SON XƏBƏRLƏR

Ərdəbildə koronavirus infeksiyası kritik səviyyədə; Əyalətdə infeksiyasının yoxlanılması mümkün deyil

2021.10.20, 07:36
Ərdəbildə koronavirus infeksiyası kritik səviyyədə; Əyalətdə infeksiyasının yoxlanılması mümkün deyil

Gunaz.tv

GünAz TV: Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri bu əyalətdə koronavirus infeksiyasının geniş yayılmasına baxmayaraq, tibbi laboratoriyalarda infeksiyanın yoxlanılması üçün testin olmadığını deyib.

 

“Xəstələrdən alınan nümunələr yoxlanılmaq üçün Tehrana göndərilir,” - deyən Əxəvan Əkbəri bunun zaman itkisinə səbəb olduğunu, azərbaycanlı vətəndaşların səhhətinə ciddi ziyanlar vurduğunu deyib.

 

Onun sözlərinə görə, hazırda 170 nəfər infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanlara yatırılıb, onlardan doqquz nəfəri isə dünyasını dəyişib.

 

Universitet rəisi əlavə edib ki, şənbə gününə kimi gələn test cavablarına əsasən 41 nəfərin koronavirusa yoluxduğu dəqiqləşdirilib.

 

"Böhran idarə olunmasa, vəziyyət daha da pisləşəcək" - deyən Əxəvan Əkbəri vətəndaşlardan evlərində qalmalarını istəyib.

 

O, xüsusilə Gilan əyalətinə səfərlə bağlı xəbərdarlıq edib, ərdəbilliləri mümkün qədər alış-veriş mərkəzlərinə getməməyə çağırıb.

 

Rəsminin sözlərinə görə, Ərdəbil əyalətində koronavirus infeksiyasını yoxlamaq üçün nəzərdə tutulan laboratoriyanın ilkin işləri görülüb və fəaliyyətə başlaması üçün Səhiyyə Nazirliyinin lisenziyası gözlənilir.

 

Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.

 

Ərdəbildən gələn xəbərlərə görə, Əyalətdə bütün ticarət müəssisələrinin fəaliyyətinin dayandırılması haqda müvafiq əmr verilib.

 

Ərdəbilin Sənaye, Mədənlər və Ticarət idarəsinin rəisi Ramin Sadeqinin sözlərinə görə, çörək zavodları, qida məhsulları satan obyektlər, baqqal mağazaları və qəssabxanalar istisna olmaqla əyalətdə bütün ticarət obyektlərinin fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılmışdır.

 

Həmçinin bu gündən etibarən  Xiyav (Meşhinşəhr) -Əhər yolu koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə bağlanıb.

 

Xəbərə görə, yalnız yanacaq və ərzaq daşıyan nəqliyyat vasitələrinin bu yoldan istifadə etmələrinə icazə veriləcək.

 

Xiyav şəhərində koronavirusun yayılması artıq kritik həddə çatıb. Şəhər İcra Hakimiyyətinin başçısı Əkbər Səmədi cümə günü təmsil etdiyi şəhərdə koronavirusa yoluxanların sayının sürətlə artmasından nigaranlığını bildirərək deyib: “50 nəfərdən çox Vəliəsr xəstəxanasına yerləşdirilib. koronavirusa yoluxanlardan 3-ü artıq həyatını itirib.”

 

Ü.F

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar