SON XƏBƏRLƏR

Ermənistan NATO-nun yanında yerini möhkəmləndirməyə çalışır

2021.10.20, 07:36
Ermənistan NATO-nun yanında yerini möhkəmləndirməyə çalışır

Gunaz.tv
Ermənistan NATO-nun yanında yerini möhkəmləndirməyə çalışır AZƏRBAYCAN KOSOVODAKI SÜLHYARATMA MİSSİYASINI TƏRK EDƏNDƏN SONRA YEREVAN ALYANSLA ƏMƏKDAŞLIĞI XÜSUSİLƏ GENİŞLƏNDİRİB Ermənistan NATO ilə tərəfdaşlıq çərçivəsində Kosovodakı sülhməramlı fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Hazırda bununla bağlı alyansla danışıqlar gedir. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, Ermənistan hərbi quruculuq məsələsində NATO ilə əməkdaşlığa da önəm verir və alyansla Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (İPAP) uğurla həyata keçirir. Erməni sülhməramlılarının 2004-cü ildən Kosovodakı NATO sülhyaratma missiyasında (Yunanıstan kontingenti tərkibində) yer aldığını nəzərə çatdıran Ohanyanın bildirdiyinə görə, bu istiqamətdə əsas məqsəd 2015-ci ilədək Ermənistan Silahlı Qüvvələri tərkibində sülhməramlı briqadanın yaradılmasıdır: "Həmin briqada bütünlüklə NATO standartlarına uyğun şəkildə formalaşdırılacaq". Qeyd edək ki, Ermənistan müdafiə naziri ötən həftə (12-13 iyun) Brüsseldə NATO-ya üzv və tərəfdaş ölkələrin Kosovodakı sülhyaratma missiyasının (KFOR) fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edib. Azərbaycan, eləcə də qonşu Gürcüstan Kosovodakı sülhməramlı qüvvələrini geri çağırdığı üçün bu toplantıda təmsil olunmayıb. Məlum olduğu kimi, hər iki ölkə Kosovo məsələsinə özlərinin üzləşdikləri separatizm problemi prizmasından yanaşır və bu bölgənin birtərəfli qaydada elan etdiyi (17 fevral 2008) müstəqilliyi tanımadığını bildirib. Belə olan halda bu ölkələrin sülhməramlıların Kosovoda qalmasının məntiqi yox idi. Azərbaycanın Kosovodakı 34 nəfərlik taqımı (1999-cu ildən Türkiyə kontingentinin tərkibində qulluq edirdi) apreldə NATO missiyasını tərk edərək geri qayıdıb. Maraqlıdır ki, məhz azərbaycanlı sülhməramlıların Kosovodan çıxmasından sonra erməni tərəfi NATO ilə əlaqələrinə zahiri intensivlik verməyə başlayıb. Yerevan dərhal bəyan etdi ki, Kosovodakı NATO missiyasında iştirakını genişləndirməyə, başqa sözlə, Azərbaycan sülhməramlılarından sonra yaranmış "boşluğu" doldurmağa hazırdır. Həmin vaxtadək Ermənistanın Kosovoda 34 nəfərlik taqımı qulluq edirdi və Yerevanın sülhməramlıların sayını iki dəfə artıracağını bildirdi. Ermənistan Brüsseldəki Kosovo toplantısı ərəfəsində (9 iyun) 70 nəfərlik yeni heyəti NATO missiyası tərkibinə ezam edib. "Ermənistan bununla beynəlxalq ictimaiyyətə sübut edir ki, biz təkcə özümüzün təhlükəsizliyimizi təmin etməklə kifayətlənmirik, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə, münaqişə bölgələrində təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazırıq", - deyə Ermənistanın müdafiə naziri bildirib. Ohanyanın sözlərinə görə, Ermənistan NATO-nun Kosovodakı sülhyaratma fəaliyyəti ilə bağlı yeni təkliflərini də nəzərdən keçirməyə hazırdır. Yeri gəlmişkən, NATO müdafiə nazirlərinin Brüssel toplatısında Kosovo təhlükəsizlik qüvvələrinin təşkilinə dair planla bağlı ümumi razılıq əldə olunub. Razılığa əsasən, Kosovo ordusu ləğv olunacaq və onun bazasında 2500 nəfərlik Kosovo təhlükəsizlik qüvvələri yaradılacaq. Xatırladaq ki, Kosovo albanlarının ordusu ("Kosovo Azadlıq Ordusu") 1999-cu ildə Serbiyanın bölgəyə hərbi müdaxiləsinə cavab olaraq NATO-nun dəstəyi yaradılmışdı və ona Kosovonun indiki baş naziri Haşim Taçi başçılıq edirdi. Kosovo ordusunun beynəlxalq nəzarət altında təhlükəsizlik qüvvələrinə transformasiya olunması bölgənin müstəqilliyi ilə bağlı Qərbin planının ("Ahtisaari planı") tərkib hissəsidir. Razılığa əsasən, Kosovo təhlükəsizlik qüvvələri yalnız yüngül silahla təchiz olunacaq və daha çox polis (Daxili Qoşunlar) funksiyasını yerinə yetirəcək. Kosovonun sərhədlərini və ümumi təhlükəsizliyini isə əvvəlkitək 16 minlik NATO qüvvələri qoruyacaq. Onu da qeyd edək ki, iyunun 15-də Kosovonun Konstitusiyası qüvvəyə minib və bölgənin müstəqilliyinin yeni mərhələsi başlanıb. Bu mərhələdə 1999-cu ildən mülki idarəçiliyi həyata keçirən BMT administrasiyası öz səlahiyyətlərini Kosovonun müstəqil dövlət institutlarına və Avropa Birliyinin administrasiyasına təhvil verəcək. Sözsüz ki, Kosovo ətrafında cərəyan edən proseslər, bizdən fərqli olaraq, erməni tərəfin maraqlarına uyğundur və onlar bu vəziyyətdən həm də NATO-nun yanında öz yerlərini möhkəmləndirmək üçün yararlanmağa çalışırlar. Çünki bir anlamda NATO-nun Kosovo planı (bölgənin müstəqilliyinin təmin olunması) ermənilərin Dağlıq Qarabağa dair planları ilə səsləşir. Bu baxımdan Ermənistan alyansın regional tədbirlərinə də həvəslə evsahibliyi etməyə çalışır. Sentyabrda Ermənistanda keçirilməsi planlaşdırılan NATO-nun "Cooperative Longbow/Lancer" ("Müştərək oxatan/nizəatan") komanda-qərargah təlimləri bu qəbildəndir. Lakin Ermənistanın NATO ilə ələqələrdəki zahiri tərəfdaşlıq görüntüsü fonunda Azərbaycan da alyansla əməkdaşılığını kənara qoymayıb. Əksinə, Bakı Kosovo məsələsi istisna olmaqla, NATO ilə bir çox məsələlərdə strateji işbirliyi nümayiş etdirir. 2008-ci ilin martında Azərbaycanın NATO ilə həyata keçirdiyi İPAP-ın ikinci mərhələsi alyans tərəfindən bəyənilib. Hazırda Bakıda növbəti "NATO həftəsi" keçirilir. NATO-nun qurucularından və alyansın ən güclü söz sahiblərindən olan Türkiyə də bu tərəfdaşlıqda Azərbaycana hər cür yardım göstərir. Azərbaycan NATO-nun beynəlxalq sülhməramlı fəaliyyətində də iştirakını davam etdirir. Ölkəmiz Kosovodakı sülhməramlılarını geri çağırandan sonra NATO-nun bayrağı altında gerçəkləşdirilən digər missiyada - Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində hərbçilərinin sayını 45-dən 100-dək artırmaq qərarına gəlib və yaxın vaxtlarda yeni heyət Əfqanıstana yola düşəcək. Onu da qeyd edək ki, Ermənistan NATO-nun təklifinə rəğmən Əfqanıstana sülhməramlı göndərməkdən imtina edib. Çünki Ermənistanın xarici siyasətdə, o cümlədən beynəlxalq hərbi əməkdaşlıq məsələsində daima boylandığı Rusiya da bu təklifdən boyun qaçırmış və öz forpostuna eyni addımı məsləhət görmüşdü. Odur ki, Ermənistan NATO ilə əməkdaşlığını da Moskvanın nəzər-diqqəti altında həyata keçirir. Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Brüssel ziyarətindən sonra iyunun 16-da Moskvaya gedib. Üçgünlük səfər gedişində Ohanyanın rusiyalı həmkarı Anatoli Serdyukovla yanaşı, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nikolay Makarov, Ermənistanın da yer aldığı MDB-daxili Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə görüşəcək, Rusiya hərbi məktəblərində təhsil alan erməni hərbçilərə baş çəkəcək. Vüqar ORXAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar