SON XƏBƏRLƏR

Əmirəli Hacızadə: “Sərnişin təyyarəsinin vurulması ilə bağlı xəbəri eşidən kimi özüm üçün ölüm arzuladım. Hadisə ilə bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm”

2021.10.20, 07:36
Əmirəli Hacızadə: “Sərnişin təyyarəsinin vurulması ilə bağlı xəbəri eşidən kimi özüm üçün ölüm arzuladım. Hadisə ilə bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm”

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə yanvarın 11-də jurnalistlərə açıqlamasında Ukraynanın sərnişin təyyarəsinin vurulmasının məsuliyyətini öz üzərinə götürüb.

 

Hacızadə deyib ki, o, təyyarənin raketlə vurulması ilə bağlı xəbəri eşidəndə, ölkənin Qərb bölgəsində Amerikanın İraqdakı hərbi bazalarına qarşı keçirilən raket hücumları əməliyyatına yaxından nəzarət edirmiş: “Mən sərnişin təyyarəsinin vurulması ilə bağlı xəbəri eşidən kimi özüm üçün ölüm arzuladım. Kaş öləydim və bu hadisənin şahidi olmayaydım. Hadisə ilə bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm.

 

Ölkə bir həftədən çox böhranlı şəraitdəydi. Amerikalılar ölkənin 52 nöqtəsini vuracaqları ilə təhdid etmişdilər. Elə buna görə də, hava hücumundan müdafiə bütün qüvvələr hazır ol vəziyyətinə gətirilmişdi. Tehranın hava hücumundan müdafiə qüvvələrinə də daha bir müdafiə sistemi əlavə edilmişdi.

 

Həmin müdafiə sistemlərinə bildirilmişdi ki, amerikalılar tərəfindən “Kruz” raketləri atılıb və raketlər artıq Tehrana yaxınlaşırlar. Bizim qüvvələr isə sərnişin təyyarəsini “Kruz” raketi ilə səhv salaraq onu raketlə vurublar. Biz, bu hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir, olayda həyatını itirənlərin ailələrinə başsağlığı verir, onların qəminə şərik çıxırıq.

 

Biz, dəfələrlə yuxarılara müraciət edərək, bu böhranlı şəraitdə ölkə səmasında bütün uçuşların dayandırılmasını tələb etmişdik. Lakin təəssüflər olsun ki, bəzi mülahizələrə görə bizim bu təklifimiz qəbul edilmədi” –deyə,  “Sepah” terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə əlavə edib.

 

İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Bu barədə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanatla çıxış edərək, təyyarənin səhvən düşmən hədəfi kimi nəzərə alınaraq vurulduğunu bildirib.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşlarıdır. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya uçmalı idilər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar