SON XƏBƏRLƏR

Elçibəy həyatı

2021.10.20, 07:36
Elçibəy həyatı

Gunaz.tv
Elçibəy həyatı elchibey.jpg "Mən Azərbaycan türklərinə bütün zəmanələrin ən böyük dahisi Məhəmməd peyğəmbəri, ikincisi Fərabi, üçüncüsü və dördüncüsü Məhəmməd Əmin Rəsulzadə ilə Mustafa Kamal Atatürkü öyrənməyi məsləhət bilirəm" "Xalq Cəbhəsi" qəzetinin bu sayında Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, Azərbaycan Xalq Cəbhəsinin və Bütöv Azərbaycan Birliyinin qurucusu və sədri, böyük demokrat və mütəfəkkir Əbülfəz Elçibəy haqqında məqaləni ixtisarla diqqətinizə çatdırırıq. Elçibəy İrsini Araşdırma Mərkəzinin direktoru Mircəlal Yusifli Elçibəyin heç bir bəzək düzəyə, süni şişirtmələrə ehtiyacı olmayan çox qədim və şərəfli nəsli var. Bu nəslin tarixi hicri 1172-ci (1758/59) ildə 10 mötəbər şəxsin, o sıradan babasının ulu babası Mir Məhəmməd ağanın iştirakıyla tərtib edilib. Beş möhürlə təsdiqlənərək Mir Məhəmməd ağaya təqdim olumuş ərəb və fars dilində yazılmış soyağacında-şəcərədə göstərilib. Seyəidlərdən ibarət olan bu nəslin ata tərəfə Azərbaycanın Güneyindəndir. İlk ulu babaları soyca Şah İsmayıl Xətafinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305-1392) oğlu Şeyx Xoca Əlinin (1433-cü ildə vəfat edib) nəslindəndir. İpək parça üzərində yazılan həmin soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır. Onların arasında adı çəkilən Seyid Şəmsəddin və onun oğlu Seyid Şərəfəddin Səfəvilər dövründə "Dinin günəşi və şərəfi" rəsmi dövlət tituluna layib görülüblər. Dövlət başçısının verdiyi titullara uyğun pul təminatı və imtiyazlar müəyyənləşdirilib. Sözü gedən şəcərəyə əsasən bu nəsildən olan Seyid Şəmsəddindən Əbülfəz Elçibəyə qədər keçən 24 nəslin tarixi bərpa olunub. Əvvəllər Təbrizlə Zunuz arasında yerləşən Kürkəməndə yaşayan bu soyun davamçısı Seyid Mir Əli Xocanın övladları Zunuza köçüblər. Mir Yusif ağanın nəsli isə Qarabağa gəlib, Şuşanın yaxınlığında məskən salıb. Bir müddət sonra Zəngəzura köçüb, Qafan bölgəsinin Pirdavdan kəndində yaşayıblar. 1918-ci ildə erməni-trük qırğınları başlayanda Pirdavdanı ermənilər dağıdıb. Həmin vaxt qohumların bir hissəsi Zəngilan-Qubadlı bölgələrinə, Əbülfəz bəyin atası və onun əmiləri Ordubada köçməyə məcbur olublar. Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndinin "Xəlil yurdu" yaylağında anadan olub. Hələ kiçik yaşlarında atasını İkinci Dünya Müharibəsində ittirən Əbülfəz bəy Unus kənd 7 illik məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini başa vurub, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin ərəb filologiyası şöbəsinə daxil olub. Hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparan Elçibəy gizli tələbə dərnəkləri yaradıb, azadlıq ideyalarını yaymağa başlayıb. Öz yaxın çevrəsilə Azərbaycan türkcəsininin tətbiqindəki nöqsanları, Sovet İttifaqı tərkibində Azərbaycanın hüquqi statusu, vətənin iki hissəyə parçalanması, rus şovinizminin qarşısının alınması yolları və s. məsələləri müzakirə, mübahisə mövzusuna çevirərək yeni bir düşüncə sistemi yaratmaq niyyətini ortaya qoyub. Bu haqda söhbət açanda Əbülfəz bəy deyirdi: "II-III kurslarda oxuyarkən tarixi-siyasi məsələlər məni daha çox özünə çəkirdi. Bir neçə tələbə yoldaşımla siyasi-milli yöndə qızğın mübahisələrə başladıq. Bizdə belə fikir yaranmışdı ki, millətimiz qul halındadır, ölkəmiz isə müstəmləkədir. Bu söhbətlər Alim Xasayev, Malik Mahmudov, Rüstəm Eminov, Mehdi Ağalarov, Rafiq İsmayılov, Abbas Musayev, Zakir Məmmədov və mənim aramda olurdu. Sözsüz ki, həvəskar mübarizlər kimi azadlıq uğrunda mübarizə aparmağa söz verdik. Ancaq peşəkar olmağın yollarını da arayırdıq". Sovet DTK-sının qan-qan dediyi bir vaxtda bu işə girişmək açıq-aşkar həyatı ilə oynamağa bərabər idi. Ancaq Əbülfəz bəy həyatını itirməkdən qorxanlardan deyildi və özünə söz vermişdi ki, ömrünün sonunadək yalnız millətinin xoşbəxtliyinə, ana yurdunun azadlığına həsr edəcək. Universitetin şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1962-ci ildə Misirdə işləməyə göndərilməsi onu qısa müddət bu mühitdən ayırsa da, onun siyasi düşüncəsinin formalaşmasında Misir həyatı önəmli rol oynayıb. Elçibəyin şərqşünas və tarixsi olması ona bütün aləminin problemlərini tarixi aspektdən dəyərləndirməyə imkan verib, gələcək siyasi platformasının formalaşmasında çox böyük əhəmiyyəti olub. Misirdən 1964-cü ildə Azərbaycana qayıdan Əbülfəz bəy Azərbaycan Dövlət Universitetinin Asiya və Afrika ölkələri üzrə əyani aspiranturasına (1 yanvar 1965) daxil olur. Görkəmli şərqşünas alim Ziya Bünyadovun rəhbərliyilə "Tulunilər dövləti (868-905-cı illər)" mövzusunda dissertasiya işi yazmağa başlayır. Misir, Suriya, Fələstini öz hakimiyyəti altında birləşdirib müstəqil dövlət quran, türk köklü Tulunilər dövlətinin tarixi haqqında son dərəcə uğurlu bir araşdırma aparan Əbülfəz bəy 26 fevral 1970-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. Azərbaycan Dövlət Universitetinin Asiya və Afrika ölkələri kafedrasında 1968-ci ildən müəllim işləyən Əbülfəz bəy eyni zamanda gizli siyasi fəaliyyətini davam etdirib. Dərs vaxtı tələbələrə sovet rejiminin mahiyyətini ifşa edən söhbətlər edir, Azərbaycanın parçalanması problemi və vətənin birləşdirilməsi haqqında müzakirələrə aparıb. Əbülfəz bəy o dövrdə tələbələrə "Siz böyük millətin övladlarısınız. Hamımız Türkük və Türklüyümüzlə hər zaman qürur duymalıyıq"-deyirdi. Müəllimliyə millətin azadlığına xidmət edəcək gənclər yetişdirmək missiyası kimi baxan Əbülfəz bəyin fəaliyyəti tezliklə fakültə dekanlığının, partiya təşkilatının, kefadra rəhbərliyinin diqqətini cəlb edib. Hələ 1969-cu ildə onun fəaliyyəti dekanlıqda müzakirə olunub, Əbülfəz bəyə xəbərdarlıq olunub. Əbülfəz bəy 1970-ci ildən başlayaraq 3,5,7,9 nəfərlik ayrı-ayrı gizli qruplar yaradaraq təbliğat çalışmalarını daha da gücləndirib. Gizli təbliğat əsasən Şimali Azərbaycanda müstəmləkə siyasəti, Azərbaycanın Güneyindəki fars əsarəti, türk dünyasının geosiyasi vəziyyəi və s. haqqında xüsusi məruzələr hazırlayaraq onların ətrafinda fikir mübadiləsi aparmaq, Azərbaycanın bütövlüyü problemini, türk millətçiliyi ideyasını geniş xalq kütlələri arasında təbliğ etmək idi. Bu qruplar 1974-cü ilədək Azərbaycanda milli şüurun formalaşması üçün ciddi təbliğat fəaliyyət göstərdilər. Məhz bu zamandan başlayaraq Əbülfəz bəyin şəxsiyyəti sovet rejiminin yerli məmurları üçün təhlükəyə hədəfinə çevrilib. Bu dövr həm də Azərbaycanın azadlığı üçün mübarizə aparan bir siyasi liderin özünütəsdiq dövrü kimi də qiymətləndirilə bilər. Sovet rejiminin dağılacağına inamla yanaşan Bəy imperiya dağılan zaman xalqın müstəqilliyə hazır olması üçün indidən güclü təşkilatın mövcudluğunu zəruri sayıb. 1974-cü ilin əvvəlində bir neçə dəfə DTK-ya çağrılan Əbülfəz bəyə xəbərdarlıq edilib, hətta "islah olunmaq" üçün vaxt da verildi və bu da nəticəsiz qalıb, əksinə o təbliğatı və təşkilatlanmanı daha da gücləndirib. Qeyd etmək lazımdır ki, DTK Əbülfəz bəyin əleyhinə müxtəlif adamlardan xeyli izahatlar alıb. Əbülfəz bəyin əleyhinə çıxış edənlər arasında "dosent" ləqəbli şərqşünas Mübariz Əlizadə (Zərdüşt və Araz Əlizadə qardaşlarının atası) isə öz canfəşanlığıyla başqalarından seçilib. Artıq hər cür xəbərdarlığın və hədə qorxunun təsirsiz olduğunu görən DTK 17 yanvar 1975-ci ildə Əbülfəz bəyi həbs edib. Siyasi baxışlarına görə 1975-ci ilin yanvar ayından 1976-cı ilin iyul ayınadək həbsxanada yatan Əbülfəz bəy əslində Azərbaycanda dissident hərəkatının başlanğıcını qoyub. Hər kəsin qorxduğu bir zamanda cəsarət örnəyi göstərən Əbülfəz bəy cəsarətin və qorxmazlığın necə olduğunu tarixə və millət söyləyə bilib. Əbülfəz bəyin siyasi portreti də məhz bu nöqtədən yazılmağa başlanılmalıdır. Diqqətinizə maraqlı bir mükaliməni çatdırım. Müstəntiq onu Leninə olan münasibətinə görə ittiham edib. Əbülfəz bəy isə cavabında deyib: "Mən Leninin deyil, dərisi soyulmuş, qanı sorulmuş bir millətin övladıyam. Sənin üçün vətən SSRİ ola bilər. Mənim üçün vətən ikiyə bölünmüş yaralı Azərbaycandır. Mənim həyatımın məqsədi bu yaranı sağaltmaq, özünü türk bilən bütün insanlarla birlikdə Azərbaycanın hüriyyətinə doğru addımlamaqdır". Azadlığa çıxandan sonra bir müddət işsiz qalan Əbülfəz bəy yalnız 1976-cı ilin dekabrında Respublika Əlyazmalar Fonduna (indiki Əlyazmalar İnstitutu) kiçik elmi işçi kimi qəbul edilsə də sonra böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində çalışıb. Əlyazmalar Fondunun kollektivi arasında səmimi mühit, özünə qarşı duyduğu olduqca yaxşı münasibət onun əhval-ruhiyyə ciddi dönüş yaradıb. İlk gündən hamının "Bəy" adlandırdığı bu alimin şərq tarixi və mədəniyyəti üzrə nadir mütəxəssislərdən olduğu bir daha təsdiqlənib. Orta əsr Azərbaycan alimlərinin ərəb dilində yazılan bir çox əsərlərinin əlyazmalarının aşkarlanmasında Bəyin müstəsna xidmətləri olub, onun 50-dən artıq sanballı elmi əsərləri nəşr edilib. Bunların içərisində Azərbaycan dövlət Universitetinin "Elmi əsərlər" toplusunda, Elmlər Akademiyasının "Xəbərlər" və "Əlyazmalar xəzinəsində" məcmuələrdə və başqa nəşrlərdə çıxan "Əməd İbn Tulun və Tulunilər dövlətinin yaranması", "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair", "IX-X əsrlər ərəb-Misir ədəbiyyatı haqqında", "Tulunilər dövləti və qərməzdilər", "Abbasilər xilafətinin parçalanması və feodal dövlətinin yaranmasına dair", "IX yüzilliyin ikimnci yarısında Misirdə sənətkarlıq və ticarət", "Vəfayət əl-Ayanın əlyazması", "Suhrəverdiyyə sufi təriqəti haqqında", "Əhməd Tantarani Marağayi və onun "Tantaraniyyə" qəsidəsi", "Azərbaycandan başlayan tarix", "Azərbaycan tarixindən səhifələr", "Bəzi sufi cərəyanları haqqında", "İslam və siyasət yox, uydurma təriqət", "Hənəfilik və onun əsas yönləri", "Azərbaycan kitab mədəniyyəti tarixindən", "Fərabi və ibn Sina" (Şərq elminin sütunları silsiləsindən) , "Elmlərin təsnifi tarixindən", "Azərbacan elminin tarixindən" və s. tədqiqatlarını göstərmək olar. Mübaliğəsiz demək olar ki, Şərq dillərində yazılan qaynaqlarla dərindən tanış olan Elçibəy Yaxın və Orta Şərqin tarix, ədəbiyyat, mədəniyyət, məntiq, din və fəlsəfə irsini hərtərəfli, yüksək səviyyədə bilirdi. O, Fərabi, İbn Sina, Biruni, Tusi kimi klassik türk mütəfəkkirlərinin fəlsəfə, məntiq, dövlətçilik və dövləti idarə etmə qanun, qaydaları haqqında əsərlərini dərindən mənimsəməklə yanaşı, orada irəli sürülən şərtlərə əməl etmək iradəsinə malik bir şəxs idi. Bu məsələ ilə bağlı Elçibəyin öz fikri belədir: "Mən Azərbaycan türklərinə dünyanın bir neçə böyük şəxsiyyətlərini öyrənməyi məsləhət bilirəm. Onlardan birincisi bütün zəmanələrin ən böyük dahisi Məhəmməd peyğəmbərdir. Onun həyatını, peyğəmbərlik tarixini, ideyalarını, hədislərini, ümumiyyətlə, dövrünü yaxşı bilmək lazımdır. İkincisi Fərabidir, onun dini, fəlsəfi və dövləti idarə etmə baxşlarıyla tanışlıq elmimiz üçün olduqca faydalı olar. Üçüncüsü və dördüncüsü Məhəmməd Əmin Rəsulzadə ilə Mustafa Kamal Atatürkdür ki, onları bütövlükdə incəliklə mənimsəməyi hər bir Azərbaycan ziyalısına gərəkli, siyasətçilərimiz üçün isə həyati zərurət sayıram. Yeni, çağdaş dünyanın qapılarını necə açmaqda onların irsi ən dəyərli yardımçımız olacaq. Şəxsən mənim dünya baxışım onların nəzəri irsinə dayanıb, indi də fəaliyyətimdə onların göstərişlərini əsas götürürəm". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar