SON XƏBƏRLƏR

Etirazlar nəticə verdi: Urmiyə Şəhər Şurasının təhrif olunmuş lövhəsi endirildi

2021.10.20, 07:36
Etirazlar nəticə verdi: Urmiyə Şəhər Şurasının təhrif olunmuş lövhəsi endirildi

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə” şəhərinin tarixi adı təhrif edilərək “Urumiyə” şəkilində yazılmışdır.

 

Bələdiyyə məmurlarının bu hərəkəti azərbaycanlılar arasında geniş etirazlara səbəb oldu. Məhz bu etirazlardan sonra təhrif edilmiş şəhər adına düzəliş ediləcəyi barədə bəzi xəbərlər yayıldı. Artıq sözügedən lövhə dekabrın 22-i səhər saatlarında aşağı endirilib. Yayılan məlumatlara görə, Urmiyə adı ilə bağlı yol verilən təhrif aradan qaldırıldıqdan sonra lövhə yenidən Şəhər Şurasının binasından asılacaq.

 

Mövzu ilə bağlı dekabrın 14-də, Urmiyədə 5-ci Şəhər Şurası fəaliyyətə başladıqdan sonra coğrafi məkanların adları ilə bağlı ilk dəfə iclas keçirilib.

 

Bu barədə Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri rəsmi Teleqram kanalında məlumat yayaraq məsələnin Şura üzvləri tərəfindən geniş şəkildə müzakirə olunduğunu bildirmişdir, o iclasda alınan qərarlarla bağlı heç bir məlumat yaymamışdır.

 

M.Piri Şura üzvlərinin keçirdiyi iclasdan əvvəl də rəsmi Teleqram kanalında baş verin hadisəyə münasibət bildirmişdir. “Bu məsələyə görə Şəhər Şurasının rəisi, həmçinin Rəyasət Heyəti cavab verməlidir. Rəyasət Heyətinin cavabı məntiqli və əsaslandırılmış şəkildə olmalıdır”- deyə o qeyd etmişdir.

 

Urmiyənin tarixi adının təhrif edilməsində Şəhər Şurasını günahlandıran M.Piri lövhədə Urmiyənin tarixi kimliyinə uyğun olaraq düzəliş ediləcəyini açıqlamışdır.

 

Xatırladaq ki, dekabrın 20-də Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə Şəhər Şurası”nın adı “Urumiyə Şəhər Şurası” kimi yazılaraq bu şəhərin tarixi adı təhrif edilib. Bələdiyyə məmurlarının bu işi kiçik dəyişiklik kimi görünsə də, onun rejimin Azərbaycanın coğrafi adlarını dəyişdirmə planının tərkib hissəsi olduğu kimsədə şübhə doğurmur. Ona görə də lövhədəki bu dəyişiklik kəskin etirazlara səbəb olmuşdur.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar