SON XƏBƏRLƏR

Əhmədinejad tərəfdarı olan 300 “Hizbullah”çı Xamneyiyə məktub yazıb: “Millət narazıdır, ölkədə köklü islahatlar aparılmalıdır”

2021.10.20, 07:36
Əhmədinejad tərəfdarı olan 300 “Hizbullah”çı Xamneyiyə məktub yazıb: “Millət narazıdır, ölkədə köklü islahatlar aparılmalıdır”

Gunaz.tv

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın tərəfdarı olan 300 “Hizbullah”çı fəal, aprelin 5-də dini lider axund Əli Xamneyiyə birgə açıq məktub yazaraq, ölkənin indiki acınacaqlı durumundan və İranın siyasi, ictimai və iqtisadi baxımdan çökmə ərəfəsində olmasından nigaran olduqlarını bildiriblər.

 

Özlərini dini hövzələrin, ali təhsil ocaqlarının, “Bəsic” təşkilatının və digər qurumların  “Hizbullah”çı fəalları adlandıran həmin şəxslərin axund Xamneyiyə ünvanlanan birgə məktubunda bildirilir ki, xalqla hakimiyyət arasında artıq dərin bir uçurum yaranıb: “İslam inqilabı ideyalarının gerçəkləşməsi ilə bağlı cəmiyyətdə ciddi şübhələrin artması və insanlar arasında gələcəyə ümidsizliyin sürətlə yayılması artıq son həddə çatıb. Vəziyyət o yerə gəlib çatıb ki, islam respublikası gələcək nəsil üçün uğursuz bir təcrübəyə çevrilə bilər. Bu gün ölkəyə hakim sistem, daha çox, içində çatlar əmələ gəlmiş bir struktura və cansız bir bədənə oxşamağa başlayıb. Elə buna görə də, hesab edirik ki, bu böhrandan çıxmaq üçün, ana yasaya uyğun ölkənin bütün sahələrində inqilabsayağı dərin və köklü islahatlar aparılmalıdır. İslahatlara başlamaq səlahiyyəti isə ölkə konstitusiyasına əsasən yalnız dini liderin üzərinə düşür və ondan başqa hər hansı bir şəxsin belə bir səlahiyyəti, ixtiyarı və imkanı yoxdur”.

Məktubda həmçinin hökumətin, ölkə prezidentinin, parlamentin, İran Məhkəmə Sisteminin, Konstitusiyaya Nəzarət Şurasının, dövlət radio-televiziyasının, ölkənin xarici siyasətinin, imam cümələrin, Üləma Məclisinin və ölkənin təhlükəsizlik qurumlarının indiki fəaliyyəti sual altına alınaraq onlarda islahatlar aparılması istənilib. Həmçinin qeyd olunub ki, bu gün İran Məhkəmə Sistemi ədalətin yanında olmaq əvəzinə, açıq-aşkar zülmə rəvac verən bir quruma, Konstitusiyaya Nəzarət Şurası isə, xalqın istədiyi müstəqil və layiqli insanların seçilməsinə və onların parlamentə yol tapmasının qarşısını alan və inkişafı əngəlləyən əsas maneələrdən birinə çevrilib.   

 

Xalqın ölkənin indiki durumundan kəskin narazı olduğu bildirilən məktubda, ölkənin ədalət, azadlıq, demokratiya və müstəqilliklə bağlı çox kritik və acınacaqlı bir vəziyyətdə olduğu, məmləkətin siyasi, ictimai və iqtisadi baxımdan dərin böhran içində yaşaması qeyd olunur və Əhmədinejada və ona yaxın şəxslərə qarşı təzyiq və təqiblərə son qoyulması tələb edilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar