SON XƏBƏRLƏR

Ərdəbilə maliyyə cinayətləri ilə əlaqədar bu qədər məhbus yaraşmır – İmam cümə

2021.10.20, 07:36
Ərdəbilə maliyyə cinayətləri ilə əlaqədar bu qədər məhbus yaraşmır – İmam cümə

Gunaz.tv

GünAz TV: Ərdəbilin imam cüməsi Həsən Amuli Ərdəbildə maliyyə cinayətləri ilə əlaqədar həbs olunan şəxslərin həddindən artıq olduğunu bildirərək bölgədə yaranan problemlə bağlı xəbərdarlıq edib.

 

O bu barədə Ərdəbil Diyə Mərkəzinin İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) salonunda keçirdiyi tədbirdə danışıb.

 

“Ərdəbildə maliyyə cinayətləri, xüsusi ilə də qəsdən olmayan maliyyə cinayəti faktları olduqca çoxdur, bu Ərdəbil əhalisinə yaraşan hal deyil. Şübhəsiz ki, bu məsələlər əyalətin ağır iqtisadi vəziyyətindən irəli gəlir. Ona görə də məsullar bu sahəyə daha çox diqqət ayırmalıdır”- deyə şəhərin imam cüməsi bildirib.

 

H.Amuli vurğulayıb ki, bir-birimizin əlindən tutmaq həm dinimiz, həm də adət-ənənəmizin gərəyidir. Elə bu səbəbdən də insanların problemlərini həll etmək lazımdır.

“Bizim əyalətimiz iqtisadi sahədə haqq etdiyi yerdə olmalıdır. Bunun üçün dövlət dəstəyinə ehtiyac var. Cəmiyyətdə bəzilərinin bütün imkanları olduğu halda, digərlərinin məhrumiyyət içində yaşaması çox böyük problemdir. Biz toplumda ədalət şüarını reallaşdırmağa çalışmalıyıq”- deyə o sözlərinin davamında əlavə edib.

 

Qeyd edək ki, İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanın şəhər və kəndlərində ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Artıq bir neçə ildir ki, Güney Azərbaycanda fəaliyyət göstərən bir çox sənaye və istehsal müəssisəsi iqtisadi gərginlik ucbatından öz fəaliyyətini məhdudlaşdırıb və ya ümumiyyətlə fəaliyyətini dayandırıb. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir və nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçməli olur. Bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır. Bu vəziyyətin uzun illərdir davam etməsi bir sıra  şəhər və kəndlərdə əhalinin demoqrafik tərkibinə təsir göstərib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar