SON XƏBƏRLƏR

Əli Mütəhhəridən “Silsilə qətllər kimi cinayətlər ETTELAAT tərəfindən dövləti qorumaq bəhanəsilə həyata keçirilib”- FOTO

2021.10.20, 07:36
Əli Mütəhhəridən “Silsilə qətllər kimi cinayətlər ETTELAAT tərəfindən dövləti qorumaq bəhanəsilə həyata keçirilib”- FOTO

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş deputatı Əli Mütəhhəri məsulları nüvə alimlərinə qarşı sui-qəsd, silsilə qətllər, Məşhəddə partlayış və Ermənistan avtobusu adlı cinayət işləri üzrə qaranlıq qalan məsələlərlə bağlı cavab verməyə çağırıb.

 

O, yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə bu cinayətlərin ETTELAAT tərəfindən İslam Cumhuriyyəti rejiminin qorunub saxlanması bəhanəsilə həyata keçirildiyini deyib.

 

Avqustun 19-da hökumətin sözçüsü Əli Rəbii bildirmişdi ki, qeyd edilən cinayət hadisələri və terrorlar onun təmsil etdiyi dövlətin hakimiyyət illərində baş verməyib və buna görə də, bu xüsusda heç bir şey deyə bilməz.

 

Əli Rəbii

 

Xatırladaq ki, bir neçə nüvə aliminin terror nəticəsində həlak olmasından sonra cinayət işi üzrə Maziyar İbrahimi təqsirləndirilən şəxs qismində tutulsa da, iki il sonra azadlığa buraxılmışdı. O, xarici KİV-lərdən birinin hazırladığı sənədli filmdə ETELLAT tərəfindən “etiraf etmək” üçün məruz qaldığı fiziki və psixoloji təzyiqlərdən, eləcə də qurama edam cəzasından danışmışdı.

 

 

İbrahiminin sözlərinə görə, o, təzyiqlər nəticəsində çəkilən saxta “etiraflar” videosunun İran Dövlət Televiziyasında yayınlanmasından 2 il sonra azadlığa buraxılıb. Bu şəxs hazırda Almaniyada yaşayır.

 

Maziyar İbrahimi əlavə edib ki, bu qurama cinayət işində onunla birlikdə 11 nəfər də həbs olunubmuş və sonra həmin şəxslər də azad olunub.

 

Maziyar İbrahimi

 

Əli Mütəhhəri sözügedən cinayət işində təqsirləndirilən şəxslərə qarşı ETTELAAT işçiləri və rəsmilərin tətbiq etdiyi üsulları “qeyri- əxlaqi və islam qaydalarına zidd” adlandırıb.

 

Deputat Mahmud Əhmədinejadın hakimiyyəti dövründə ETTELAAT Naziri olmuş Heydər Müslihini bu cinayət işindəki mövcud olan qaranlıq məqamlara aydınlıq gətirməyə, eləcə də üzr istəməklə, vurduqları ziyanları kompensasiya etməyə çağırıb.

 

Avqustun 16-da digər tehranlı millət vəkili Mahmud Sadiqi Maziyar İbrahiminin dediklərini aydınlaşdırmaq üçün ETTELAAT Nazirindən cavab tələb etdiyini bəyan edib.

 

Qeyd etmək lazımdır ki, ondan öncə- yəni avqustun 6-da ETTELAAT Naziri “nüvə alimləri terroru” adlı cinayət işi üzrə bütün suallara cavab vermək üçün tezliklə mətbuat konfransı keçirəcəyini desə də, bu konfrans hələ də keçirilməyib.

 

Mütəhhərinin qeyd etdiyi digər cinayət işi 20 iyun 1994-cü ildə Məşhəddə, “İmam Rza Hərəmi”ndə həyata keçirilmiş partlayışdır.

 

ETTELAAT-ın törətdiyi Məşhəd partlayışında ölənlər

 

24 nəfərin ölməsi, 290 insanın ağır yaralanmasına səbəb olan hadisədən sonra iranlı rəsmilər bildirmişdilər ki, partlayışı həyata keçirən 1 neçə “Xalq Mücahidləri Təşkilatı” üzvü həbs edilib. Hətta onların “etiraf” videoları da Dövlət Televiziyası tərəfindən yayınlanmışdı.

 

Lakin 1999-cu ildə Xatəmiyə yaxın siyasi çöhrələr silsilə qətlləri ifşa etdikləri zaman Məşhəd partlayışının da ETTELAAT tərəfindən həyata keçirildiyini bildirmişdilər.

 

ETTELAAT hələ də bu barədə heç bir açıqlama verməyib və Mütəhhərinin tələbi ilə də bunu etməyəcəyi aydındır.

 

Mütəhhərinin işarə etdiyi silsilə qətllər isə 1998-ci ilin payızında üstü açılmış, bir çox siyasi fəalın qətlə yetirildiyi kompleks cinayət hadisələrinə verilən addır. ETTELAAT Nazirliyi ictimaiyyətin sərt reaksiyası nəticəsində həmin ilin dekabr ayında bəyanat yayaraq, bu qətllərin Nazirliyin “özbaşına əməkdaşları” tərəfindən planlaşdırıldığı və icra edildiyini etiraf etmişdi.

 

Silsilə Qətllər çərçivəsində o dövr ETTELAAT Naziri Əli Fəllahiyanın müavini olan Səid İmami başda olmaqla, Nazirliyin bir neçə əməkdaşı həbs edilmişdi. Evin həbsxanasında naməlum şəraitdə ölən İmamidən başqa, cinayət işində həbs olunanlar hazırda azadlıqdadırlar. Cinayət işində adı keçən əksər rəsmilərin hamısı hazırda ölkədə mühüm vəzifələrdə işləyirlər.

 

Səid İmami

 

Mütəhhərinin vurğuladığı Ermənistan avtobusu adlı cinayət işi də ETTELAAT tərəfindən həyata keçirilmiş uğursuz əməliyyatdır. Bu əməliyyat çərçivəsində ETTELAAT işçiləri Ermənistana 21 iranlı şair və yazıçını aparan avtobusu qurama qəza ilə dərədən aşağı yuvarlandırmaq istəsələr də, buna nail ola bilməmişdilər.

 

Deputat sonda bildirib ki, “bu əməliyyatları həyata keçirənlər bildirirlər ki, biz dövləti qorumaq üçün bu cür addımlar ata bilərik”.

 

Əli Mütəhhəri bundan öncədə də Ruhullah Xomeyninin birbaşa göstərişi ilə hazırda İranın yüksək dövlət postlarında əyləşənlər tərəfindən icra edilən müxtəlif cinayət hadisələri ətrafında da qaranlıq məsələlərin aydınlaşdırılmasını tələb etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar