SON XƏBƏRLƏR

Ərdəbildə təxminən 1000 məktəbdə yenidənqurma işləri aparılmalıdır

2021.10.20, 07:36
Ərdəbildə təxminən 1000 məktəbdə yenidənqurma işləri aparılmalıdır

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində bir çox məktəb binasının bərbad vəziyyətdə olduğu barədə dəfələrlə xəbər yayılıb.

 

Şagirdlərin təhlükəli dərs otaqlarında təhsil alması valdeyinlərin böyük nigaranlığına səbəb olur.

 

Məlumata görə, Ərdəbil Əyalətində təxminən 1000 məktəbdə yenidənqurma işləri aparılmalıdır. “Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Ərdəbil Əyalətinin Məktəbləri Təchizetmə, İnkişaf və Yenidənqurma İdarəsinin rəisi Dövlət Lütfi məlumat verib.

Məktəblərdə yenidənqurma işlərinin aparılmasını əsas prioritet adlandıran D.Lütfi bildirib ki, əyalət məktəblərinin 33 faizi, yəni 4 min 112 dərs otağından ibarət olan 923 məktəbində yenidənqurma işləri aparılmalıdır. Bu problemi aradan qaldırmaq üçün büdcə vəsaitinə ehtiyac var, bu vəsait təmin olunmalıdır.

 

Məktəbləri Təchizetmə, İnkişaf və Yenidənqurma İdarəsinin rəisi əlavə edib ki, təkcə Xalxal şəhərində 192 dərs otağında yenidənqurma işləri aparılmalıdır, bunun üçün 420 milyard rial vəsait tələb olunur. Bu məbləğ təmin olunarsa, yenidənqurma işləri ilə bağlı önəmli addımlar atilacaq.

 

D.Lütfi sözlərinin sonunda əyalət məktəblərində istilik sisteminin köhnəldiyini bildirərək bu istiqamətdə ən çox xeyriyyəçilər tərəfindən görüləcək işlərə ümid etdiyini bildirib.

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar