SON XƏBƏRLƏR

Etirazda öldürülən gəncin atası: “5 il cəbhədə döyüşmüşəm, amma dövlət əvəzində oğlumu öldürdü”

2021.10.20, 07:36
Etirazda öldürülən gəncin atası: “5 il cəbhədə döyüşmüşəm, amma dövlət əvəzində oğlumu öldürdü”

Gunaz.tv

GünAz TV: İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilən xalq nümayişləri zamanı Kərəcin Mehrşəhr bölgəsində öldürülənlərdən biri- Puya Bəxtiyarinin atası Mənüçöhr Bəxtiyari oğlunun rejimin təhlükəsizlik qüvvələri tərəfindən necə qətlə yetirilməsindən danışıb.

 

O bildirib ki, etirazların 2-ci günü anası və bacısı ilə nümayişə gedən oğlu təhlükəsizlik qüvvələrinin başına açdığı güllə nəticəsində yaralanaraq, xəstəxanaya çatdırılmadan öncə ölüb.

 

Elektrik mühəndisi olan Puya ailəsinə məxsus kiçik emalatxananı işlədirmiş və atasının dediklərinə görə, ölkədə olan ağır vəziyyət səbəbindən Kanadaya getmək fikri var imiş.

 

Mənüçöhr Bəxtiyari oğlunun cənazəsini iki gün çəkən get-gəllərdən sonra ala bildiklərini və noyabrın 19-u dəfn etdiklərini deyib.

 

“Həyat yoldaşım bildirir ki, etirazlar zamanı insanların qəfildən bir nəfərin meyidini qırağa çəkdiklərini görüb. Həmin istiqamətdə getdikdən sonra onun oğlumuz Pouya olduğunu bilib. Oğlunun ölümünü, daha doğrusu beyninin çölə tökülməsini gözləri ilə görmüş həyat yoldaşım hazırda ağır psixoloji vəziyyətdədir. Mən İran- İraq müharibəsində 5 il cəbhədə döyüşdüm, amma dövlət bunun qarşılığında oğlumun beyninə güllə açıb, onu öldürdü”, - deyə Mənüçöhr Bəxtiyari əlavə edib.

 

Puyanın sivil qaydada benzinin qiymətinin qaldırılmasına görə etiraz aksiyasına getdiyini deyən ata xırda ticarətlə məşğul olduğunu, lakin son 5-6 aydır ölkənin vəziyyətinin daha da ağırlaşmasına görə, artıq işinin də tam dayanmaq üzrə olduğunu bildirib. O, oğlunun “ölkənin azadlığa qovuşması yolunda” ölməsindən fəxarət hissi duyduğunu qeyd edib.

 

Xatırladaq ki, noyabrın 15-də İranın demək olar ki, bütün bölgələrində rejimin benzini bahalaşdırmasına qarşı xalq nümayişləri başlanmışdı. Etirazların 2-ci günü, yəni noyabrın 16-dan etibarən rejim ölkə ərazisində interneti kəsməklə, xalqa qanlı divan tutmağa başlamışdı. Nəticədə qeyri-rəsmi mənbələrin bəzilərinə əsasən, 140-dan çox, digərlərinə görə isə, 250-dən çox insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar