SON XƏBƏRLƏR

Edama məhkum edilən azərbaycanlı alim prezident Həsən Ruhaniyə məktub ünvanlayıb

2021.10.20, 07:36
Edama məhkum edilən azərbaycanlı alim prezident Həsən Ruhaniyə məktub ünvanlayıb

Gunaz.tv

GünAz TV: Casusluq ittihamı ilə edama məhkum edilmiş güney azərbaycanlı alim Prof. Dr. Əhmədrza Calali ölkə prezidenti Həsən Ruhaniyə məktub ünvanlayaraq dosyesinə müstəqil eskpertlərin baxmasını tələb edib.


Son vaxtlar İsveç vətəndaşlığını qəbul edən alim prezidentə ünvanlandığı məktubda 2016-cı il aprelin 25-də düşmən ölkəyə casusluq etmək ittihamı ilə Ettelaat Nazirliyi tərəfindən saxlandığını bildirib.


Hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan Ə.Calali qanunsuz saxlanılması, çıxarılan məhkəmə hökmü, sorğu-sual və istintaq işləri, həmçinin məhkəmə prosesinin qanundan kənar və ədalətsiz şəkildə keçirildiyinə kəskin etiraz edib.


Azərbaycanlı alim özünə qarşı irəli sürülən ittihamı rədd edərək vurğulayıb ki, “Necə ola bilər ki, Ettelaat 10 ildən çox xaricdə yaşayan bir doktora təsnifatlanmış həssas məlumatları əldə etməsinə imkan verib?! Bu heç bir şəkildə inandırıcı ola bilməz.”
Ə.Calali iki iranlı nüvə aliminin qətlində əli olması ilə bağlı irəli sürülən ittihamı təkidlə rədd edib. “Mən nüvə şəhidləri Dr. Əliməhəmmədi və Dr. Şəhriyari və onların terror olması ilə əlaqədar heç bir etiraf etməmişəm. Ona görə ki, bu iddialar təmami ilə əsassız və yalandır.


Bu arada edama məhkum edilmiş azərbaycanlı alimin anası Nəcibə Mürtəzəvi oğlunun son vəziyyəti haqda “Herana” xəbər agentliyinə danışıb.
“Oğlum 100 günlük aclıq aksiyasından sonra mədə ağrısı və həzm pozğunluğuna düçar olub. O 25 kilo çəki itirib, sağlamlıq durumu heç yaxşı deyil. Ümumi zəiflik və halsızlıqdan əziyyət çəkir. O hətta su içmək kimi adi ehtiyaclarını belə təmin etmək gücündə deyil. Bütün bunlara baxmayaraq onun xəstəxanaya aparılmasına icazə verilməyib. Mən 50-dən çox rəsmi orqana müraciət etdim, lakin səsim heç yerə çatmadı, kimsə mənə cavab vermədi”- deyə o qeyd edib.

 

Xanım N.Mürtəzəvi vurğulayıb ki, “mənim oğlum heç bir şəkildə intihar etmək fikrində deyil. Məsullar qəsdən onu xəstəxanaya aparmır! Onlar istəyir ki, oğlumun başına nəsə bir iş gəlsə, desinlər ki, o öz iradəsi ilə intihar edib, biz bu işdə heç bir məsuliyyət daşımırıq.”


Onun sözlərinə görə, Əhmədrza ilə telefon əlaqəsi saxlamaq mümkündür. Zindana nəzarət edən hakimin göstərişi ilə onunla görüşməyə də icazə verilir.


Məlumata görə, sözügedən azərbaycanlı araşdırmaçı alim doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alıb.


Onun edam hökmü 2017-ci il dekabr ayında İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.


İran rejimi Ə.Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır. Lakin müttəhim avqust ayında zindandan Beynəlxalq Əfv Təşkilatına yazdığı məktubda İran kəşfiyyatına casusluq etməkdən imtina etdiyinə görə həbs olunduğunu vurğulayıb.


Tanınmış alim haqda çıxarılan ədalətsiz qərar dünya ictimaiyyəti və insan haqları qurumları tərəfindən kəskin etirazla qarşılanır.


2016-cı il aprelin 25-dən Tehranın Evin zindanında həbs edilən Ə.Calali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


N.S



SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar