SON XƏBƏRLƏR

Ermənistana rahatlıq verməyəcəyik

2021.10.20, 07:36
Ermənistana rahatlıq verməyəcəyik

Gunaz.tv
"Ermənistana rahatlıq verməyəcəyik" Araz Əzimov: Bakı İrəvanla "alış-veriş" etməyəcək, hər yerdə Ermənistanın işğalçılığı barədə məlumatlar yayacaq "Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşü yalnız siyasi baxımdan faydalı olub". Bunu Xarici işlər nazirinin müavini Araz Əzimov dünən bəyan edib. Bununla belə, nazir müavini deyib ki, görüş zəruri idi. Belə ki, Bakı Yerevanın mövqeyini öyrənərək, qaranlıq qalan məsələləri araşdıra bilib. "Nəticə çıxarmaq tezdir. Qarşı tərəf düşünməsin ki, vaxt keçirməklə və belə görüşlərlə onlar hazırkı vəziyyəti uzadıb siyasi maraqlarını təmin edəcəklər. Biz onlara rahatlıq verməyəcəyik", - Əzimov vurğulayıb. Dövlət başçısı İlham Əliyevlə Ermənistanın yeni lideri Serj Sərkisyan iyunun 6-da Sankt-Peterburqda görüşüblər. Prezidentlərin ilk dialoqunda XİN rəhbərləri də iştirak ediblər. XİN mətbuat katibi Xəzər İbrahim isə dünən ənənəvi bazarertəsi brifinqində bildirib ki, Peterburq danışıqlarından sonra prezidentlər nazirlərə tapşırıq verib ki, mövqeləri yaxınlaşdırsınlar. Onun sözlərinə görə, görüşdə heç bir yeni təklif səsləndirilməyib: "Ortalıqda Madriddə verilən təkliflər var və bir də yeni şərait mövcuddur. Bu şərait BMT-də Azərbaycanın qəbul etdirdiyi qətnamədən sonra yaranıb". İbrahim onu bildirib ki, bu ayın son həftəsi həmsədrlər regiona gələcəklər. Bundan sonra danışıqlar davam etdiriləcək: "Güman ki, həmin vaxt yeni nəsə demək olar". Gələn ay vasitəçilər Vyanada, ATƏT Daimi Şurasında hesabat verməlidirlər. Xarici siyasət idarəsində əmindirlər ki, danışıqlar aktiv fazaya da ondan sonra qayıda bilər. Bir sıra müşahidəçilərin fikrincə, nizamlamanın "zəif tərəfi" əslində, onun daxili siyasi kampaniyalardan asılı vəziyyətə düşməsidir. Vasitəçilərin də əsas narahatlığı budur ki, prezidentlər qərar vemməzdən əvvəl "daxilə boylanırlar. Məsələn, ötən il Robert Köçəryan Ermənistandakı parlament seçkisindən öncə Qərbə mesajlar göndərirdi ki, mərhələli variantı müəyyən dərəcədə qəbul edə bilər. Baxmayaraq ki, həmin vaxt danışıqlar demək olar ki, dondurulmuşdu. Seçki bitdi, vəd də unuduldu. Ermənistanın indiki prezidenti Serj Sərkisyan da prezident seçkisi ərəfəsində Azərbaycanla sülh imkanlarından danışırdı. Əlbəttə, qarşıda Azərbaycanda prezident seçkiləri mövsümü gəlir və Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun fikrincə, ermənilər bunu görə-görə "vaxt öldürür"lər. Dünən "Ekspress"in suallarına cavabda nazir müavini danışıqların nəticəsizliyini belə şərh edib: "Son dörd ildə biz "Praqa prosesi" çərçivəsində xeyli irəliləmişik, çox yaxşı işləyib, müzakirə qurmuşuq. Amma şanslar hələ bitməyib və buna baxmayaraq, hesab edirik ki, məsələni hansısa konkret tarixlə də bağlamaq düzgün olmazdı. Eyni zamanda, danışıqların tükənməzliyi barədə fikir yürütmək də hələ tez olardı. Çünki qarşımızda bir -iki olsa da, ciddi məsələlər qalıb və onu da həll etmək üçün yol tapa bilsək, onda irəliləyişdən danışa bilərik. Amma bundan öncə deyəsən, bizim üçün ermənilərin nə qədər ciddi olduğunu müəyyənləşdirmək də gərək olacaq. Onlar siyasi baxımdan vaxt ötürməklə məşğuldurlar". Nazir müavini növbəti raundlar barədə danışmayıb. Həmsədrlər Peterburq dialoqunu təhlil etdiyi üçün iki XİN başçısının da nə vaxt görüşəcəyi məlum deyil. Bununla yanaşı, Əzimov "nizamlamanı tərpətmək üçün" alternativ vasitələrə də işarə edib. Ancaq bu müharibə deyil, diplomatik təzyiqin artırılmasıdır. Belə ki, Bakı digər beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılığını sübut etməlidir. "Hər dəfə Qarabağda törədilən qanunsuz əməllər məsələsi meydana çıxanda beynəlxalq təşkilatlarda ortaya çıxan ilk sual bu olur ki, təzyiqlər kimə edilməlidir? Təbii ki, işğalçı tərəf Ermənistandır və biz bunu bütün müstəvilərdə tanıtmalıyıq. Bu isə vaxt tələb edir", - nazir müavini vurğulayıb və vaxtın çox uzandığına işarə edib. Bununla belə, Əzimov bəyan edib ki, Azərbaycan hər yerdə Ermənistanın işğalçılığı barədə məlumatlar yayacaq. Onun sözlərinə görə, Bakı İrəvanla alış-veriş etməyəcək. Belə ki, Ermənistan özü əraziləri boşaltmaqla özlərinin dediyi kimi əsl niyyətini, yəni Dağlıq Qarabağdakı ermənilərin insan haqlarını müdafiə etdiyini göstərə bilər: "Əks halda, sübut olunacaq ki, Ermənistan qəsbkarlıqla məşğuldur". Sülh imkanlarına toxunan nazir müavini vurğulayıb ki, heç bir tərəf istəyini yüz faiz təmin edə bilməz. Нəyisə almaq üçün çeviklik göstərib, kompromisə getmək lazımdır. Əzimov deyir ki, Bakı buna hazırdır: "Amma hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil. Bir-iki məsələ qalıb, amma bu, asan deyil, çox vacib məsələlərdir". Əzimov onu da deyib ki, Ermənistan əraziləri qaytarmaqla Azərbaycanın iqtisadi imkanlarından bəhrələnə bilər. Qeyd edək ki, əvvəllər də tərəflər sülh danışıqlarında bir neçə dəfə (Ki Uest, İstanbul) razılaşmaya yaxınlaşıblar, ancaq son addımı irəli yox, geriyə atıblar. İrəvan Dağlıq Qarabağa iddiasından əl çəkmədiyini, Azərbaycan tərəfi isə ərazi bütövlüyünə sadiqliyini bildirir. Dünən "Ekspress" qəzeti habelə rusiyalı həmsədr Yuri Merzlyakovdan Peterburq danışıqlarını şərh etməyi xahiş edib: "İndi danışıqlar təhlil olunma mərhələsindədir. Həmsdərlər öz aralarında görüşlər keçirirlər. Qısa aradan sonra zərurət yaranarsa, biz yenidən görüşlərin təşkilinə başlaya bilərik. Bu məqsədlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir səfəri ola bilər", - deyə vasitəçi vurğulayıb. Həmsədrlər "Praqa prosesi" çərçivəsində danışıqlar formatını qoruyub saxlamaq üçün "tərəflər arasında inamın itirilməməsini" zəruri sayırlar: "Danışıqlar çətinləşib. Qarşıda vasitəçilərin regiona səfəri nəzərdə tutulub". Merzlyakov daha sonra diqqəti buna yönəldib ki, Peterburqda prezidentlər səviyyəsində görüşlər zamanı tərəflər Qarabağ məsələsinə "ən yüksək yaxınlaşma" nümayiş etdirmişdi, bunun effekti olmalıdır: "Tərəflər kritik məqamları dəyərləndirirlər. İndiyədək müəyyən işlər görülüb". Vasitəçi özləri haqqında isə yüksək fikirdədirlər: "Biz öz səylərimizlə müəyyən dərəcədə tərəflər arasında yaxınlaşmanın əldə edilməsinə nail olmuşuq. Bu, böyük işdir və kifayət qədər konstruktiv və açıq şəraitdə mümkün olub. Deyə bilərəm ki, prezidentlər bu istiqamətdə olduqca inam və əzmkarlıq nümayiş etdiriblər. Eyni zamanda, növbəti mərhələlərdə də nəticəyə nail olmaq üçün tərəflərdən iradə gözlənilir". ATƏT-in hazırkı rəhbərliyinin nizamlamaya diqqətini vurğulayan Merzlyakov deyib ki, onların da ümidi növbəti görüşlərədir və tezliklə "hədəfə" yetişəcəklərinə əmindirlər. Merzlyakov son vaxtlar Qarabağətrafı rayonlardakı yanğınları isə şərh etməyib. Onun sözlərinə görə, bu yöndə indiyədək aparılmış araşdırmalar "təfsilatlıdır", eyni zamanda, yanğınını baş vermə səbəbləri barədə vasitəçilərdə konkret bilgi yoxdur. Bu arada, "Ekspress" qəzeti Peterburq danışıqlarının incəlikləri barədə əlavə məlumatlar əldə edib. Diplomatik mənbə bildirir ki, Qarabağın gələcək statusu ilə bağlı prezidentlərin hələ də razılaşa bilmədiyi əsas detallardan biri erməni qoşunlarının Dağlıq Qarabağ ərazisindən çıxarılma müddətilə bağlıdır. Bakı bunun ətraf rayonların tam demilitarizasiyadan sonra gerçəkləşməsini istəyir, belə ki, bölgəyə beynəlxalq sülhməramlılar gələcək, İrəvan isə "əcnəbi əsgərləri" Qarabağa buraxmağa qarşıdır və "təhlükəsizlik baxımdın" qoşunun münaqişənin həllindən sonra da saxlanılmasına təkid edir. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar