SON XƏBƏRLƏR

Etirazlar davam edir: Zəncanın “Ana körpüsü”ndən banner asıldı – GÖRÜNTÜ

2021.10.20, 07:36
Etirazlar davam edir: Zəncanın “Ana körpüsü”ndən banner asıldı – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda türkcə olan yer adlarının dəyişdirilməsinə qarşı etirazlar davam edir.

 

Son məlumata görə, Zəncanda “Gülşəhr”, sonralar isə “İmam Hüseyn” adlandırılan “Ana körpüsü”nün yeni adı ilə kimsə razılaşmır, əhali türkcə adın dəyişdirilməsinə hər bir fürsətdə etiraz bildirir.

 

“Ana körpüsü” yazılan banner şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanıb.

 

Ötən il təmir-bərpa işlərindən sonra yenidən istifadəyə verilən “Ana körpüsü” Bələdiyyə İdarəsi tərəfindən “Gülşəhr körpüsü” adlandırıldı. Türkcə adın dəyişdirilməsi şəhər əhalisinin kəskin etirazına səbəb oldu. Bundan sonra Zəncan Şəhər Şurasının rəis müavini və sözçüsü Səccad Xudayi məsələyə yenidən baxılacağı barədə söz verdi.

Şəhər Şurası həmçinin körpüyə yeni ad verilməsi ilə bağlı əhalinin təkliflərini də qəbul etdi. Nəhayət ən çox təklif olunan “Ana körpüsü” adı Adlandırma Komitəsinə təklif olundu. Bu təklif Şəhər Şurası və Şəhər İcra Hakimiyyəti tərəfindən də təsdiqlənməli idi. Lakin proses yarımçıq qaldı, körpü öncə “Gülşəhr”, sonra isə şəhər imam cüməsinin təklifi ilə “İmam Hüseyn körpüsü” adlandırıldı.

 

Zəncan Şəhər Şurasının sözçüsü bu barədə qeyd etdi ki, ““Ana” türk sözüdür və keçirdiyimiz toplantıda da diqqətləri cəlb etdi. Zəncanda ana dilimizə diqqət yetirmək və onu yaşatmaq baxımından da yaxşı bir seçim olardı. Lakin qanuna uyğun gəlmir. Bu sadəcə Zəncan üçün deyil, hər yerdə belədir.

İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə adlar yalnız farsca olmalıdır.” deyə o bildirmişdir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar