SON XƏBƏRLƏR

Əsirlikdə qalan kəndim. Bu yalnız bir kəndin faciəsi deyil

2021.10.20, 07:36
Əsirlikdə qalan kəndim. Bu yalnız bir kəndin faciəsi deyil

Gunaz.tv
Əsirlikdə qalan kəndim Bu yalnız bir kəndin faciəsi deyil Publisist Gülbəniz Arifqızının yeni kitabı işıq üzü görüb. Dünən BMM-də "Əsirlikdə qalan kəndim" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın ön söz müəllifi, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli təqdimat mərasimindəki çıxışında bildirib ki, Gülbəniz Arifqızı Azərbaycan xalqının çox vətəncanlı, ürəyi yurd sevgisi ilə döyünən bir övladıdır. Kitabın müəllifinin mühəndislik təhsili görməsinə baxmayaraq, vaxtaşırı doğulduğu Füzuli rayonundakı hərbi hissələrə getməsindən, ön xəttdəki vəziyyət barəsində yazılar hazırlanmasından bəhs edən natiq G.Arifqızının yazdığı materiallarda vətən üçün bir ürək döyündüyünü vurğulayıb. 1990-cı ildən Azərbaycanda siyasi dəyişikliklər baş verdiyi dövrdən başlayaraq, jurnalist kimi fəaliyyət göstərən G.Arifqızının müxtəlif mətbu orqanlarda-inşaatçı", "El qəzeti", "Ana", "Həyat", "Ordu", "Ədalət"də və s. qəzetlərdə çalışdığı bildirilib. Artıq neçə illərdir ki, ABŞ-da yaşayan kitabın müəllifi 2007-ci ildə təsis etdiyi Azərbaycan-Amerika Qadınları Cəmiyyətinin sədri və Almaniyada fəaliyyət göstərən Nizami adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Körpü" jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir. 2006-cı ildə G.Arifqızının "Müharibənin yolları ürəyimdən keçir" adlı kitabı da işıq üzü görüb. Tədbirdə çıxış edən şair, Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Çingiz Əlioğlu son zaman işıq üzü görən bir çox kitabların, hadisələrə öz münasibəti olmayan yazıçıların əsərlərinin onda heç bir maraq oyatmamasından bəhs edib: "Gülbəniz Arifqızının kitabını axıra kimi oxudum və kitabda qəribə bir yazıçı-etnoqrafla tanış oldum. Kitab özünəməxsus bir qələmlə yazılıb. Kitab Azərbaycan xalqının malik olduğu dəyərlər yatırımını yaxşı bilən, Azərbaycan dilindən gözəl xəbəri olan, duyum tərzi yüksək olan müəllif tərəfindən yazılıb". Kitabın həm də amerikalı oxucular üçün nəzərdə tutulduğunu deyən şair müəllifin əməyini təqdirəlayiq bir hal kimi qiymətləndirib. Kitabda maraqlı bir insan həyatı, yazarın uşaqlığı ilə tanış olduğunu deyən natiq bu qəhrəmanın ona çox əziz olduğunu dilə gətirib. Çox balaca ştrixlərlə çox canlı bir həyatı təsvir edən əsərin bacarıqla yazıldığını deyən natiq bunu Azərbaycan yazıçılar aləminə çox maraqlı bir müəllifin gələcəyinin müjdəsi kimi qəbul etdiyini bildirib. "Azərnəşr"in şöbə müdiri İslam Sadıq isə xalqın etnoqrafiyasının öyrənilməsinə baxmayaraq, yenə də bu istiqamətdə görülən işlərin az olduğunu deyib. Natiq müəllifin yeni işıq üzü görən kitabını tam bir etnoqrafiya kitabı kimi dəyərləndirib. Qeyd olunub ki, kitab ingilis dilinə çevrilərkən oradakı faktlara bir daha diqqət yetirilməsi vacibdir. Çıxışçılardan Əntiqə Qonaqlı isə bildirib ki, Gülbəniz xanım jurnalistliyə Qarabağ harayı ilə gəlib. Dərdini insanlara çatdırmaq üçün bu sahəyə atılıb. Yaxın zamanlarda ingilis variantının amerikalı oxuculara da təqdim olunacağı kitab 300 nüsxə, 144 səhifədən ibarətdir. Kitab bu gün erməni əsarəti altında olan Füzuli rayonunun Yal Pirəhmədli kəndinin tarixi, təbiəti, müəllifin uşaqlıq illərinin xoş arzuları ilə dolu olan sadə kənd adamlarının həyat tərzi, adət-ənənəsi, kəndin azadlıq mübarizəsinə qalxan yerli sakinlərin qəhrəmanlığı, ermənilər tərəfindən işğalı, insanların məcburi köçkün kimi sonrakı acınacaqlı taleyi qəriblikdə yaşayan müəllifin qəlb çırpıntılarını özündə əks etdirir. Qeyd edək ki, Gülbəniz Arifqızı 2007-ci ildə Yaponiya səfirliyinin təsis etdiyi "Xoşməramlı səfir" diplomuna, həmin il Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatına da layiq görülüb. Tədbirin sonunda çıxış edən müəllif bildirib ki, kitabda verilən faciələr bir kəndlə məhdudlaşmır. Baş verənlər bütün bir xalqın faciəsidir. İlk növbədə Füzulinin tarixini, sadə insanların faciəsini vermək istədiyini deyən müəllif hazırda yaşadığı Kaliforniya ştatında ermənilərin çox olduğunu və xalqımızın başına gətirilən faciələrin çatdırılmasının çətinliyindən danışıb. Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar