SON XƏBƏRLƏR

Əli Əzizi mülki vəsiqə qarşılığında Urmiyə zindanından müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Əli Əzizi mülki vəsiqə qarşılığında Urmiyə zindanından müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Urmiyənin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Əli Əzizi iyunun 2-də Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın barəsində bundan əvvəl çıxarılan mülki vəsiqənin məbləği məhkəmə tərəfindən artırıldıqdan sonra, o “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılaraq şəhərin mərkəzi zindanına aparılıb.

 

Fəal təxminən iki həftə qeyri-müəyyən vəziyyətdə saxlandıqdan sonra iyunun 15-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

 

Əli Əzizi ilə eyni dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi isə ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

 

Əta Kərimi və Əli Əzizi 4 il əvvəl (hicri-şəmsi təqvimi ilə 1394-ci ilin xordad ayında) Urmiyədə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, onlar mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşdikləri elan olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Urmiyə İnqilab Məhkəməsinin 6-cı şöbəsi dosyenin qapanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən məhkəmə işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək dosyelərinin uzun müddət qapanmamasına öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar