SON XƏBƏRLƏR

Ermənistan qorxusundan qorxudur_Rəsmi İrəvanın Azərbaycanla Türkiyəyə üz tutmaqdan başqa yolu qalmayıb

2021.10.20, 07:36
Ermənistan qorxusundan qorxudur_Rəsmi İrəvanın Azərbaycanla Türkiyəyə üz tutmaqdan başqa yolu qalmayıb

Gunaz.tv
Ermənistan qorxusundan qorxudur Rəsmi İrəvanın Azərbaycanla Türkiyəyə üz tutmaqdan başqa yolu qalmayıb Rusiya Gürcüstanın bir çox ərazisini işğal edəndən sonra Ermənistanın bu hadisələrdən çıxaracağı nəticələr maraq doğururdu. Öncə susmağa və çox ehtiyatlı fikirlər söyləməyə çalışan ermənilər indi açıq danışırlar. Gözlənildiyi kimi, onlar Gürcüstanda baş verən faciələrdən ruhlanıblar. Rəsmi İrəvan və siyasi dairələr birbaşa Rusiyanın hərəkətlərini müdafiə edirlər. Keçmiş prezident Levon Ter-Petrosyan deyib ki, "Rusiya osetin xalqını soyqırımdan qurtardı". İndiki prezident, Qarabağ faciələrinin müəlliflərindən biri olan Serj Sarkisyan da Rusiyanı müdafiə edərək, münaqişələri yalnız dinc yolla həll etməyin lazım olduğunu bildirib. Erməni siyasi təhlilçilər müharibənin başlaması halında Rusiya ilə Ermənistan arasında dərhal müttəfiqlik haqqında saziş imzalanacağını ifadə edirlər. Rusiyalı generallar isə özlərini qalib kimi apararaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KKMT) üzvünün hər hansı birinə qarşı hərbi hərəkət olduğu halda Müqavilənin 4-cü bəndinə uyğun hərəkət edəcəklərini bəyan edirlər. Bunlar Dağlıq Qarabağ məsələsində Azərbaycana gizli təzyiqlərin əlamətləri sayılır. Müşahidəçilər hesab edirlər ki, təbliğat formasında edilən bu təzyiqlərin arxasında Azərbaycanı öz ərazi bütövlüyü məsələsində qətiyyətli olmaqdan çəkindirmək məqsədi durur. Son zamanlar Azərbaycan məsələnin hərbi yolla həlli variantını istisna etmədiyini dəfələrlə ifadə edirdi. Görünür, ermənilər əməlli-başlı bundan qorxublar və ona görə də Rusiyanın Gürcüstandakı işlərini önə çəkərək özlərini sığortalamağa çalışırlar. Ancaq Ermənistan və Rusiya rəsmiləri əhəmiyyətli bir faktoru unudurlar və ya özlərini bilməmiş kimi aparırlar. Məsələ ondan ibarətdir ki, Qərb getdikcə daha çox ölçüdə hərbi qüvvələrini Qara dənizə yığır. Artıq orada Almaniya, Polşa, İspaniya və ABŞ hərbi gəmiləri vardır. Son olaraq ABŞ hərbi gəmisi Batumiyə gəlib. Paralel olaraq Gürcüstanın quru ərazisində rusların geri çəkilməsi üçün təzyiqlər artır. İndi ruslar Avropa Birliyi komissarının Güney Osetiya ilə bağlı verəcəyi rəyi gözləyirlər. Hər bir halda beynəlxalq ekspertlər işə qarışıbsa, rus işğalının nəticələrini ortaya çıxaracaqlar. Bununla da Rusiyanın beynəlxalq təzyiqlərlə üzləşməsi prosesi başlayacaq. Artıq onun ilk əlaməti olaraq rus gəmisinin Norveç sahillərində saxlanmasını göstərmək olar. Bundan başqa, Rusiyanın maliyyə bazarı sökülür, ölkədən qiymətli əşyalar və kapital axını bir neçə dəfə çoxalıb. Bütün bunlara əlavə olaraq Rusiyanın öz daxilində çaxnaşmaların olması mümkündür. Müxtəlif əyalətlərdə terror olayları ehtimalı az deyil. Rəsmi Moskva özü bu barədə xeyli əvvəl xəbərdarlıq etmişdi. Yəni hər bir halda Rusiyanın Gürcüstan hadisəsindən sonra özünü yenə aqressiv aparması ehtimalı çox deyil. Həm də bu hal Qərbə əsas verir ki, rəsmi Moskvaya postsovet məkanında istənilən münaqişənin həllində etibarını azaltsın. Bu da avtomatik olaraq Ermənistana etibarın azalması deməkdir. Beləliklə, Rusiyanın Gürcüstana hərbi müdaxiləsi təkcə rusların hərbi təşəxxüslərinin artması ilə nəticələnmədi. Eyni zamanda, onun fəaliyyət sahəsinin məhdudlaşması və Qərbin bölgəyə daha çox müdaxilə etməsi ilə sonuclandı. Bir şey tam aydındır ki, Rusiya NATO hərbi qüvvələrinin Gürcüstan ərazisinə gəlməsinə mane ola bilmir. NATO yavaş-yavaş ora hərbi qüvvəsini toplayır. Deməli, bundan sonrakı hadisələrdə Moskva Gürcüstanda olduğu kimi sərbəst hərəkət edə bilməyəcək. Onun qarşısında beynəlxalq hərbi güc dayanacaq. Bu səbəbdəndir ki, Azərbaycanda NATO-ya üzv olmaqla bağlı səslər eşidilməkdədir. Azərbaycan faktiki olaraq seçim qarşısında qalıb - ya işğal risqini göz altına alıb, yaşamaq, ya da sığorta üçün NATO-ya üzv olmaq. Təbii ki, Azərbaycan üçün optimal olanı heç bir hərbi bloka üzv olmamaqdır. Ancaq Rusiyanın sərhədsiz və məntiqsiz davranışları onun hələ də imperiya xülyaları ilə yaşadığını göstərir. Azərbaycan məcburi addım atmalıdır. Bunlar onu göstərir ki, Ermənistan "demokratı" və ya "rusçusu" ilə birlikdə Gürcüstan hadisələrindən sonra daha çox qorxuya düşüblər. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi şansının artdığını yaxşı bilirlər. Ona görə də bir tərəfdən qorxudur, digər tərəfdən isə Türkiyə ilə yaxınlaşmağa çalışır. Ermənilər bizimlə əlaqə yaratmaqdan başqa çıxış yollarının olmadığını aydın görürülər. Bu da bir faktdır və erməninin əsrlərdir yeritdiyi siyasi xəttə tam ziddir. Deməli, onların dizə çökməsinə çox qalmayıb. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar