SON XƏBƏRLƏR

ERMƏNİSTAN MÜXALİFƏTİ FASİLƏSİZ MİTİNQLƏRƏ BAŞLADI

2021.10.20, 07:36
ERMƏNİSTAN MÜXALİFƏTİ FASİLƏSİZ MİTİNQLƏRƏ BAŞLADI

Gunaz.tv
ERMƏNİSTAN MÜXALİFƏTİ FASİLƏSİZ MİTİNQLƏRƏ BAŞLADI Bir gün əvvəl İrəvanın mərkəzinə 50 mindən çox adam çıxaran Ter-Petrosyan hakimiyyətə ultimatum verdi 4741.jpg Ermənistan müxalifəti iyulun 4-də axşam İrəvanın mərkəzində keçirdiyi izdihamlı mitinqdən sonra dünəndən etibarən fasiləsiz oturaq aksiyalara başlayıb. Prezidentliyə keçmiş namizəd Levon Ter-Petrosyan bəyan edib ki, hakimiyyətin avqustun 1-dək vaxtı var. Əgər bu ilin martında seçkisonrası hadisələrə görə həbs edilənlər həmin vaxta qədər azadlığa buraxılmasa, o zaman xalq öz sözünü deyəcək. Yerli və xarici mənbələrin məlumatlarına görə, Ermənistan müxalifəti seçkisonrası qarşıdurmalardan sonra ən izdihamlı mitinqini keçirib. “Frans Press”, “Associated press” agentlikləri və Rusiyanın müstəqil KİV-i aksiyada 50 mindən çox adamın iştirak etdiyini xəbər verir. Aksiya İrəvanın mərkəzindəki Əlyazmalar İnstitutunun binası qarşısındakı Matenadaran meydanında keçirilib. Əvvəlcə polis meydanı əhatəyə alaraq müxalifətçiləri ora buraxmaq istəməyib. Müxalifətçilərlə polis arasında qarşıdurma yaranıb və polis dəyənəkləri işə salıb. Lakin aksiyaya qatılanların sayının çox olması və qarşıdurmanın böyüməsi riski hakimiyyəti məcbur edib ki, mitinqə imkan yaratsın. İki saatdan çox davam edən mitinq yürüşlə başa çatıb. Mitinqi açan Erməni Ümummilli Hərəkatının rəhbərlərindən Ararat Zurabyan aksiya iştirakçılarını təmkinli davranmağa və mümkün təxribatlara qarşı polislə əməkdaşlıq etməyə çağırıb. O, xəbərdarlıq edib ki, mitinq və yürüşə rəsmi icazə verilməyib. Mitinqdə çıxış edən Ter-Petrosyan isə deyib ki, prezident Serj Sərkisyan ölkədə diktatura rejimi qurmaq istəyir. O, ümumxalq hərəkatının mübarizə taktikasının dəyişəcəyini də bildirib: “Biz davamlı etiraz aksiyalarının keçirilməsinə qərar vermişik. Bu aksiyaların sonunda - avqustun 1-də Sərkisyanın prezidentliyinin 100 günü ilə bağlı mitinq olacaq. Bundan sonra biz sonrakı addımlarımızı müəyyən edəcəyik”. Ter-Petrosyan deyib ki, onların siyasi tələbi dəyişməz qalır. Ermənistan müxalifəti tələb edir ki, siyasi təqiblər dayandırılsın, martın 1-də nümayişçilərə qarşı silah işlədilməsinə görə məsuliyyət daşıyanlar cəzalandırılsın, həbsdəki bütün müxalifətçilər azad olunsun. Ter-Petrosyana görə, Ermənistan prezidentinin iki yolu var: “Əgər o, əsl dövlət qurmaq istəyirsə, Robert Köçəryanın kölgəsindən azad olmalı, bütün siyasi məhbusları buraxmalı, oliqarxları vergiyə cəlb etməli və real siyasi islahatlar həyata keçirməlidir. Sərkisyan Qarabağ münaqişəsinin həlli üçün imitasiya xarakterli yox, real addımlar atmalı və öz hərəkətləri ilə öz legitimliyini növbədənkənar prezident seçkilərində nümayiş etdirməlidir. Bizim ultimatumlarımız arasında 1 mart hadisələrinin təşkilatçılarının, eləcə də Ermənistanın eks-prezidenti Köçəryanın tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələbi də var. Əgər onun məqsədi dövlət yox, diktatura qurmaqdırsa, o zaman öz müəllimləri Muqabe və Səddam Hüseynin yolu ilə getməlidir”. Ter-Petrosyan əlavə edib ki, onda Sərkisyanın məhz ikinci yolu seçdiyi haqda təsəvvür yaranır. Eks-prezident deyib ki, əgər avqustun 1-dək hakimiyyət müxalifətin bu tələblərini yerinə yetirib sivil siyasi dialoqa başlamasa, o zaman müxalifətin növbəti tələbi ancaq bir cümlədən ibarət olacaq: “Sərkisyanın istefası”. Mitinqdən sonra iştirakçılar İrəvanın mərkəzi küçələri ilə yürüş edib və bu aksiya yarım saat çəkib. Yürüş İrəvanın Şimal prospektində başa çatıb, burada qısa mitinqdən sonra oturaq aksiyaya start verilib. Oturaq aksiyaya onlarla adam qatılıb və qərara alınıb ki, ertəsi gün növbəlilik əsasında aksiya davamlı xarakter alsın. Dünən səhər Şimal prospektində gecələyən müxalifətçiləri yeniləri əvəz edib. Polis aksiyaya mane olmayıb. Ararat Zurabyan deyib ki, polisin oturaq aksiyanın keçirilməsinə hər hansı iradı yoxdur. Lakin aksiyanın keçirildiyi ərazi gücləndirilmiş polis naryadı ilə əhatəyə alınıb, yaxınlıqdakı küçələrdə xüsusi polis texnikası və suvuran maşınlar gözə dəyir. F.MƏMMƏDOV MUSAVAT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar