SON XƏBƏRLƏR

Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban komandanlarından olan 2 Sepah üzvünü öldürdüyü barədə məlumat yayıb

2021.10.20, 07:36
Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban komandanlarından olan 2 Sepah üzvünü öldürdüyü barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: Əfqanıstan təhlükəsizlik qüvvələrinin dünən (2 yanvar-red.) axşam saatlarında məlumat yayaraq, Fəryab vilayətində keçirdikləri əməliyyat nəticəsində 2-si “Sepah”ın “Qüds briqadası”nın üzvü olmaqla, 27 Taliban terroristinin öldürüldüyü bildirib.

 

Təhlükəsizlik qüvvələrinin yüksək rütbəli rəsmiləri Taliban terror qruplaşmasının komandanlarından olan öldürülən iki iranlının “Sepah”ın “Qüds briqadası”nın əməkdaşları olduqları barədə əllərində sübutların olduğunu deyiblər.

 

Əfqanıstanın “Ofoq” xəbər agentliyinin məsələ ilə bağlı Əfqanıstanın “209-cu korpus”unun sözçüsü Hənif Rzayiyə istinadən yayımladığı xəbərdə bildirilir ki, “Xacə Səbz Puş” rayonunda Əfqanıstan ordusunun keçirdiyi hava əməliyyatı nəticəsində Fəryab vilayətində Taliban terror qruplaşmasının əsas üzvlərindən olan Molla Əhməd və Molla Cundullah adlı 2 iranlı “Sepah” əməkdaşı öldürülüb.

 

Rzayi öz sözlərində deyib ki, bu günə qədər İranın Əfqanıstanda fəaliyyət göstərən terror qruplaşmalarına silah-sursat vermək və onları döyüş ləvazimatları ilə təchiz etməklə ölkənin təhlükəsizliyinin pozulmasında, eləcə də ölkə ərazisində mütəşəkkil terrorçuluqda əli olub. Lakin “Sepah” əməkdaşılarının ölkədə terror qruplaşmalarının tərkibində döyüşməsi halına ilk dəfədir rast gəlinir.

 

Bu əməliyyatdan bir müddət əvvəl Pentaqon bəyanat yayaraq, İranın Əfqanıstanda fəaliyyət göstərən Taliban və İŞİD kimi terror qruplaşmalarına hərbi və maddi yardım göstərdiyini demişdi.

 

Eləcə də, Əfqanıstanın siyasi fəallarından çoxu da İranın bu ölkənin daxili işlərinə qarışmaqla, Əfqanıstanın inkişaf etməsinin qarşısını almağa çalışdığını deyirlər. Əfqanıstan Milli Məclisinin millət vəkili Əbdürrəhim Rəhin İranın ölkəsinin daxili işlərinə qarışmaqla, Əfqanıstanın iqtisadi, siyasi və təhlükəsizlik sahəsində irəliləyişlərə nail olmaq üçün seçdiyi yola zərbə vurmaq istədiyini deyib.

 

Qeyd edək ki, bir vaxtlar İran Taliban terror təşkilatını öz milli təhlükəsizliyi üçün ən böyük təhlükələrdən biri kimi hesab edirdi. Lakin İranın regionda olan geostrateji maraqları səbəbindən rəsmi Tehranla Taliban terror təşkilatı arasında son bir neçə il ərzində sövdələşmənin və münasibətlərdə yaxınlaşmanın olduğu görünür. Hətta ötən həftə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Əfqanıstana etdiyi səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşü zamanı ölkəsinin Taliban terror qruplaşması ilə əlaqələrinin mövcud olduğunu demişdi. Şəmxaninin səfərindən bir neçə gün sonra isə Talibanın bir neçə nəfərlik nümayəndə heyəti Tehrana gələrək, burada ölkənin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar