SON XƏBƏRLƏR

Əhmədinejad, ona qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisinə 48 saat vaxt verdi

2021.10.20, 07:36
Əhmədinejad, ona qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisinə 48 saat vaxt verdi

Gunaz.tv

 GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dekabrın 17-də yaydığı bir video-çarxda, ona və onun komandasına qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə 48 saat vaxt verib.

 

Axund Laricani dekabrın 13-də tələbələrlə görüşündə, Əhmədinejadı və onun prezidentliyi dövründə vəzifə tutmuş yaxın adamlarını “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandıraraq, onları, başçılıq etdiyi quruma qarşı ittihamlar yağdırmaqda və Məhkəmə Sistemini zəiflətməkdə günahlandırmışdı.

 

Əhmədinejad, yaydığı video-çarxda İran Məhkəmə Sisteminin rəisini tutduğu vəzifədən sui-istifadə etməkdə, ölkənin ana yasasına və mövcud qanunlara riəayət etməməkdə günahlandırıb: “Hesab edirik ki, Məhkəmə Sistemi islah olunsa, ölkə də islah olunacaq və bir çox problemlər öz həllini tapacaq. Təəssüflər olsun ki, Məhkəmə Sisteminin rəisi dəfələrlə ölkə konstitusiyasının 36-cı və 37-ci bəndlərinə qarşı çıxaraq mənə və dostlarıma qarşı bəzi ittihamlar irəli sürüb. Halbuki belə bir vəzifəni daşıyan şəxs, hamıdan çox qanuna və ana yasaya tabe olmalı idi.

 

O, tələbələr qarşısında çıxış edərək bizi “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandırıb. Mən, üzümü Sadıq Laricaniyə tutub deyirəm:- Mən sizdən, mənə və dostlarıma ədalətli  bir məhkəmə keçirilməsini gözləmirəm. Lakin əgər hətta sizin başçılıq etdiyiniz hansısa  bir saxta məhkəmədə mənə və dostlarıma qarşı irəli sürdüyünüz bu ittihamlara görə məhkum edilmişiksə, həmin ittihamları sübut edən sənədləri ictimaiyyət qarşısına çıxarmağınız üçün sizə 48 saat vaxt verirəm. Əks təqdirdə, şəxsən sizin son 8 ildə tutduğunuz postda gördüyünüz işləriniz və əməlləriniz barədə nəzərimi ictimaiyyətə bildirəcək, hər şeyi xalqa açıqlayacağam”.

 

İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani

 

Qeyd edək ki, son aylar keçmiş prezident Mahmud Əhmədinejad və ona yaxın adamlar İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini və onun qardaşlarını tutduqları vəzifədən sui-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə və oğurluqda günahlandırırlar. Eyni ittihamları axund Laricani və qardaşları da Əhmədinejada və onun komandasına qarşı irəli sürür, bir-birlərini ifşa edirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar