İranın keçmiş prezidenti Mahmud Əhmədinejad noyabrın 26-da hakimiyyətin sərt xətt tərəfdarı olan qanadına bağlı “Keyhan” qəzetinin sabiq baş redaktoru Mehdi Nəsiriyə verdiyi müsahibəsində son 42 ildə ölkədə tətbiq edilən “icbari hicab”ı tənqid edib.
Gunaz.tv
Əhmədinejad deyib ki, İran parlamenti hicabla bağlı qəbul etdiyi qanunda xalqın əksəriyyətinin məsələ ilə bağlı fikrini nəzərə almalıdır: “Hesab edirəm ki, hicab qanunu ölkə əhalisinin əksəriyyətinin istəyinə uyğun olmalıdır. Düşünürəm ki, hətta əgər hansısa bir qanun islam şəriətinin mənbələrindən qaynaqlanırsa, tətbiq edilməzdən əvvəl ölkənin İslami Şura məclisindən keçməli, parlament isə ölkə əhalisinin istəyini təmsil etməlidir, əks təqdirdə belə bir qanun və parlament öz legitimliyini itirmiş olar.
Güman edirəm ki,ölkə parlamenti xalqın iradəsini təmsil etməlidir. Belə ki, əgər ölkə parlamenti hansısa bir qanunu qəbul edirsə və xalqın əksəriyyəti onu qəbul etmirsə, xalqın rəyi nəzərə alınmalıdır. Əgər xalqın əksəriyyəti bir qanunu istəmirsə, siz artıq “mən bunu nəyin bahasına olursa olsun icra etməliyəm”, deyə bilməzsiniz.
Hətta əgər ölkə əhalisinin əksəriyyətinin istəyinin əksinə olaraq siz hansısa bir qanunu qəbul edib zorla onu insanlara qəbul edirə bilsəniz də, bir müddətdən sonra narazı insanlar etiraza qalxıb sizləri vurub dağıdar və aradan götürər”, –deyə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Keyhan” qəzetinin sabiq baş redaktoruna verdiyi müsahibəsində bəyan edib.
Qeyd edək ki, 2017-ci ildən bu yana İranın müxtəlif şəhərlərində onlarla qadın “İcbari hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib, təhdid və təzyiqlərə məruz qalan bir sıra qadın hüquq müdafiəçiləri isə ölkədən qaçaraq digər ölkələrə sığınıblar.
A.M