SON XƏBƏRLƏR

Əhər Azad Universitetinin öyrənciləri türk dilinin tədris olunmasını tələb edir – Məktub

2021.10.20, 07:36
Əhər Azad Universitetinin öyrənciləri türk dilinin tədris olunmasını tələb edir – Məktub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif universitetlərində təhsil alan öyrəncilər türk dilinin tədris olunmasını tələb etməkdə davam edir.

 

Bu dəfə Əhər Azad Universitetinin öyrənciləri universitetin rektoru Nadir Əsədiyə məktub yazaraq türk dili və ədəbiyyatının tədris olunmasını tələb ediblər.

 

Məktub 250 öyrənci tərəfindən imzalanıb. Öyrəncilər həqiqi adları və öyrənci kodları ilə məktuba imza atıblar.

 

Məktubda türk dili və ədəbiyyatının Güney Azərbaycanın bir sıra universitetlərində tədris olunduğuna işarə olunaraq bu fənnin Əhər Azad Universitetində də tədris olunması tələb olunub.

 

Hal-hazırda uzun illər mübarizədən sonra yalnız Təbriz, Təbriz Azad, Marağa, Urmiyə, və Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənni tədris olunur. Son günlərdə Azərbaycan Mədəni Universitetində də bu fənnin tədris olunmasına razılıq verilib. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar