranmasında əsas təqsirkar, Əli Xamneyidir. İranın dini lideri həmin şəxsdir ki, onun tabeliyində olan qurumlar, ölkə iqtisadiyyatının 60 faizini öz əlində saxlayaraq heç kimə cavabdeh olmadan ölkənin milli sərvətinin talanı ilə məşğuldur”.

 

Qeyd edək ki, Əbülfəzl Qədyani, bundan əvvəl Əli Xamneyiyə bir neçə dəfə tənqid dolu açıq məktub yazdığına görə, dini lideri təhqir etməkdə günahlandıraraq 3 il həbsə məhkum edilmişdi.

 

 

Xatırladaq ki, son iki həftədə, İranın 101 çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə ən azı 5-i  zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin zindanda “intihar” etdiyini iddia edirlər.

 

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar