SON XƏBƏRLƏR

“Elçibəy aydınların gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

2021.10.20, 07:36
“Elçibəy aydınların gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

Gunaz.tv
“Elçibəy aydınların gözü ilə” mövzusunda dəyirmi masa keçirilib Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Birliyi (BAB) Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibətilə “Elçibəy aydınların gözü ilə” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiya rəhbərləri, millət vəkilləri, şair və yazıçılar iştirak edib. BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli Elçibəyin həyat və fəaliyyəti, xalq hərəkatındakı rolu barədə danışıb. Şair Ramiz Rövşən bildirib ki, Elçibəy sağ olarkən xalq hərəkatının bütün nümayəndələrini bir yerə topladığı kimi, indi də həmin insanlar onun adı ətrafına toplaşır. O, tədbirdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimliyə müraciətə edərək onları bir-birlərinə qarşı apardıqları təbliğatı dayandırmağa çağırıb. Müsavat başqanı İsa Qəmbər isə bu mövzuda diskussiya aparmaq fikrində olmadığını deyib. O, Elçibəyin Azərbaycanda demokratik yolla prezident seçilən ilk şəxs olduğuna diqqət çəkib: “Elçibəy Azərbaycanın müstəqilliyini elə yüksək səviyyədə gerçəkləşdirib ki, onun müəyyənləşdirdiyi meyarlardan uzaqlaşmaq mümkün deyil. Elçibəy hakimiyyətinin süqutu həmin hakimiyyətin səhvləri yox, uğurları ilə bağlı idi”. AXCP sədri Əli Kərimli isə Elçibəylə bağlı bu gün də müəyyən dairələrdə təftiş aparıldığını, lakin bunun mənasız iş olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın müstəqillik hərəkatına Elçibəy rəhbərlik edib və bu tarixi dəyişmək mümkün deyil. AMİP lideri Etibar Məmmədov Elçibəyin xalq hərəkatının ideoloqu olduğunu və eyni zamanda irəli sürdüyü ideyaların icraçısı rolunda çıxış etdiyini söyləyib. O bildirib ki, Elçibəyin komandası hərəkatın birinci mərhələsində öz işini uğurla başa çatdırdı, lakin ikinci mərhələdə – hakimiyyət mərhələsində bunu yerinə yetirə bilmədi. Tədbirdə millət vəkili Pənah Hüseyn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, şair Vaqif Bayatlı və digər şəxslər də çıxış ediblər. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar