SON XƏBƏRLƏR

Ərk Cəmiyyəti 5 güney azərbaycanlı fəalla bağlı BMT-yə hesabat təqdim edib

2021.10.20, 07:36
Ərk Cəmiyyəti 5 güney azərbaycanlı fəalla bağlı BMT-yə hesabat təqdim edib

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan 4 fəal və güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin məhkəmə prosesi barədə BMT-yə hesabat təqdim edib.

 

2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının apellyasiya şikayətinə baxılıb. Ərk Cəmiyyəti hakim Babayinin sədrliyi ilə keçirilən məhkəmə prosesi barədə Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Əfv Təşkilatı və BMT-nin dil və milli məsələlər üzrə xüsusi nümayəndəsinə hesabat təqdim edib.

 

Adlarını çəkdiyimiz 4 fəal 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilib:
1- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.
2- Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.
3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.
4- Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.

 

Ərk Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi hesabatın YUNESKO Təşkilatına da təqdim olunduğunu bildirib.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti güney azərbaycanlı vəkil və milli-mədəni fəal Məhəmməd Güneylinin məhkəmə işi barədə də Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Əfv Təşkilatı və BMT-nin insan hüquqları müdafiəçiləri və vəkillər üzrə xüsusi nümayəndəsinə hesabat təqdim edib.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün 2019-cu il yanvarın 23-də Məlikan şəhərinə gedib, o bir gün sonra “Sepah” əməkdaşları tərəfindən saxlanmışdır.

 

“Sepah”ın kəşfiyyat əməkdaşları fəalı məhkum etmək məqsədi ilə onun “düşmən ölkələrə casusluq etdiyi”ni iddia edib, bununla bağlı məhkəməyə saxta sənədlər təqdim ediblər. Lakin sənədlər gözəçarpan dərəcədə qondarma olduğu üçün “Sepah”ın iddiası ikinci məhkəmə prosesində hakim tərəfindən rədd olunub.

 

Məhəmməd Güneylinin ikinci məhkəmə iclası 2019-cu ilin dekabr ayında keçirilib.

 

Xatırladaq ki, azərbaycanlı vəkilin məhkəmə işində adı çəkilən Zəhra Nəvidpur, həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar