SON XƏBƏRLƏR

Elçibəyin yubileyi yaxınlaşır

2021.10.20, 07:36
Elçibəyin yubileyi yaxınlaşır

Gunaz.tv
Elçibəyin yubileyi yaxınlaşır elchibey.jpg "Əbülfəz Elçibəy demokratik seçkilər yoluyla hakimiyyətə gəlmiş ilk prezident kimi tarixdə qalacaq" "O, Azərbaycan siyasətinə yüksək əxlaq gətirdi" İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi qeyd olunacaq. Elçibəyin keşməkeşli həyat yoluna nəzər salmaq üçün siyasətçilərimiz, ziyalılarımızla söhbətləşdik. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Nurəddin İsmayılov Əbülfəz Elçibəyin bir insan kimi yüksək mənəvi keyfiyyətlərə malik olduğunu söylədi: "Əbülfəz bəy mənim yaddaşımda bir xalq adamı və millətin sevdiyi bir insan kimi qalıb. Tural Rasimoğlu Dəfələrlə şahidi olmuşam ki, Əbülfəz Elçibəyi hakimiyyəti təhvil verməkdə, bacarıqlı siyasi lider, prezident olmamaqda günahlandıranlar belə ona qarşı xüsusi qəzəblə danışmayıblar. Əksinə, həmin adamlar Əbülfəz bəyə xüsusi bir sevgiylə yanaşıblar. Bu da ondan irəli gəlir ki, Əbülfəz Elçibəy xarizmatik lider idi. O, xalqını həddindən artıq çox sevirdi və həyat qayəsi imkan verirdi ki, xalq onu sevsin. Əbülfəz bəy Azərbaycan xalqını simvolizə edən Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, 1937-ci ildə repressiyaya uğramış görkəmli ziyalılarımızın nəslindən olan işıqlı sima biri kimi yaddaşımda qalıb. Eyni zamanda Əbülfəz Elçibəy demokratik seçkilər yoluyla hakimiyyətə gəlmiş ilk prezident kimi tarixdə qalacaq". Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov Əbülfəz Elçibəyin böyük şəxsiyyət, tanınmış ideoloq olduğunu bildirdi. AMİP rəsmisi eks-prezidentin Azərbaycanın istiqlaliyyəti tarixində özünəməxsus dəst-xəttinin olduğunu vurğuladı: "Azərbaycan xalqı tarixdə belə şəxsləri çox az-az yetişdirir. Təbii ki, milli hərəkatda Əbülfəz bəyin xidmətləri danılmaz və əvəzsizdir. O, Azərbaycan cəmiyyətinə böyük ideyalar verən bir siyasi-ideoloji məktəb yaradıb. O, xalqın arasından çıxan, millətin qayğıları və problemlərilə yaşayan nadir şəxslərdən biri olub. Həmişə bu fikirdə olmuşam və ki, belə böyük ürəkli insanlar həmişə dövlət rəhbərliyində uğur qazanmaqda çətinlik çəkirlər. Uzun illər keçsə belə, Əbülfəz Elçibəy xoş xatirələrlə yaddaşlarda qalacaq". Daim Elçibəyin gözəl xarakterə malik insan kimi xatırlanacağını deyən Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev onun ziyalı sözünə dəyər verən genişqəlbli rəhbər kimi də anılacağını bildirdi: "Şəxsən mən o insanlardanam ki, bu qeyri-adi müsbət keyfiyyətlərə malik olan rəhbərlə prezident olanda görüşmüşəm. O vaxt Xocalı harayı filmini çəkərkən bəzi çətinliklərimiz yaranmışdı ki, bu işə prezident qarışmalı oldu. O zaman Elçibəyin bizimlə cəmi beş dəqiqə görüşəcəyini desələr də, prezidentin yanında saat yarımdan çox oturduq. Çox maraqlı bir söhbətimiz alındı. Mərhum prezident bizə "incəsənət xadimləri olaraq bizim işimizdən razısınızmı?" sualını verdi. Bu suala cavab verərkən icazə alaraq səriştəsiz kadrlarla bağlı lətifəni danışdım. Təbii ki, söhbətimizin belə səmimi alınması prezidentin insanlarla yaratdığı gözəl mühitlə bağlı idi". Əbülfəz Elçibəyin vicdanlı, təmiz və yaxşı insan olduğunu deyən Eldəniz Quliyev bir dövlət başçısı kimi bəzən bu cür keyfiyyətlərin ona mane olduğunu vurğuladı: "O dövr üçün belə göründü ki, dövlət başçısı üçün belə keyfiyyətə malik olmaq hələ kifayət deyil. Daim onun səmimiyyətini dəyərləndirirəm. Münasibətlərdə səmimi ünsiyyət qurmağa çalışması onun ən böyük insani keyfiyyətlərindən biri idi". Müsavat Partiyası Divanının üzvü Almaz Əliqızı Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətlə ünsiyyətdə olmağının onun üçün şərəf olduğunu bildirdi: "O, çox sevdiyim və pərəstiş etdiyim, xalqın içərisindən çıxmış böyük siyasətçi və Milli Azadlıq Hərəkatının lideri olub. Əbülfəz bəy böyük vətənpərvər və millətini sevən bir şəxsiyyət kimi yaddaşlarda qalacaq. Əbülfəz bəylə bağlı xatirələrim çoxdur. Ən yadda qalan xatirəm isə ilk dəfə Əbülfəz bəyi gördüyüm vaxtlar olub. Yəni 70-ci illərdə onu Novruz bayramı şənliyində gördüm. Əbülfəz bəy izdihama daxil olarkən onu xüsusi maraqla qarşılayırdıq. O, son dərəcə vətənə bağlı adam və milli adət ən-ənələrimizi sevən şəxs idi. Bir neçə dəqiqənin içərisində müxtəlif bahənələrlə milis bayram şənliyini pozdu. Sovet dövründə onun adi bir gəlişindən, hər hansı tədbirdə iştirakından qorxurdular. İlk dəfə onunla məni ziyalılarımız tanış etdilər. Sonra tale elə gətirdi ki, Milli Azadlıq Hərəkatına qoşuldum və həmişə Əbülfəz bəyin həndəvərində oldum. Mən fəxr edirəm ki, bu cür gözəl bir insanla müəyyən yerlərdə yanaşı addımlamışam. Bütöv Azərbaycan ideyasını daşıyıcısı kimi Əbülfəz bəylə bağlı mətbuatda yubiley yazıları dərc etdirəcəyəm. İndi Əbülfəz Elçibəyə həsr olunmuş "Böyük ömrün anları" adlı bir kitab çap etdirirəm. Ömür vəfa etsə bir kitab da nəşr etdirəcəyəm". Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əbülfəz Elçibəyin prezidentin Qarabağ məsələsinə xüsusi önəm verdiyini, Qarabağla yaşadığını bildirdi. QAT sədri eks-prezidentin gözəl xasiyyətə malik olduğunu söylədi: "Əbülfəz Elçibəyi xatırlanması həmişə xoş təəssüratlarla olur. Belə xatirələrdən biri 1983-cü ilin qışında Moskvada tələbəçilik illərində olub. Hələ hərəkat başlamamışdı. Amma demokratik və milli düşüncəli tələbələrin arasında Əbülfəz bəy tanınırdı. Əbülfəz Elçibəy həmin vaxtda Moskvada Əlyazmalara İnstituna gələrək kurs keçirdi. Həmin vaxt bunu eşidəndə onu tələbə autidoriyamıza dəvət etdik. Əbülfəz bəylə Azərbaycanın gələcəyi və müstəqilliyilə bağlı xeyli söhbətimiz oldu. Həmin görüşdə o bir ifadə işlətdi ki, siz əlini qoynuna qoymuş dekabristlərə oxşayırsız. Amma darıxmayın, sizin vaxtınız gələcək və siz də öz mövqeyinizi və səsinizi Azərbaycanda səsləndirəcəksiniz. Xatırlayıram ki, 1999-cü ildə Qarabağ və BMT qətnamələrinin yerinə yetirilməsi tələbilə bir aylıq aclıq aksiyası keçirdik və son görüşlərimizdən biri də burada oldu. Elçibəy bizə baş çəkməyə gəlmişdi. Bizimlə Qarabağla bağlı maraqlı söhbətlər etdi və vəziyyətə düzgün qiymətləndirdi. Onun həmişə səmimiliyini və Azərbaycan türk millətinə bağlılığını dəyərləndirmişəm. Əbülfəz Elçibəyin müsbət keyfiyyətləri çox idi. Amma onun daha çox təmizliyi, saflığı və millətə bağlılığı mənim diqqətimi çəkib". Ümid Partiyasının icra aparatının rəhbəri Nəsimi Məmmədli Milli Azadlıq Hərəkatının liderinin yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu bildirdi: "Əbülfəz bəyi Milli Azadlıq Hərəkatının lideri və çağdaş Azərbaycanın siyasətində xüsusi dəsti-xətti olan, milli siyasətdə müstəsna xidmət göstərmiş bir şəxsiyyətdir. O, Azərbaycan siyasətinə yüksək əxlaq gətirdi. Siyasi rəqiblərlə münasibətlərdə, o cümlədən daxili və xarici siyasətdə Azərbaycan milli maraqlarının qorunması istiqamətində heç kəsin nə ona qədər nə də ki, ondan sonra təkrar etmədiyi bir siyasətin müəllifidir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar