SON XƏBƏRLƏR

ETTELAAT Ukrayna təyyarəsi qurbanlarının ailələrini cinsi təcavüzlə təhdid edir

2021.10.20, 07:36
ETTELAAT Ukrayna təyyarəsi qurbanlarının ailələrini cinsi təcavüzlə təhdid edir

Gunaz.tv

GünAz TV: Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin "Sepah" terror təşkilatı tərəfindən vurulması nəticəsində ölənlərin ailələri ETTELAAT Nazirliyinə çağırılır.

 

Bu barədə "İnstagram" səhifəsində məlumat yayan qurbanlardan biri Elnaz Nəbiinin həyat yoldaşı Cavad Süleymani həmin ailələrin ETTELLAT əməkdaşları tərəfindən cinsi təcavüzlə təhdid edildiyini bildirib. O, ETTELAAT-ın bununla ailələri hadisəyə hüquqi qiymət verilməsi üçün göstərdikləri təlaşlardan çəkindirməyə çalışdığını qeyd edib.

 

Kanadada yaşayan Cavad Süleymaninin sözlərinə görə, ETTELAAT əməkdaşları ailələri bildiriblər ki, "elə etməyin ki, Puya Bəxtiyarinin atasının başına açdığımız oyunları sizin də başınıza açaq".

 

Xatırladaq ki, 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik qüvvələri tərəfindən başından vurularaq öldürülən Puya Bəxtiyarinin atası Mənüçöhr Bəxtiyari dekabrın 24-dən yanvarın 22-nə qədər həbsdə saxlanılmışdı. İran-İraq müharibəsi veteranı olan Mənüçöhr Bəxtiyari və onun həyat yoldaşı övladlarını öldürən rejim qüvvələri və onlara sifariş verənlərin məsuliyyətə cəlb edilməsi üçün mübarizə başlatmışdılar. Onlar Puyanın 40 mərasiminin keçirilməsi üçün ümumxalq çağırışları etdikləri üçün həbs edilmişdilər.

 


Cavad Süleymani həmçinin qeyd edib ki, təhlükəsizlik orqanları əməkdaşları həlak olanlardan birinin atasından zorla müsahibə alıblar və digərinin anasını təhdid ediblər. O qeyd edib ki, "Sepah"ın Kəşfiyyat İdarəsi ilə ETTELAAT Nazirliyi qurbanların ailələrini susdurmaq sahəsində bir-biri ilə rəqabətə giriblər.

 

Cavad Süleymani sonda bildirib ki, yaxın gələcəkdə qurbanların ailələrindən birinin başına açılan oyunlarla bağlı ətraflı məlumat verəcək.

 

Qeyd etmək lazımdır ki, Ukrayna hava yollarına məxsus "Boeing" tipli sərnişin təyyarəsinin yanvarın 8-də "Sepah" tərəfindən 2 raketlə vurulması nəticəsində 176 insan faciəvi şəkildə ölmüşdü. İran rəsmilərinin 3 gün hadisənin səbəblərini gizlətməsi və təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğramasını iddia etmələrinə baxmayaraq, beynəlxalq təzyiqlər nəticəsində rəsmi Tehran təyyarənin "Sepah" tərəfindən vurulduğunu etiraf etməyə məcbur olmuşdu.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar