SON XƏBƏRLƏR

ETTELAAT Xamneyini istefaya çağıran məktubu imzalayanları “yeni fitnə yaratmaq”da ittiham edib

2021.10.20, 07:36
ETTELAAT Xamneyini istefaya çağıran məktubu imzalayanları “yeni fitnə yaratmaq”da ittiham edib

Gunaz.tv

GünAz TV: Rəzəvi Xorasan icra hakiminin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Həsən Cəfəri açıq məktub yazmaqla, Əli Xamneyini istefaya çağıran 14 məşhədli siyasi və mədəni fəaldan 12-sinin həbs edilməsinə münasibət bildirib.

 

O, həmin şəxsləri “təxribatçı” adlandırıb və onların məqsədinin “yeni fitnə yaratmaq” olduğunu deyib. Həsən Cəfəri iddia etməyə çalışıb ki, bu 12 siyasi fəalın həbsinin səbəbi Xamneyini istefaya çağıran məktubu yazmaqları deyil.

 

Xatırladaq ki, bir müddət öncə Məşhəddə 14 siyasi və mədəni fəal açıq məktub yazaraq, bildirmişdilər ki, ölkədə cumhuriyyət və azadlıq olmadığı belə bir dönəmdə siyasi aktivistlərin təlaşları Xamneyi istefa verməsə və konstitusiya dəyişdirilməsə, nəticəsiz qalacaq.

 

Bu məktubun yayılmasından sonra 14 qadın siyasi aktivist məşhədli fəalları dəstəkləmişdi. Onlar da oxşar bəyanat yayaraq, Əli Xamneyini istefaya çağırmış və islam respublikası siyasi sisteminin dəyişdirilməsini istəmişdilər.

 

Daha sonra bir çox digər siyasi aktivistlər sözügedən bəyanatları imzalayanlara öz dəstəyini nümayiş etdirmişdilər.

 

Son günlərdə Məşhəddə bu bəyanatı imzalayanlardan 12 nəfərinin həbs edilməsiylə bağlı məlumatlar yayılmışdı. Onların bəyanatı imzalayanlardan biri olan Kamal Cəfəri Yəzdinin 13 il həbs cəzasına məhkum edilməsinə etiraz olaraq avqustun 11-də, Məşhəddə aksiya keçirdikdən sonra saxlanmışdılar.

 

ETTELAAT Nazirliyinin Rəzəvi Xorasan vilayəti şöbəsi avqustun 22-də yaydığı bəyanatda bildirib ki, “keçirilmiş əməliyyat nəticəsində Məşhəddə düşmənin inqilaba qarşı yeni məkrli planının qarşısı alınıb”.

 

“Dini liderə yazılan məktubu imzalayanlar Milli Məclis seçkiləri ərəfəsində yeni fitnə yaratmaqla, düşmənin təlqini əsasında ictimai rəy formalaşdırmaq istiqamətində düşmən tərəfindən tapşırıq alıblar”- deyə nazirlik iddia edib.

 

ETTELAAT-ın digər iddiasına əsasən, “xarici xüsusi xidmət orqanları ilə əlaqələrə görə həbs edilmiş şəxslər bu siyasi fəallara yeni fitnə və məkrli planlar qurmaq və icra etmək istiqamətində göstəriş veriblər”.

 

Qeyd etmək lazımdır ki, iranlı rəsmilər hər zaman sıravi insanların, ictimai, siyasi və milli-mədəni fəalların haqlı etirazlarının arxasında “düşmən”in olduğunu iddia edirlər. Eləcə də, 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı xalq etirazlarını da “fitnə” adlandırırlar.

 

ETTELAAT Nazirliyi Xamneyini istefaya çağıran aktivistləri “yeni fitnə yaratmaq”da və “düşmənlə əlaqə”də ittiham etsə də, bununla bağlı “sübut”ları təqdim etməkdən boyun qaçırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar