SON XƏBƏRLƏR

ERGENEKON” DOSYESİNDƏ DAHA BİR QALMAQALLI İDDİA_Ərdoğan Böyükanıta “Türkiyə artıq bizim əlimizdədir” deyib, general isə onu xəyanətkar adlandırıb

2021.10.20, 07:36
ERGENEKON” DOSYESİNDƏ DAHA BİR QALMAQALLI İDDİA_Ərdoğan Böyükanıta “Türkiyə artıq bizim əlimizdədir” deyib, general isə onu xəyanətkar adlandırıb

Gunaz.tv
“ERGENEKON” DOSYESİNDƏ DAHA BİR QALMAQALLI İDDİA Ərdoğan Böyükanıta “Türkiyə artıq bizim əlimizdədir” deyib, general isə onu xəyanətkar adlandırıb 5106.jpg Türkiyə mətbuatı “Ergenekon” dosyesindən hər gün yeni qalmaqalı iddialar ortaya çıxarır. Bu dəfə dosyedən çıxarılan iddia isə baş nazir Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin səlahiyyət müddətini başa vurmaqda olan Baş Qərargah rəisi ordu generalı Yaşar Böyükanıt arasında qapalı görüşdən yazıldığı iddia edilən stenoqramdır. Stenoqram “Ergenekon” əməliyyatında həbs edilən və vaxtilə Mustafa Kamal Atatürkün qurduğu “Kuvayi Milliyə” dərnəyinin başqanı, istefada olan zabit Fikri Karadağın arxivindən tapılıb və işə əlavə olunub. Stenoqramın Ərdoğanla Böyükanıtın quru qoşunlarının komandanı olduğu dövrdə, bir neçə il bundan əvvəl hazırlandığı bildirilir. Belə məlum olur ki, general Böyükanıt Ərdoğanla qapalı görüşdə bir neçə il əvvəl Hakkarinin Şəmdinli qəsəbəsində PKK-çıya aid iş yerinə partlayıcı maddə atılması hadisəsi barədə söhbət gedir. Belə ki, prokurorluq həmin partlayışın Silahlı Qüvvələrə mənsub şəxslər tərəfindən törədildiyini iddia etmişdi. Böyükanıt iddia edilən görüşdə Ərdoğana deyir ki, kəşfiyyat məlumatlarına görə onun hökuməti və hakim partiya Silahlı Qüvvələrə qarşı tələ qurub. “Şəxsən mənə və Silahlı Qüvvələrə qarşı mövqeyiniz qarşısında səssiz qalmağımızı gözləməyin. Əgər bu günə qədər Türkiyə Silahlı Qüvvələri olaraq etirazımızı konstitusion məcrada ifadə etməmişiksə, bunun səbəbi ölkədə xaosun yaranmasını istəməməyimizdir. Çünki ”ordu danışdı, iqtisadiyyat çökdü" dedirtməmək üçün ictimaiyyətə açıq danışmadıq. Ancaq bu o demək deyil ki, biz acizik və axıra qədər səssiz qalacağıq". Böyükanıtın bu sözlərinə Ərdoğan sərt cavab verib. O deyib ki, generallar nə istəsə danışa bilər, ancaq buna görə Türkiyədə iqtisadi böhran yaranmayacaq:"Dünyanın öndə gələn maliyyə qurumları ilə anlaşdıq. Şəmdinli iddianaməsində sizinlə və Silahlı Qüvvələrlə bağlı nə varsa axıradək araşdırılacaq. Türkiyə artıq ordunun nəzarətində olan ölkə deyil, millət iradəsinin hakim olduğu ölkədir. Silahlı Qüvvələrdə kim danışır danışsın, iqtisadiyyat çökməz, Rokfeller kimi dünyanın ən zəngin, ən güclü qruplarıyla birlikdə hərəkət edirik". Böyükanıt isə cavabında deyib ki, bu üslub Türkiyə hökumətinin baş nazirinə aid ola bilməz. “Dünyanın öndə gələn maliyyə qurumları ilə Silahlı Qüvvələrin Konstitusiyada göstərilmiş vəzifələrini yerinə yetirməsini əngəlləmək üçünmü anlaşdınız” deyə o sual edib. Böyükanıt deyib ki, baş nazir və onun hökuməti Türkiyəyə qarşı qurulmuş oyunun içində yer alır:"Şəmdinlidə türk əsgərinə qarşı törədilən linç cəhdinin arxasında partiyanızı iqtidara gətirən xarici güclərin kəşfiyyat xidmətləri dayanır. Əgər bu hadisələr araşdırılsa, Silahlı Qüvvələr təmizə çıxacaq, mən təmizə çıxaram, amma siz bu işin altında qalarsınız. Baş Qərargah rəisi araşdırmaya ehtiyac görmədiyini deyərək məni yox, türk hökumətinin qürurunu qorudu. Ancaq bu hadisələr dərindən araşdırılsa o işlərin arxasından siz, sizin müşaviriniz və sizi dəstəkləyən xarici güclər çıxacaq". Daha sonra Böyükanıt Ərdoğanı Türkiyənin yox, Rokfeller qrupunun baş naziri olmaqda ittiham edib. Ərdoğan isə ona deyib ki, aldığı kəşfiyyat məlumatları yalandır və Şəmdinli hadisəsinin arxasında Silahlı Qüvvələrdəki “savaş lordları” dayanır. Bu zaman Böyükanıt daha da sərtləşərək “savaş lordları”nın AKP-ni iqtidara gətirənlərin içərisində olduğunu deyib. Mübahisə getdikcə sərtləşib və Ərdoğan Böyükanıta deyib ki, Türkiyə artıq onların nəzarətindədir. Baş nazir Silahlı Qüvvələrə də nəzarət etdiyini, kimi istəsə onu da Baş Qərargah rəisi təyin edəcəyini deyib. Böyükanıt isə söhbəti kəsərək deyib ki, o, baş nazirin dedikləri ilə bağlı Baş Qərargah rəisini məlumatlandıracaq: “Siz əsl müsəlman, Türkiyə vətəndaşı deyilsiniz. Bu halınız açıq xəyanətdir, xəyanətiniz cəzasız qalmayacaq, bu millət saxta dinçilərdən, saxta atatürkçülərdən, saxta demokratlardan çox çəkdi, ancaq gec-tez hamısını cəzalandırdı”. Ərdoğan isə “heç nəyə gücünüz çatmayacaq, Türkiyə artıq başqa əllərə keçdi və keçməkdədir, hər yerə hakimik, tövsiyə edirəm ki, siz də bizə qatılın” deyib. Böyükanıt isə “sizin kimi xəyanətkarların yanında ola bilmərəm” deyərək qapını çırpıb və otağı tərk edib. Fikri Karadağın arxivindən tapılmış bu stenoqramın nə dərəcədə həqiqət olduğu bilinmir. Bir çoxlarına görə Ərdoğanla Böyükanıt arasında bu tonda söhbətin olması ağlabatan deyil. Hələlik tərəflərdən heç biri iddialarla bağlı münasibətini açıqlamayıb. Lakin bəllidir ki, Böyükanıt Baş Qərargah rəisi kimi dəfələrlə Türkiyədə xaricdən dəstəklənən qüvvələrin Silahlı Qüvvələri gözdən salmaq üçün kampaniya apardıqları haqda sərt bəyanatlar verib. Bu bəyanatlarda ünvan göstərilməsə də, söhbətin hökumətə bağlı media qurumlarından və çevrələrdən getdiyini təxmin etmək çətin deyil. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar