SON XƏBƏRLƏR

Əlvida, Çingiz ağa

2021.10.20, 07:36
Əlvida, Çingiz ağa

Gunaz.tv
Əlvida, Çingiz ağa Çingiz Aytmatov dünyasını dəyişdi. 79 yaşlı yazıçı Almaniyanın Bavariya əyalətində, Nürnberq şəhərindəki klinikada öldü. Həkimlərin dediyinə görə, ölümün səbəbi ağciyərlərin ağır formada soyuqdəyməsi olub və bunun nəticəsində də həmin ağ ciyərlər işləməkdən imtina edib. Qəribə həyatı, yaradıcılığı və ölümü oldu bu möhtəşəm söz ustasının. Həyatı boyu rus dilində yazdı. Rus dilini əla bilirdi, amma rusun dilini ölənədək bilmədi. 8 il əvvəl Moskvada tam bir əsrin nəticəsini vuracaq fundamental "XX əsrin rusiyalı yazıçıları" lüğəti çapdan çıxmışdı. Moskovitlərin şəhərinin tam mərkəzində, Arbat küçəsindəki kitab dükanlarından birində görmüşdüm həmin lüğəti. Aldım. Əmindim ki, orada rus yazıçıları ilə bahəm, rus dilində yazanların da adları olar. Nə Vasil Bıkov, nə Gennadi Aygi, nə də Çingiz Aytmatov yoxdu. Bu insanların rus ədəbiyyatına verdikləri saya salınmamış, velikorus muжikliyi özünü göstərmişdi. Sonra Vasil Bıkov öldü. Daha sonra Gennadi Aygi. İndi də Çingiz Aytmatov. Adının mənası qarakidan və qara qırğız dillərində "Tanrının elçisi" olan Çingiz ağanın o biri dünyaya işləməyən ciyərlərlə yollanması həm də Sovet Sosialist Respublikaları İttifaqı adlı dövlətin ölümü oldu. SSRİ dünən öldü - Aytmatovun nəşi uzaq Bavariyadakı klinikadan çıxarılanda. Çingiz ağanın gözlərini həmişəlik yumması Rusiya ədəbiyyatının imper dönəminin sonu, "sovet beynəlmiləl incəsənəti"nin parlaq, gurultulu, bir az yaltaq, amma sözsüz ki, aralarında dahi işartıların olduğu dəhlizinin qapısının zərbə çırpılması idi. O qapı bağlandı və bu üzündə qalan qırğız yurdu oldu: hanı, rusların "yurta" dediyi alaçıq var ha. Qırğız ədəbiyyatı indi yeni dünya düşüncəsili söz sahibi gələnədək o yurd-yurtada qalacaq, at südü içib at əti yeyəcək və dünya da bilməyəcək ki, qırğızlar atdan düşüb sözə atlananda hansı istəklərə qatlana bilirlər. Gülsarıya əlvida deyən, al yaylıqlı ağ qovağını öyən, dəniz qırağı ilə qaçan Alabaşı görüb içini çəkən, günə bərabər əsrin hesabını tutan adam olmadığından qırğızlar kiçik qabıqlarının içində qovrulmağa məhkumdurlar. Yeni düha gələnədək. Əgər gələrsə. Azərbaycan təki, Qırğızıstan da indi öz şirəsində bişməyə, olmayan sandıq ədəbiyyatını eşələməyə, bir də Çingiz ağanın sözlərini dəfələrlə oxuyub yenidən xatırlamağa məhkumdur. Biz ağıllı, amma ölmüş adamlarımızın yazdıqlarını oxuduğumuz kimi. Çingiz Aytmatovu ruslar kənara itələyəndən sonra ayıldı türk ulusu ki, ey ğafili-dil, bu insan türk oğlu türkdür və nə eybi ki, Seyid Nizami fars dilində yazan təki Toroqulun oğlu da rus dilində sözlərini yan-yana düzüb: bəyəm yazıçının nə dildə yaratmağı çoxmu vacib ki, onun qan, batin və ruhunu özgələşdirəsən... Həmişəki kimi, gec ayılan türk ulusu Çingiz Aytmatovu özününküləşdirdi və buna görə də TYRKSOY-un Türkiyədə keçirilən qurultayında Türkiyə prezidenti Abdulla Gül qırğız Aytmatovu Nobel Ədəbiyyat Mükafatına namizəd etmək istədi. Komitə də yaradıldı. Nə faydası: əsrlər əvvəl Timuçin adlı göygöz, kürən gəncin istəklərini tapdayıb onu küsdürən və sonucda monqolların tərəfinə keçib çöllərdə ayğır izləriylə yeriyən bu köçəri milləti dünya hakiminə döndərən Çingiz xanı görəndə ayılan türk babalarımız kimi, biz də indi açılı gözlərimizin yumulmuş nəzərlərini təmizləmişdik. Aytmatov özünü ikidilli, bilingvistik limandan çıxan adam adlandrır, vətəni qismində Rusiya-Asiya məkanını görürdü. Ömrünün son illərini Avropada yaşayan və orada çalışan yazar qloballaşmanı, dünyanın böyük kəndə dönməsini qaçılmaz proses saysa da, çağdaş xiyalılardan milli mədəniyyətləri, adət və ənənələri, ən başlıcası isə sözü qorumalarını istəyirdi. Yazı mənbəyini kim bilir haralarda axtaran və çox vaxt da tapdıqları, əslində siçovul leşinə oxşayan ilhamın plagiat, köçürməçilik, təkrarçılıq və bənzəməçilik olduğunun fərqinə varmayıb özlərini "yepyeni, lap yeni" yazıçı sayıb sol əllə sağ qulaq qaşıyanlardan fərqli olaraq Çingiz ağa yaradıcılığı ilk addımdaca türk ulusunun fövqəladə güclü mifoloжi mənbəyinə qoşdu və bu mənbə də ona sonsuz enerji verdi. Məhz mifoloji yüksəklik və insani inam onun əsərlərini məşhurlaşdırmışdı. "Cəmilə", "Köhlən qaçışı", "Ağ gəmi", "Al yaylıqlı qovağım mənim", "Əsrə bərabər gün" - bunları oxuyun. Çünki həmin əsərlərdə sehr, möcüzə, bəşəri dəyərlərin magiyası var. O sehrin sirrini isə Çingiz ağa özü ilə qəbrə apardı. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar