SON XƏBƏRLƏR

Əhvazda sel baş verib- Evlər kanalizasiya suları ilə dolub- FOTO

2021.10.20, 07:36
Əhvazda sel baş verib- Evlər kanalizasiya suları ilə dolub- FOTO

Gunaz.tv

GünAz TV: Ərəblərin vətəni olan Xuzistan əyalətində yağan güclü yağışlardan sonra müxtəlif şəhərlərin küçələri gölə dönüb, əhalinin evlərinə kanalizasiya (fazilab-red.) suları dolub.

 

Xüsusilə, ötən gün yağan yağışlardan sonra əyalətin Əhvaz, Xürrəmşəhr və Abadan şəhərlərində küçə və prospektlər, eləcə də keçidləri su basması nəticəsində həyat demək olar ki, iflic olub. Maşınların yollarda suda batması nəticəsində şəhərlərin ərazilərində hərəkət dayanıb. Şəhərlərin kasıblar yaşayan bölgələrində isə kanalizasiya suyu ilə qarışmış çirkab sular evlərə daxil olub. Nəticədə, onsuzda kasıb olan əhalinin məişət avadanlıqlarının bir çoxu sıradan çıxıb.

 

 

Bir neçə ay öncə eyni problemlə üzləşən Kut Abdullah bölgəsində bu dəfə də vəziyyət daha acınacaqlıdır. Yayılan məlumatlarda bölgənin bütün evlərinə çirkab suların daxil olduğu qeyd edilir.

 

Yerli media orqanlarında yayılan məlumatlara görə, yağan yağışlar nəticəsində meydana gələn sel o qədər güclü olub ki, Abadan Beynəlxalq Hava Limanının bir çox hissəsi, eləcə də sərnişin terminalı su altında qalıb.

 

 

Xuzistan Hidrometeoroloji Proqnozlar İdarəsinin yaydığı məlumatda isə ötən 24 saat ərzində 112.5 millimetr olmaqla, ən çox yağıntı miqdarı Abadanda qeydə alındığı deyilir.

 

 

Məsələ ilə əlaqəli Xuzistanın icra hakimi Qulamrza Şəriəti bildirib ki, Əhvaz və Karun şəhərlərinin bir çox bölgəsi su altında qalıb, evlər kanalizasiya suları ilə dolub, əhali çətin vəziyyətdə qalıb. O, bu cür vəziyyətin yaranmasının səbəbinin Əhvazda yağış sularının axıdılması üçün heç bir şəbəkənin olmaması, eləcə də şəhərin kanalizasiya sisteminin öz istismar müddətini başa vurması olduğunu etiraf edib.

 

“Biz Əhvazda kanalizasiya sistemini yeniləməliyik. Sistem təkmilləşsə, yağış yağan zaman küçə və prospektlərdə yığılan sular sürətlə kanalizasiyalara axacaq və bu cür səhnə yaranmayacaq. Biz yağış sularının axıdılması üçün şəhər ərazisində şəbəkənin qurulmasını planlaşdırsaq da, bu, böyük xərc tələb edən işdir və maliyyə imkanlarımız buna imkan vermir”, - deyə Xuzistanın icra hakimi əlavə edib.

 

 

Digər tərəfdən, Qızıl Aypara Cəmiyyətinin Xuzistan əyalətində fəaliyyət göstərən İdarəsi sel suları nəticəsində Əhvazda 2 mərtəbəli binanın uçduğu barədə məlumat yayıb.

 

Güclü yağışların davam etməsi və yaranan problemlərə görə, Xuzistanın 13 rayonunda məktəblərdə tətil elan edilib.

 

Xatırladaq ki, ötən gün yağan güclü yağışlar nəticəsində Əhvazda elektrik verilişində problemlərin yarandığı, nəticədə Xomeyni xəstəxanasında müalicə alan 4 qadının öldüyü barədə də məlumat yayılmışdı.

 

Qeyd etmək lazımdır ki, Əhvaz ərəbləri İranda yaşayan böyük etniklərdən biridirlər. İranın ən böyük neft və qaz yataqları ərəblərin vətəni olan Əl-Əhvazda (Xuzistan-red.) yerləşir. Lakin İran rejiminin ayrı-seçkiliyi və irqçiliyi səbəbindən bölgə baxımsız vəziyyətdədir və əyalətdə kasıblıq yüksək həddədir. Yağış nəticəsində elektrik verilişinin kəsilməsi də bölgənin baxımsızlıq səbəbindən elektrik naqillərinin bərbad vəziyyətdə olmasına görədir.

 

Ayrı-seçkilikdən savayı, İranda ərəblər də türklər kimi, tez-tez irqçi təhqirlərə məruz qalırlar.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar