SON XƏBƏRLƏR

Ərdəbil Əyalətində nikahların sayı azalır, boşanma halları artır!

2021.10.20, 07:36
Ərdəbil Əyalətində nikahların sayı azalır, boşanma halları artır!

Gunaz.tv

GünAz TV: İran və Güney Azərbaycanda ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır. Son məlumata görə, Ərdəbil Əyalətində nikahların sayı azalır, boşanma halları isə artır. Bu vəziyyət bölgənin ənənələrinə görə tərsinə olmalıdır.

 

Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin cinayətlərin baş vermədən öncə qarşısının alınması işləri üzrə rəis müavini təmsil etdiyi əyalətdə cari ilin (İranda yeni il Novruz bayramından başlayır) birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanma hallarının 5 faizdən çox  artdığını bildirib.

 

Yusif Xudadadi bu barədə Ədliyyə İdarəsinin cinayətlərin baş vermədən öncə qarşısının alınması işləri üzrə şurasının keçirdiyi iclasda çıxış edib.

 

“Ərdəbil Əyalətində nikahların pozulması halları artıb. Statistik məlumata görə, cari ilin birinci 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanma halları 5.1 faiz artıb. Bu müddətdə qeydə alınan nikah sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8 faiz azalıb. Bu məsələ mədəni işlərə diqqət yetirməyi, eləcə də önləyici tədbirlər almağı bizə xatırladır.”- deyə o bildirib.

 

Cari ilin birinci yarısında 1553 boşanma faktının qeydə alındığını bildirən Yusif Xudadadi bu müddətdə Ərdəbil Əyalətində məhkəmə işlərinin 12-13 faiz artdığını da diqqətə çatdırıb.

 

Ədliyyə İdarəsinin rəis müavini boşanma hallarının artmasında ailələrin iqtisadi durumunun rol oynadığını xüsusi vurğulayıb. O ailələrin dağılmaması üçün cütlüklərin məsləhətləşmə mərkəzlərinə müraciət etməsini və bu mərkəzlərin daha çox aktiv olmasını təklif edib.

 

Qeyd edək ki, bəzi mənbələr İranda boşanma hallarının sayının gizlədildiyini bildirir. Ekspertlər isə İran və Güney Azərbaycanda ailələrin dağılmasını ən çox narkomaniya (mötadlıq) və iqtisadi vəziyyətlə əlaqələndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar