SON XƏBƏRLƏR

Əsrin nəsri_B. Əlibəyli

2021.10.20, 07:36
Əsrin nəsri_B. Əlibəyli

Gunaz.tv
Əsrin nəsri besdi090808.jpg B. Əlibəyli (Əvvəli ötən şənbə sayında) İkinci yazı Hüseynbala Mirələmovun "Cəza" povesti və "Yanan qar" romanı barədə qeydlər "Yanan qar" və yanar ürək Qarabağ müharibəsindən 18 il ötür. 20 faiz ərazi itkisi, on minlərlə şəhid, bir milyon qaçqın müsibəti ilə nəticələnən müharibə mövzusunda hələ də kamil əsərlərin yaranmamasından gileylənir və bunun səbəbini Vaxtda görürük. Tarix isə ziddiyyətli faktlar görkləyir; Tolstoy "Hərb və sülh" romanını yazanda Birinci Dünya müharibəsinin həlledici həlqəsi olan Fransa-Rusiya müharibəsindən 60 il keçirdi. Heminquey İkinci Dünya müharibəsinin başlanğıcı olan İspaniya Vətəndaş müharibəsindən bəhs edən "Əcəl zəngi" romanını atüstü qələmə alanda isə müharibənin bu ölkəyə vurduğu yaralar hələ qaysaqlamamışdı. Bununla belə "Hərb və sülh" Birinci Dünya müharibəsindən bəhs edən ən möhtəşəm şedevr olduğu kimi, "Əcəl zəngi" də faşizm taunundan bəhs edən ən yaxşı əsərlərdəndir. Baxmayaraq ki, birinci əsər analitik, tarixi-fəlsəfi, ikinci isə az qala cəbhə reportajı xarakterindədir. Həm vaxt, həm də yanaşma baxımından bir-birinin tam tərsi olan bu iki nümunə müharibə haqqında dolğun, mükəmməl əsərlərin müharibədən illər ötəndən sonra yaranması fərziyyələrini rədd edir. Deməli, Vaxt ədəbiyyat üçün əsas tutalqa ola bilməz. Ədəbiyyat üçün əsas olan hadisəni, onun mahiyyətini həssaslıqla duymaq və janrından, formatından asılı olmayaraq içindən keçirməkdir. Bax, məsələ də bu həssaslıqdadır. Qarabağ müharibəsi başlanandan ədəbiyyatın əsas mövzularından biri kimi nəzər-diqqətdə qalmaqdadır. İlk vaxtlar poeziyanın problemə daha çevik müdaxiləsi müşahidə olunsa da, az sonra, nəsrdə, dramaturgiyada da tərpəniş başladı. Və bu gün ümumi ədəbiyyatımızın müharibə mövzusuna müraciətini əks etdirən sanballı bir statistika mövcuddur. Təəssüf doğuranı isə budur ki, həmin əsərlərin əksəri mahiyyət və məzmunca da statikdir. Mövzuya səthi və məhəlli yanaşma, onun fəlsəfəsini qavramamaq, isterik qəzəbin böyük nifrəti üstələməsi, şüarçılığa, pafoslu milliyyətçiliyə, bəzən də eyni mahiyyətli bəşəriliyə uymaq yaranan nümunələrin əsas qüsurlarıdır və bu qüsurlar irihəcmli nəsr əsərlərindən də yan keçməyib. Lakin müharibə nəsrimizi mənəvi yoxsulluqdan çıxaran "Axirət sevdası" (Sabir Əhmədli), "Bayraqdar" (Elçin), "Yanan qar" (Hüseynbala Mirələmov), "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" (Aqil Abbas) kimi sanballı roman və povestlər də mövcuddur. lll İlkin variantda "Dağlarda atılan güllə" adıyla təqdim olunan "Yanan qar" romanı cəlb olunduğumuz müharibənin anatomik təhlilidir. Təhlil zamanı məğlubiyyətimizin bir çox səbəbləri, məsələn, müharibəyə hazırlığın olmaması, ölkədaxili siyasi çəkişmələr, təcavüzə məruz qalan əhalinin başsız qalması, müharibə mafiyası, əsir və meyit alveri, böyük dövlətlərin Ermənistanı dəstəkləməsi kimi çoxlu neqativ amillər aşkarlanır. Ən əsaslı səbəblərdən biri isə könüllü döyüşçülərin qüvvəsinin düzgün istiqamətləndirilib partizan müharibəsinə çevrilməməsidir. Və roman əsasən bu problemə- partizan müharibəsinə həsr olunmuşdur. Tolstoy "Hərb və sülh" romanında partizan müharibəsini dəyənəklə müqayisə edirdi. Hərbdə qılıncla dəyənək tamamilə qeyri-bərabər silahlar olsa da, bəzən savaşın aqibətini qılınc deyil, dəyənək həll edir. Birinci Dünya müharibəsində Fransa-Rusiya savaşının aqibətini ilk dəfə rus mujiki Denis Davıdovun qaldırdığı, sonradan isə mütəşəkkil müqavimət hərəkatına çevrilən partizan müharibəsinin dəyənəyi həll etdiyi kimi. İkinci Dünya müharibəsində Almaniya-SSRİ savaşında yenə bu dəyənəyin həlledici rol oynadığı kimi. Xüsusən nizami hərbi qüvvələrin qeyri-bərabər olduğu şəraitdə ayrı-ayrı dəstələr halında təşkil olunan xalq müharibələri taleyüklü təsirə malikdir. Ermənistan- Azərbaycan müharibəsində nizami ordunun hələ tam formalaşmadığı bir vaxtda bu taktikadan istifadə olunub, könüllü qüvvələrin düşmənə qarşı müqaviməti təşkil olunsaydı, çox yəqin ki, Qarabağətrafı bölgələri, xüsusən də Kəlbəcər, Laçın, Qubadlı kimi mürəkkəb relyefə malik rayonlarımızı qoruyub saxlaya bilərdik. Amma düzgün strategiya yürüdülmədiyindən xalq müharibəsi baş tutmadı və ən qəribəsi budur ki, ədəbiyyat da uzun zaman bu məsələyə toxunmadı. Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestindəki Məllim obrazı istisna olmaqla, Azərbaycan yazıçısı nə İsrail-Fələstin, Rusiya-Çeçenistan müharibələrində parlaq örnəkləri ilə dünyanı heyrətləndirən kamikadzeliyi, nə də iki Dünya müharibəsinin taleyini həll edən partizan müharibəsini özünə doğmalaşdıra bilmədi. Halbuki, arzunun əmələ çevrilməsində birinci vəsilə onun düşüncəyə doğmalaşmasıdır. Bu mənada "Ədəbiyyat ordu deyil, amma ordudan qabaqda gedir" fikrində böyük haq var. Hüseynbala Mirələmovun "Yanan qar" romanı da xəyali partizan hərəkatı timsalında xalq müharibəsini düşüncədə doğmalaşdırdığına, onun mənəvi, fəlsəfi, ideoloji köklərini araşdırdığına, Bəy Kamran, Bulaqlı Süleyman kimi uzaqgörən, cəsur partizan obrazları yaratdığına və bu elsevər adamların timsalında qəhrəmanlığın, cəsurluğun ruhi-psixoloji məqamlarını açdığına görə böyük əhəmiyyətə malikdir. Bu ideologiyanın milli düşüncədə oturuşması üçün əsərin ekranlaşdırılması üzərində də düşünülməlidir və romandakı dramaturji potensial və dinamika da buna yetərli əsas verir. Yanar ürək, böyük insani ağrı, milli heysiyyət və vətəndaş narahatlığı ilə yazılan "Yanan qar" Qara Yanvar faciəsindən üzübəri mərsiyə havası üstündə köklənən ədəbiyyatımızı Marş havasına kökləyən olduqca nikbin bir əsərdir. Uduzmuş, itkilər vermiş, qüruru, izzəti-nəfsi təhqir olunmuş xalqın aşağılıq kompleksindən xilas olub özünə dönməsi üçün nikbinlik hava-su kimi vacibdir. Əsərin əhəmiyətinin bir səbəbi də məhz bu nikbinliyində və müharibədən yazılan əsərlərin bir çoxunda müşahidə olunan əzginlikdən, ruhi yorğunluqdan uzaq olmasındadır. lll Bəy Kamran, Bulaqlı Süleyman, el ağsaqqalı Təvəkkül kişi, Bəxtiyar, Bənövşə... Romanın ideya - bədii sistemində yazıçının sevərək yaratdığı bu obrazların hər birinin müəyyən funksiyası olsa da, aparıcı rol Bəy Kamranla Bulaqlı Süleymana məxsusdur. İşğal olunmuş ərazidə qalıb əvvəl təkbaşına mübarizə aparan və getdikcə bir məqsəd ətrafında birləşən partizan dəstəsinin qeyri-rəsmi başçısına çevrilən Bəy Kamran romandakı surətlər içində ən yüksək bədii səviyyəyə qalxan obrazdır. Yazıçı ideoloji konsepsiyasının mühüm qismini bu obrazın potensialına hesablasa da, Bəy Kamran ideologiya ilə tam yüklənmiş obraz deyil. Çünki bu real fakturaya malik surətdir, yəni, obrazın əsasında gerçək prototip dayanır. Ola bilsin, prototipə rəğbəti səbəbindən yazıçı obrazdan plastilin kimi istifadə etməyib. Əslində, buna ehtiyac da yoxdur. Çünki bəy Kamranın şəxsi həyat fəlsəfəsi yazıçının ideologiyası ilə üst-üstə düşür. Dədə-babasının adı ilə bağlı olan Bəylik kəndi işğal olunarkən təsadüfən mühasirədə qalsa da, Bəyin məqsədi mühasirədən çıxmaq yox, başına dəstə toplayıb güclənərək düşmənə qarşı mütəşəkkil mübarizə aparmaqdır. Silahdaşı Süleymanın mühasirədən çıxmaqla bağlı işarəsinə qısaca olaraq "qardaş, mənim köçüm Bəylikdədi" deməsi də onun ideyasını izah edir. İnsan ölümdən ona görə qorxur ki, ölümü çox böyüdür. Bəy Kamrana cismani ölüm qorxusu yad bir hissdir. Onun anlamında ölüm yurdu qoyub gedərək düşmən qabağından qaçmaq, döyüşdə kürəyindən vurulmaqdır. Bu əsilzadə bəy müəyyən keyfiyyətləri ilə həyatdan və ədəbiyyatdan tanıdığımız klassik milli kişi sələflərini xatırlatsa da, onlardan fərqlənən maraqlı bir qəhrəman tipidir. İlk növbədə bu fərqlilik kişilik, əxlaq, namus kimi mental dəyərlər barəsində daşlaşmış kanonlara yeni yanaşmada təzahür edir. Məsələn, əsirlikdən xilas etdiyi Bənövşə adlı dul və gənc gəlin uzun müddət erməni əlində qalmasına baxmayaraq, bəy Kamran bu qadını gərdək görməmiş gənc və gözəl oğluna almaq istəyir. Çünki insanın, xüsusən, qadının bakirəliyi haqqında Bəyin anlayışı mentalitetdən fərqli olaraq ruhi, mənəvi bakirəlik anlamı qazanır. Süleyman da yazılmamış qanunlara başqa cür baxır. Bulaqlının kolxoz sədri olmuş bu ötkəm kişi mühasirə təhlükəsi zamanı kənd camaatına müraciətində deyir: "...Kişiyə acizlikdən ölüm yaxşıdı. İndi biz neyləyək ki, Qara Həsənin beşaçılanını, Kəkəş Çodarın mauzerini, sınıq-salxaq quş tüfənglərini Sovet Ordusu əlimizdən alıb. Çomaqla, daş-kəsəklə tankın qabağına çıxmağın nə faydası? Qadınları-qızları qorumaq naminə lap ar da olsa, kəndi tərk etməliyik ... Mənim son sözüm budu; bir halda ki, bu cür gedirik, onda heç bir kişi başının papağını götürməsin, qoy qalsın burda. Vaxt gələr, dönərik, qeyrətimizi- papağımızı götürüb qoyarıq qafamıza..." Göründüyü kimi, Süleymanın papaq barədə düşüncəsi "kişi papağını əldən verməz" klassik münasibətinə ziddir. Lakin onun məqsədi tabuları dağıtmaq deyil, onları hərfi anlamından çıxarıb ilkinliyindəki mənəvi statusuna qaytarmaqdır. Süleymana görə, kişinin papağı onun qeyrətidir, torpağıdır, qeyrət əldən gedibsə, papağı başda saxlamağın nə mənası? Bəy Kamranla müqayisədə Süleymanın ideoloji yükü daha çoxdur və yazısı ideyanın həllini də bu obrazın diliylə verir: "Xəstənin dərdini bilmədən əlac axtaran həkimlə baytarın fərqi yoxdu. Bir milyon didərginin dərdi həkimlik deyil. Qeyrətdədi əlac." lll İstənilən bədii mətn üçün yazıya qədərki vacib prosedurlardan biri mövzuya hazırlıqdır və irihəcmli, realist əsərlərdə bu xüsusilə vacibdir. "Yanan qar" romanının hər sətri mövzuya ciddi hazırlıqdan xəbər verir. Girişdə oxucuya ünvanlanan müraciətdən də bəlli olur ki, Qarabağın zillətli günlərində Laçın, Şuşa, Kəlbəcər camaatı ilə çiyin-çiyinə olmuş, təcavüzə məruz qalan əraziləri qarış-qarış gəzib tanımış yazıçı mövcud bilgisiylə kifayətlənməmiş, romanı qələmə alarkən yerli sakinlər arasında olmuş, onları günlər-həftələrlə söhbətə tutaraq baxış dairəsini genişləndirmişdir. Bunun nəticəsidir ki, romanda partizan müharibəsi üçün əlverişli olan strateji əhəmiyyətli bütün ərazilər hər aşırımı, yüksəkliyi, çəhlimi-cığırı, gizlinləriylə sanki bir topoqraf dəqiqliyi ilə təsvir edilir. Duyğularla çulğaşmış bu bilgi elə bir səviyyədədir ki, bəzi təsvirlər sanki qələmlə yox, tişə və fırça ilə işlənmiş kimi təsvir obyektinin gerçək surətini yaradır. Amma əsərdəki dolğunluq yalnız ərazi və təbiət bilgisinin məhsulu deyil. Qarabağ müharibəsinin tarixi, siyasi-ideoloji, psixoloji yönlərdən təfəkkür süzgəcindən keçirilməsi, eyni zamanda, xalqa, xalqın müharibəyə münasibətinə və xalq müharibələrinə bələdlik həyatla roman arasındakı sərhədi yaxşı mənada itirir. Və bu cür geniş əhatə dairəsi, hərtərəfli baxış hesabına oxucunun təsəvvüründə arzu olunan, xəyali bir partizan hərəkatı ilğımı deyil, gerçək xalq müqaviməti canlanır. lll Zəngin dili, rəvan, plastik üslubu, dolğun məzmunu, yüksək ideyalılığı ilə seçilən "Yanan qar" romanı və ötən yazıda müəyyən məqamlarına toxunduğumuz "Cəza povesti" çağdaş Azərbaycan nəsrinin çox mükəmməl nümunələridir. Bu mükəmməlliyin əsasında ilk növbədə istedad, yazıçılıq səriştəsi, kamil nəsr texnikası və nəhayət, varislik borcu dayanır. Hüseynbala Mirələmov ədəbi prosesə fəal şəkildə 80-ci illərin ikinci yarısında qoşulsa da, yazıçı manifestasiyasına, nəfəs genişliyinə, dil fonduna, leksik imkanlarına görə 60-70-ci illər yazarlarının potensialına malikdir. Təbii ki, üstün mənada. Bu baxımdan onun yaradıcılığı tipoloji təsnifatca həmin dövr nəsrinin gözəl davamıdır. Siyasi ideologiyadan arınması, müstəqillik və nəsr təfəkkürünün inkişafı baxımından isə bu, yeni əsrin nəsridir. Bu nəsrdə mənəvi varisi olduğu dövrün bəzi yazarlarında müşahidə olunan üslubiyyətçilik, dialektçilik meylləri görünmür. Hüseynbala Mirələmov klassik ənənələrin özəl çalarlarla qaynayıb-qarışdığı plastik təhkiyə üslubuna, ifrat ədəbilikdən uzaq, xəlqi və səlis müəllif dilinə malikdir. Doğrudur, hərdən onun da təhkiyəsində dialekt ifadə formalarına rastlanır. Amma belə ifadələr az olduğundan gözə girmir. "Dilazarlıq etmək" (xəbərçilik, çuğulluq), "pəriskarlıq" (tərəfini saxlamaq, təəssübkeşlik etmək), " səkərini buraxmamaq" (yanını buraxmamaq), "çığlandırmaq" (qığılcımlandırıb alışdırmaq), "əliqalın" ( varlı,imkanlı) kimi müəyyən dialekt ifadələri barədə isə eyni cür düşünmək olmaz. Yazıçının dilində bu qəbil sözlər etnoqrafik fon yaratmaq məqsədi ilə necə gəldi deyil, düşünülmüş bir seçim taktikasıyla işlənir, unudulmaqda olan gözəl, ritmik, melodik sözlərimizi xatırlatmaqla ədəbi dövriyyəyə gətirmək niyyətinə xidmət edir və bu təqdirə layiqdir. Hər bir milli ədəbiyyat mənsub olduğu xalqın bədii təfəkkürünün aynası olmaqla, həm də o xalqın dilinin mənzərəsidir. Bu baxımdan, müasir Azərbaycan ədəbi dilinin mənzərəsi çox da ürəkaçan deyil. Yeni nəsil yazarlarımızın əksərinin leksikoloji imkanları olduqca məhduddur və hətta min beş yüz, iki min sözlə yazan nasirlərimiz var. Bəzən onların dilindən belə fikirlər səslənir ki, yazıçı mövcud söz ehtiyatıyla fikrini ifadə edə bilirsə, onun nə qədər söz bilməsinin elə bir önəmi yoxdur. Bu cür yanaşma ona gətirib çıxarıb ki, 60-70-ci illər yazarlarımızın əksərinin fərdi üslubu olduğu halda, çağdaş nasirlərimizin əksərinin ümumi üslubda yazdığı müşahidə olunur. Və bu ona görə belədir ki, üslubu təkcə sintaktik vahidlər formalaşdırmır. Yazıçının üslubunun müəyyənləşməsində onun leksikoloji, frazeoloji, hətta dialektoloji arsenalı böyük rol oynayır. "Cəza" povesti, xüsusən də nəfəs genişliyi və bir çox cəhətlər baxımından yaradıcılıqda yeni keyfiyyət dəyişməsinin təzahürü olan "Yanan qar" romanı isbat edir ki, Hüseynbala Mirələmov mükəmməl dil vahidləri arsenalına malikdir və çağdaş ədəbi prosesdə belə bir yazıçının fəal iştirak etməsi balansı dilimizin xeyrinə nizamlayır. Bu yazıda biz mətbu imkan çərçivəsində XXI əsr Azərbaycan nəsrinin iki sanballı nümunəsi barədə müəyyən mülahizə və qənaətlərimizi bölüşdük. Müəllifin təfəkkürünün, yazı potensialının bütöv mənzərəsi isə ümumi yaradıcılığın təhlili nəticəsində görünə bilər və iki əsrin nəcib tendensiyalarını özündə birləşdirən Hüseynbala Mirələmovun yaradıcılığı fundamental tədqiqatlara layiqdir. Bəsti ƏlibƏyli 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar