SON XƏBƏRLƏR

Germili ailə övladları "Elcan"a şəxsiyyət vəsiqəsi almağa nail olub

2021.10.20, 07:36
Germili ailə övladları "Elcan"a şəxsiyyət vəsiqəsi almağa nail olub

Gunaz.tv

Elcanın atası Möhsün Qasimi bu barədə oktyabrın 9-da özünün sosial media hesabında etdiyi paylaşımda məlumat verib. 

O, Elcanın şəxsiyyət vəsiqəsinin fotosunu paylaşaraq bildirib ki, 99 gün mübarizədən sonra uşağına türk adı ilə şəxsiyyət vəsiqəsi almağa nail olub.

İyul ayının 1-də dünyaya gələn Elcana Germi şəhərinin Qeydiyyat İdarəsinin törətdiyi əngəllərə görə oktyabrın 10-a kimi şəxsiyyət vəsiqəsi verilməyib.

Möhsün Qasimi əlaqədar orqanlara və məhkəməyə etdiyi çox saylı müraciətlərdən sonra oktyabrın 8-də Germi şəhərinin Hüquqi və Ümumi Məhkəməsinin 1-ci bölməsindən övladına türk adında şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar ala bilib.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə verilən siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu birinci dəfə deyil ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə adların uşaqlara verilməsinə qarşı çıxır. 

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən Ərk Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar