SON XƏBƏRLƏR

Əli Xamneyi İbrahim Rəisini İran məhkəmə sisteminin rəhbəri təyin edib

2021.10.20, 07:36
Əli Xamneyi İbrahim Rəisini İran məhkəmə sisteminin rəhbəri təyin edib

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi bu gün İbrahim Rəisinin İran məhkəmə sisteminin rəhbəri təyin edilməsi ilə bağlı fərman imzalayıb.

 

Xamneyi bu təyinatın “məhkəmə sistemində ehtiyac, inkişaf və çətinliklərlə mütənasib reformlara olan ehtiyac”dan qaynaqlandığını bildirib. O, həmçinin qeyd edib ki, “İbrahim Rəisinin məhkəmə sisteminin müxtəlif vəzifələrində uzunmüddətli təcrübəsi olduğundan, o, bu sistemin bütün aspektləri ilə tanışdır”.

 

Xamneyi İbrahim Rəisini “rüşvətxorluğa qarşı olan xalqa və inqilaba bağlı ictimai xadim” adlandıraraq, onu “məhkəmə sistemində mövcud olan korrupsiya hallarını aradan qaldırmağa” çağırıb.

 

Qeyd etmək lazımdır ki, bu vəzifəyə təyin edilməzdən öncə İbrahim Rəisi Məşhəddə yerləşən dini fondlardan birinin (Astane-Qodse-Rəzəvi-red.) rəhbəri idi. O, karyerası ərzində ölkənin baş prokuroru, məhkəmə sisteminin sədrinin 1-ci müavini, İran Baş Təftiş İdarəsinin rəhbəri kimi yüksək postlarda çalışıb. Eləcə də son prezident seçkilərində namizədliyini irəli sürsə də, topladığı səs sayına görə 2-ci yerdə qərarlaşmış və Həsən Ruhaniyə uduzmuşdu.

 

Digər tərəfdən, İbrahim Rəisi İranda 1988-ci ildə minlərlə siyasi məhbusun edam hökmünü çıxaran heyətin üzvü olub. Avropa İttifaqı minlərlə insanın ölüm hökmünü çıxardığına görə ona qarşı sanksiya tətbiq edib. 2016-cı ildə Ruhullah Xomeyninin “dini lider” olduğu dövrdə müavini olmuş Hüseynəli Müntəziriyə məxsus səs yazısı yayılmışdı. Müntəziri bu yazıda İbrahim Rəisinin 1988-ci il edamlarını təşkil edən əsas şəxslərdən oslduğunu bildirirdi. Bu səs yazısının yayılmasından sonra İran Milli Məclisinin spikerinin müavini Əli Mütəhhəri Rəisidən məsələ ilə bağlı izahat tələb etsə də, onun bu tələbi cavabsız qalmışdı.

 

Bir neçə gün öncə İbrahim Rəisinin məhkəmə sisteminin yeni rəhbəri təyin ediləcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirən İran insan haqları təşkilatları və fəalları bəşəriyyətə qarşı cinayət işləmiş fiqurun bu cür yüksək vəzifəyə təyin edilmək əvəzinə mühakimə edilməsinin lazım olduğunu bildiriblər. Onlar bu təyinatın İranda repressiyaların və siyasi məhbusların qətlinin yeni dövrünü başladacağını qeyd ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar