SON XƏBƏRLƏR

Elxan Şahinoğlu: “Azərbaycan İranla normal münasibətlər saxlamağa çalışsa da, Tehranın vasitəçiliyini qəbul etməyəcək” (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Elxan Şahinoğlu: “Azərbaycan İranla normal münasibətlər saxlamağa çalışsa da, Tehranın vasitəçiliyini qəbul etməyəcək” (MÜSAHİBƏ)

Gunaz.tv

GünAzTv: “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan  Şahinoğlunun Günaz.tv Mətbuat Mərkəzinə Eksklüziv olaraq verdiyi müsahibəsini təqdim edirik:

 

- Bu günlərdə İran Müdafiə Nazirinin Azərbaycana baş tutan səfərini necə dəyərləndirirsiniz? Bu, səfərin arxasında hansı gizli məqamlar dayanır?

 

- İran ətrafında dairə qapanmaq üzrədir. BMT-nin sanksiyaları ilə bərabər başda ABŞ olmaqla Avropa Birliyi ölkələri də İrana qarşı təktərəfli sanksiyalar qəbul ediblər. Bu durum İran iqtisadiyyatına mənfi təsir etməyə başlayıb, böyük şirkətlər bu ölkə ilə imzaladığı müqavilələrdən imtina edirlər. İran hakimiyyəti bu vəziyyətdən çıxış yolunu heç olmazsa yaxın qonşuları ilə münasibətlərin nizamlanmasında və inkişafında görür. İranın müdafiə nazirinin Bakıya səfərinə də bu aspektdən yanaşıram. Qonşu ölkənin müdafiə naziri Azərbaycanla hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ancaq güman etmirəm ki, rəsmi Bakı İranın müdafiə nazirinin bu istəyinə müsbət cavab versin. Birincisi, Qərb dünyası ilə sıx əməkdaşlıq edən rəsmi Bakı ABŞ və Avropa Birliyinin İranla bağlı yürütdüyü siyasəti nəzərə almaq məcburiyyətindədir. Ikincisi, Tehranın Ermənistan siyasəti də Azərbaycanın İranla sıx münasibətlərini mümkünsüz edir. 

 

- İran Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir. Sizcə, indiki məqamda İranın bu siyasətinə inanmaq olarmı?

 

- İranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olmaq  səmimiyyətinə inanmıram. Bir dəfə 1992-ci ildə İranın vasitəçiliyinə inandıq, Şuşa əldən getdi. Azərbaycan ikinci dəfə bu səhvi təkrarlamaz. Bir də axı, İranın münaqişənin həlli ilə bağlı konkret nə planı var? Planı varsa, masa üzərinə qoysun. İran əvvəlkitək işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında bərabərlik işarəsi qoymağa çalışır.  Belə isə İran münaqişənin ədalətli həllini necə yaxınlaşdıra bilər? İran əvvəlcə Ermənistanla isti münasibətlərinə göz gəzdirsin sonra Bakıya nəsə təklif etsin. Yoxsa sözdə “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyib əməldə Ermənistanın yanında olması ilə İran vasitəçi ola bilməz. İran sadəcə münaqişənin həll mərhələsində Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin varlığından çəkinir. Məlumdur ki, həmin sülhməramlı qüvvələrin tərkibi əsasən NATO ölkələrinin hərbçilərindən təşkil olunmalıdır. İran hakimiyyəti də Qərblə baş-başa gəldiyi ərəfədə sərhədində NATO hərbçilərini görmək istəmir. Elə buna görə də Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində deyil, onun uzanmasında maraqlıdır ki, sülhməramlı qüvvələr bölgədə yerləşdirilməsin.  

 

- Maraqlı olan odur ki, rəsmi Bakı İranın münaqişənin həllində fəallaşmaq istəyini normal qəbul edir. Bunu səfir Cavanşir Axundovda Mehr agentliyinə açıqlamasında bildirib. Ola bilərmi ki, bu açıqlamanın verilməsinin arxasında rəsmi Vaşinqtonu münaqişənin həllində hərəkətə gətirmək üçün verilib?

 

- Düşünürəm ki, səfirimiz Tehranın könlünü almaq üçün belə bir ifadə işlədib. İranda çalışan diplomatdan fərqli açıqlama gözləmək yersiz olardı. İranda çalışan səfir açıq şəkildə “Tehranın vasitəçiliyini qəbul etmirik” deyə bilməz. O, hansısa diplomatik ifadələr işlətmək məcburiyyətindədir. Səfir Azərbaycan XİN-ə tabedir. XİN isə İranın vasitəçiliyi ilə bağlı konkret bir açıqlama verməyib. Əksinə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bakıda iranlı həmkarını qəbul edərkən İrana işarə edərək, “bəzi dövlətlər hələ də işğalçıya dəstək verirlər” sözlərini işlədib. Elə bu ifadə ondan xəbər verir ki, Azərbaycan İranla normal münasibətlər saxlamağa çalışsa da, Tehranın vasitəçiliyini qəbul etməyəcək.

 

Bəs bu gün İranın regional münaqişələrin həllində gücü yetərincədirmi?

 

- Məncə, İran hakimiyyəti regional münaqişələrin həllində iştiraka can atmaqdansa, öz gələcək taleyi haqqında ciddi düşünməlidir. Beynəlxalq aləmə meydan oxuyan, daxildə siyasi və iqtisadi islahatlar aparmayan, Azərbaycan Türklərinin haqlarını tanımaq istəməyən rejim zamanın əleyhinə işlədiyini anlamalıdır. Tehran yaxın qonşulara münaqişələrin həlli ilə bağlı təkliflər irəli sürərək sadəcə baş qatmaq istəyir. Ancaq Tehran hətta strateji ortağı olan Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol almaqla bağlı “hə” cavabı ala bilmir.

 

Gələcəkdə Xəzər dənizində İran-Azərbaycan arasında hərbi təlimlərin keçirilməsi perspektivinə neçə baxırsınız? Qarşıda iki ölkə arasında hərbi əlaqələrin inkişafı mümkündürmü?

 

- Yenə də təkrar edirəm, İran-Azərbaycan hərbi əməkdaşlığının perspektivi yoxdur. Əlbəttə birgə kiçik həcmli hansısa təlimlər keçirilə bilər. Ancaq Tehranda anlamalıdırlar ki, Azərbaycan Qərblə münasibətlərini İranla genişmiqyaslı hərbi əməkdaşlığa qurban verməz. Çünki, biz İranla hərbi əməkdaşlıq etsək, Qərb Azərbaycandan bunu hesabını soruşacaq. Odur ki, Azərbaycan müstəqil xarici siyasət yürütsə də, İrana qarşı yönələn sanksiyaları qulaqardına vurmaz. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar