SON XƏBƏRLƏR

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti YUNESKO-ya “farsca yetərlilik” irqçi testi ilə bağlı məktub yazıb

2021.10.20, 07:36
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti YUNESKO-ya “farsca yetərlilik” irqçi testi ilə bağlı məktub yazıb

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti YUNESKO-nun baş direktoruna məktub ünvanlayaraq İranda Təhsil Şöbəsinin həyata keçirdiyi “farsca yetərlilik” testinə etiraz bildirib.

 

Ərk Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi YUNESKO-nun baş direktoruna müraciətində bildirib ki, İrandan götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini, “farsca yetərlilik” testinin tətbiqinin dayandırılması və qeyri-fars dillərinin məktəblərdə tədrisinə başlanılmasını tələb etsinlər.

 

“İran YUNESKO-nun sənədlərini, o cümlədən davamlı inkişaf hədəfləri, uşaq hüquqları konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, ayrı-seçkiliklərə qarşı beynəlxalq konvensiya, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt və s. kimi beynəlxalq sənədləri imzalayıb, buna baxmayaraq heç birinə əməl etmir. Hökumət hətta ana dilinin tədrisi ilə bağlı əksinə əməl edir.

İranda müxtəlif millətlər yaşayır, lakin ölkənin rəsmi dili əhalinin 30 faizinin ana dili sayılan fars dilidir, digər dillərin tədrisi isə qadağandır. Bu hətta ölkə konstitusiyasının 15-ci maddəsinə də ziddir. Bu maddəyə əsasən məktəblərdə fars dili ilə yanaşı yerli dillər də tədris oluna bilər.

İranda təhsil sahəsində bütün imkanlardan qeyri-fars millətlərini asimilasyona uğratmaq üçün istifadə olunur. Təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edildiyini açıqlayıb.

Plana əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində soruşulan suallara cavab verməlidir, əks halda sağlamlıq durumu təsdiq olunmur və məktəb tərəfindən qeydiyyata alınmır.

Bu test başqa ölkələrə mühacirət edənlərin üzərində tətbiq olunan testlərə oxşayır. Təhsil Nazirliyi ana dilinin tədris olunması ilə bağlı öhdəliyinə əməl etmək yerinə iranlı uşaqların 70 faizini mühacir kimi nəzərdə tutur və “farsca yetərlilik” testini tətbiq edir.

Ərk- İnsan Hüquqları Təşkilatı Azərbaycanda insan haqları və uşaq hüquqlarını müdafiə edən bir təşkilat kimi sizdən istəyir ki, İran rəhbərliyindən beynəlxalq öhdəliklərini yerinə yetirməyi, “farsca yetərlilik testinin tətbiqini dayandırılmağı və onun yerinə məktəblərdə ana dilinin tədris olunmasını tələb edəsiniz.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Xatırladaq ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Plana əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirməyə başlayıb. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar