SON XƏBƏRLƏR

Elçibəyin sözünə baxdım, siyasətdən getdim.

2021.10.20, 07:36
Elçibəyin sözünə baxdım, siyasətdən getdim.

Gunaz.tv
"Elçibəyin sözünə baxdım, siyasətdən getdim" Rüstəm Behrudi: "Ondan sonra ünsiyyət quracağım və dərdləşəcəyim adam yoxdu" Bu gün çağdaş dövr Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 yaşı tamam olur. Azərbaycan xalqının XX yüzillikdə yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan Elçibəy haqda vəfatından sonra "ölməz", "həmişəyaşar" ifadələri işlədilir. Doğumunun 70-ci il dönümündə Elçibəyi onun yaxın dostlarından biri olmuş şair Rüstəm Behrudi ilə xatırladıq. - Əslində son illər Azərbaycanın həyatından o qədər sürətlə gəlib keçdi və hadisələr də o qədər bol oldu ki, bu hadisələrdən xatirələrdə az şeylər qaldı. Azərbaycanın torpaqlarının işğalı, Milli Azadlıq Hərəkatı, Azərbaycanın müstəmləkə siyasətindən qurtarmağı... Çox qəribədi ki, bu hadisələrin fonunda tək bir adamın taleyinin əbədiliyə köçməsi maraqlı işdir. Bu, hər adama qismət olmur. Uzun illər bundan əvvəl yazılarımın birində Əbülfəz Elçibəyi Mahatma Qandi ilə müqayisə eləmişdim. Yəni qan-qadadan uzaq, bütün ruhu ilə öz millətinə bağlı olan, üstəlik də insan qanı tökmədən, peyğəmbərcəsinə nəsə eləmək cəhdi. O vaxt yazmışdım, indi də təkrarlamaq istəyirəm. Elçibəy siyasət aləmində yeganə insandı ki, hətta düşmənlərinin belə sevdiyi adamdı. Elçibəyi bir insan olaraq başqalarından fərqləndirən bəlkə də, birinci cəhət odur. Elə bir həyat tərzi yaşadı ki, bu dəqiqə hətta siyasi-ideoloжi düşmənlərinin içində belə ona qarşı sevgi var. - Belə mülahizələr də var ki, Elçibəy vəfat edəndən sonra ümumən Azərbaycan siyasəti maraqsızlaşdı... - Bunu Elçibəy rəhmətə gedəndə demişdim ki, Azərbaycanda siyasət meydanı boşaldı. Əslində bu dəqiqə də elədi. Siyasi opponentlərinə elə gəlirdi ki, Elçibəy siyasətə dərviş donu geyindirib. Bu axmaqlar qanmırdılar ki, Elçibəyin siyasətə geyindirdiyi bu libas ən doğru və namuslu libasdır. Bu adamlar fırıldaqla, ikiüzlülüklə, satqınlıqla siyasəti qarışdırırdılar. Elçibəyin siyasətə geyindirdiyi bu dərviş donu siyasəti o çirkabın içindən çıxardı, doğrudan siyasət elədi. Ona görə çirkabdan çıxardı ki, getdiyi yolda özü çirkaba bulaşmasın. Böyük mənada siyasət budur. Əslində Elçibəy üçün nəticə maraqlı deyildi. Bu insan üçün getdiyi yol maraqlıydı. Bütün həyatını bu yola fəda eləmişdi, Ə.Elçibəyin 70 yaşı tamam olur. Bu illər o qədər sürətlə keçib getdi ki, mən bu 70 yaşın içində bütün zamanın nə cür əriyib getdiyini gördüm, bircə Elçibəydən başqa. Hər şey unuduldu, hər şey yaddan çıxdı. O boyda Qarabağ, Azərbaycan torpaqları işğal olundu. İnsanlar bunu da unutmağa başlayıb. Ancaq Elçibəyi heç kim unutmur. Yəni bu Elçibəyin çox böyük bir şəxsiyyət olduğunun bariz nümunəsidir ki, bir millətin torpağı əlindən çıxır, bu boyda faciələrin fövqündə belə Elçibəy yenə var. Və mən düşünürəm ki, bütün zamanlarda da olacaq. Mən əvvəl fikirləşirdim ki, Dədə Qorqud türk dünyasının sonuncu şamanıdır. İndi isə düşünürəm ki, sonuncu şaman Elçibəydir. Bir də olmayacaq elə bir adam. - Bir zamanlar Dədə Qorqud haqqında demişdiniz bu fikri. Sonradan "yanıldığınızı" anladınız Elçibəy haqqında dediniz. Bəlkə, gələcək yeni Dədə Qorqud və ya Elçibəy yetişdirəcək? - Bilirsiniz, dünya o qədər sürətlə qloballaşır, o qədər sürətlə dəyişir, Elçibəy bu istiqamətə daha çox yaxın olduğundan, necə ki, təzə peyğəmbər olmayacaq, eləcə də təzə şamanlar olmayacaq. Elçibəyə qədər sonuncu şaman yox, şaman nəvələri mövcud idi. Mən özümü şaman nəvəsi bilirəm. Akçura, Göyalp, Əli bəy Hüseynzadə və başqaları şaman nəvələridi. Elçibəysə sonuncu şamandı. Çünki o zaman ölçüsündə istər bir gün, istər bir ay, istər bir il olsun, öz düşüncəsini, öz dünyagörüşünü gerçəkləşdirə bildi. Bu mənada Elçibəy sonuncu şamandı. Hələ 1984-cü ildə Elçibəy haqqında yazdığım və elə o zaman çap etdirdiyim şeirim də "Qəribə adam" adlanırdı. Ondan bir parçanı deyim: Bu qəribə adamdı - Oxşarı yox heç kimə; Əli, saçı, gözləri, Dil açıb danışanda, Dilində çiçək açan Dəli-dəli sözləri - Нə qəribə adamdı. Dərdinə bax, ay Allah, Hansı uzaq dağdasa, Susuzluqdan saralıb Cır armudun yarpağı... Нə qəribə adamdı - Dərdinə bax, ay Allah! Bu adam nə qəribə, Нə qəribə adamdı. Dedim; - Arzun, istəyin?! Bir ah çəkdi dərindən: - Təzə-təzə doğulan Qurd ağızlı körpələr Görək nə vaxt bu yurdu Tanrı kimi görk elər?! Bu adam nə qəribə, Нə qəribə adamdı! - Bu gün hansı hadisələr sizə xatırladır ki, Elçibəy yaşayır? - Mən meydanlardakı adamlara, onların oturduğu kürsüyə baxıram ki, həm onlar orda var, həm də bom-boşdu ora. Onlar ancaq kürsüdə yüksək görünürlər. Ancaq Elçibəy xalq içində olanda xalq bilirdi ki, ondan yuxarıda bir şəxsiyyət var və özü seçib aparıb yuxarıda əyləşdirirdi. Elçibəy bütün zamanlarda yaşayacaq bir adamdı. Bir də Elçibəyi siyasətdən kənarda yaşadan başqa bir şey də var. Mən özümü çox yaxşı oxucu hesab edirəm, şairliyimi hələ qoyuram bir tərəfə. Elçibəy sübut elədi ki, namusla, şərəflə yaşayıb böyük ideyaları həyata keçirə biləcək gücdədi. Heç kimə yalan danışmadı. Elçibəy yeganə adam idi ki, bir adama içində nifrət hissi yox idi. Mən 18-19 yaşımdan tanımışam onu, belə deyək ki, dostluq eləmişəm. Hətta belə fikirləşirəm ki, Elçibəyin məndən böyük dostu olmayıb. Ölümündən əvvəl də son dəfə mənimlə görüşüb təkbətək. Mənə telefon açdı ki, səninlə görüşmək, söhbət eləmək istəyirəm və təbii, dedi ki, heç kim olmasın. Çox qəribədi, orada onun ətrafında yaxın adamları da vardı ki, onları içəri qoymadı. İkimiz 7-8 saat oturduq. Sonra mənim balaca qardaşım da gəldi. O da oturdu və biz söhbət elədik. İçindəkiləri danışdı mənə. Mən siyasətçi deyiləm, o şeyləri açıqlamaq lazım deyil, mənə aydınlaşdırdı ki, axı biz uzun bir yol keçib gəlmişik ikilikdə. Mən onu müəllim adlandırmışdım, təbii ki, onun şagirdi idim. O, camaatın səhv hesab etdiyi şeyləri izah edirdi ki, bunlar səhv deyil. Elədiklərim çox doğru və normal şeylərdi, siyasətdə belə şeylər ola bilər. Mən Elçibəylə bağlı çox maraqlı bir şey deyə bilərəm. Meydan hərəkatı dövrüydü. Mənə dedi ki, axşam səninlə vacib bir işim var. Meydanın ən ağır dövrüydü. Mən tələbələrlə qabaqda gedirdim. Dedi ki, sən bu gündən siyasətdən əl çəkirsən. Dedi, bilirəm, sən bütün ruhunla bu hərəkata bağlısan, ancaq get yaradıcılığınla məşğul ol. Get "Salam, dar ağacı", "Şaman duaları" kitablarını yaz. Tanrıya çox şükür ki, mən Elçibəyin sözünə baxdım, həmin gündən siyasətdən getdim. - Amma deyəsən, hakimiyyətə gələndə bir dəfə Elçibəy sizi təzədən siyasətə qaytarmaq istəyib... - Məni dəvət edib dedi ki, səni nazir qoymaq istəyirik. Mən də ona zarafatla dedim ki, Bəy bilirsən ki, məndən nazir çıxmaz. Şeir yazmaqdan başqa heç nə gəlməz əlimdən. Dedim ki, mən sizin bu təklifinizi alqışlayıram. Ancaq mən yeyib-içən adamam. Prezident Aparatında çox axtardıqdan sonra 120 dollar tapdılar. Mən o pulla bir həftə yedim-içdim. Sonra qəzetdə oxudum ki, Rüstəm Behrudi nazirliyi 100 dollara dəyişdi. Ancaq onlar bilmədilər ki, mən həmin gün həyatımı siyasətin asılılığından qurtardım. Bəyə də xatırlatdım ki, axı, sən özün demişdin ki, siyasətdən birdəfəlik gedim. Dedi ki, yaxşı, elə ki, mən o sözü demişəm, sən də etiraz eləyirsən, get. Onunla demək olar ki, hər həftə görüşürdüm. Elçibəydən sonra mənim ünsiyyət quracağım və dərdləşəcəyim adam yoxdu. Ona görə, Bəydən sonra qəzetlərdə çıxan yazılarım bütün hallarda "Tək adam" imzası ilə gedir. Bir yarımçıqlıq var məndə. Adamın sığındığı, doğma saydığı bir adam olmayanda adam tamam təkləşir. Mən çox xoşbəxt adamam ki, Elçibəylə uzun illər təmənnasız dostluq eləmişik. Bu dostluğun təmənnasız olduğunu o məndən daha yaxşı bilirdi. O hər şeydə, bütün sevgilərində təmənnasız idi. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar