SON XƏBƏRLƏR

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvləri ilə BMT-nin xüsusi nümayəndəsi arasında görüş keçirilib

2021.10.20, 07:36
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvləri  ilə BMT-nin xüsusi nümayəndəsi arasında görüş keçirilib

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvləri,  BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanla Güney Azərbaycanda son vəziyyət haqda danışıblar.

 

Şənbə günü yayılan xəbərə görə, Cəmiyyət üzvləri noyabrın 5-də Almaniyada keçirilən görüş üçün öncədən vaxt istəyiblər.

 

Azərbaycanlı fəallar bu görüşdə İran rejiminin Güney Azərbaycanda insan hüquqları zəminində yol verdiyi qanun pozuntularından bəhs ediblər. Görüşdə Güney Azərbaycanın mədəni mühiti, tarixi və ədəbi kitablar çap edən nəşriyyatlara edilən təzyiqlər, naşirlər və yazıçıların təhdid edilib və saxlanılması, nəşriyyatların gəlir mənbələrini məhdudlaşdıraraq onların bağlanmasına şərait yaratmaq, hətta icazəli kitabların satılmasına qadağa qoymaq, mədəni fəalların saxlanması və s. kimi məsələlərə işarə olunub.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvləri azərbaycanlı fəalların ölkə konstitusiyasına uyğun fəaliyyət göstərdiyini bildirərək təhlükəsizlik qüvvələrinin fəallara qarşı kobud rəftarları, onların həbs olunması və gizli terror faktlarına məruz qaldıqlarını diqqətə çatdırıblar.

 

BMT nümayəndəsinə bildirilib ki, ana dilində təhsil məsələsi Azərbaycan ictimaiyyətinin əsas tələblərindən biridir. Lakin dövlət konstitusiyanın bu istiqmaətdə olan 15-ci maddəsini icra etməkdən imtina edir. Buna etiraz edən fəallar isə həbs edilir və işgəncələrə məruz qalır. Son vaxtlar ana dilində təhsil tələbi ilə əlaqədar Qəzvin, Mərənd və Təbriz şəhərlərində bir neçə fəal “Sepah” üzvləri tərəfindən saxlanılıb.

 

Cavid Rəhmana həmçinin bildirilib ki, qanun çərçivəsində mədəni sahədə fəaliyyət göstərən azərbaycanlı fəallar “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək” kimi qondarma ittihamlarla üzləşir. Görüşdə iştirak edən fəallar İranda həbsdə olduqları müddətdə qarşılaşdıqları problemləri də BMT-nin nümayəndəsinə çatdırıblar. Onlar həmçinin intihar və sözdə yol qəzalarında öldükləri bildirilən, əslində isə rejim tərəfindən terrora məruz qalan  azərbaycanlı mədəni fəalların siyahısını Cavid Rəhmana təqdim ediblər.

 

BMT nümayəndəsinə təqdim olunan raportda ötən həftələrdə Təbrizdə saxlanılan Nəsim Sadiqi, Həkimə Əhmədi, Araz Əmani və s. kimi fəalların adı qeyd olunub.

 

Şərifə Cəfəri Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin xüsusi nümayəndəsi kimi görüşdə iştirak edib. Görüş zamanı bundan əvvəl İran zindanlarında işgəncələrə məruz qalan iki azərbaycanlı fəal şahid kimi BMT nümayəndəsinə təqdim olunub.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar