SON XƏBƏRLƏR

Ərdəbil prokurorunun katibi Abbas Lisaninin ailəsinə qarşı kobud davranıb

2021.10.20, 07:36
Ərdəbil prokurorunun katibi Abbas Lisaninin ailəsinə qarşı kobud davranıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Babək qalası yürüşü ərəfəsində tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

İyulun 2-də tutulan fəalın vəziyyəti və harada saxlanıldığı barədə bu günə qədər heç bir məlumat yoxdur. Bu vəziyyətdən narahat olan Lisani ailəsi Abbas bəyin vəziyyətindən xəbər tutmaq üçün Ərdəbil Prokurorluğuna müraciət ediblər, onlar prokurorluqda rəsmilərin etikadan və qanundan kənar rəftarları ilə qarşılaşıb.

 

Məlumata görə, Lisani ailəsinin üzvləri prokuror Nasir Ətəbati ilə görüşmək istədiklərini bildirib, prokurorun katibi isə bununla bağlı N.Ətəbatiyə məlumat verib. Lakin o kabinetdən çıxandan sonra təhqiramiz şəkildə bildirib ki, “biz Lisaninin harada olduğunu bilmirik, buradan uzaqlaşın.”

 

Bundan sonra A.Lisaninin oğlu Əli Lisani təkidlə bildirib ki, siz onun saxlanılması haqda qərar veribsiniz. Ona görə də bizə onun vəziyyəti və harada saxlanıldığı barədə  məlumat verməlisiniz. Bu sözdən sonra katib yaxınlığında olan Musa Qasimiyə (A.Lisaninin kürəkəni) hücum çəkərək onu təhqir edib və döyüb. Bundan sonra ətrafdakı polis əməkdaşları Əli Lisani və qardaşı Mehdi Lisaninin əllərinə qandal vuraraq onları prokurorluqdan uzaqlaşdırıblar.

 

Baş verən hadisədə kimsənin saxlanılmadığı bildirilir.

 

Prokurorluqdan heç bir cavab almayan Lisani ailəsi Ettelaat İdarəsinə müraciət etməli olub, lakin prokurorluqda olduğu kimi, Ettelaat İdarəsində də onlara   A.Lisaninin vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

 

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan ən azı 21-ni saxlayıb. Abbas Lisani iyulun 2-də Ettelaat əməkdaşları tərəfindən Ərdəbildə saxlanılıb.

 

Ötən günlərdə ənənəvi Babək qalası yürüşünün iyulun 5-i və 6-da keçiriləcəyi elan olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar