SON XƏBƏRLƏR

"Euro-2008" dadını itirdi... .Bu dəfə möcüzə Almaniyanı xilas etdi. Türklər çempionata vida etsələr də, Avropa futboluna öz damğalarını vurdular

2021.10.20, 07:36
"Euro-2008" dadını itirdi... .Bu dəfə möcüzə Almaniyanı xilas etdi. Türklər çempionata vida etsələr də, Avropa futboluna öz damğalarını vurdular

Gunaz.tv
"Euro-2008" dadını itirdi... Bu dəfə möcüzə Almaniyanı xilas etdi. Türklər çempionata vida etsələr də, Avropa futboluna öz damğalarını vurdular turko_26iyun.jpg Dünən Bazeldə türk futbolçuları qazilər kimi "savaşdılar". Lakin üç dəfə dünya və üç dəfə Avropa çempionu olan güclü Almaniya yığmasına qarşı matçda Fatih Terimin komandasının aparıcı oyunçularının (Arda, Nihat, Tuncay, Əmrə Bələzoğlu, Volkan, Sərvət və Əmrə Aşiq) olmaması türklərin finala çıxmasının qarşısını kəsdi. Dünənki matçadək dalbadal üç türk möcüzəsi göstərən, mümkün olmayanı mümkün edən "ay-ulduzlular" yarımfinalda bunu təkrarlamasına az qalmışdı. Özü də bu dəfə türklər daha gözəl oyun göstərdilər, şans isə almanların üzünə güldü... Zədələr və cəzalar F. Terimi "St. Yakov Park" stadionunun yaşıl meydanına aşağıdakı heyəti çıxarmağa məcbur etmişdi: Rüşdü Rəncbər, Gokhan Zan, Hakan Balta, Səbri Sarıoğlu, Mehmət Topal, Mehmət Aurelio, Həmid Altıntop, Ayhan Akman, Uğur Boral, Kazım Kazım və Semih Şəntürk. Yoahim Löv isə yaşıl sahəyə almanların ən optimal heyətini çıxarmışdı: Yens Lemann, Klemens Frits, Per Mertezaker, Kristof Metselder, Filipp Lam, Bastian Şvaynştayger, Mixael Ballak, Rolfes , Tomas Hitslşperger, Lukas Podolski, Miroslav Kloze. İsveçrəli referi Massimo Buzakkanın hakimliyi ilə başlayan matçın ilk dəqiqələrində almanlar topa nəzarəti ələ keçirməyə çalışsalar da, buna nail olmadılar. Türklərsə topa və meydanın mərkəzinə nəzarəti ələ keçirib ilk 15 dəqiqədə azı 2 dəfə hesabı açmağa yaxın oldular. Altıntop Lamın səhvindən yararlana bilmədi - Lemann onun zərbəsini ayaqla qaytardı. Az sonra Ayhanın "sıfır"dan - qapı xəttindən ötürməsindən sonra Kazımın zərbəsi qapı dirəyindən qayıtdı. Türklərin hücumları 21-ci dəqiqədə nəhayət ki, qolla nəticələndi: Uğur Boral dirəkdən dönən topu Lemannın qapısından keçirdi- 1:0. Təəsüflər olsun ki, almanlar 5 dəqiqə sonra türkləri əks-hücumda yaxalaya bildilər. Podolskinin sol cinahdan ötürməsindən sonra türklərin müdafiəsinin gözdən itirdiyi Şvaynştayger hesabı bərabərləşdirdi-1:1. Birinci taymda Terimin yetirmələri daha üstün oyun nümayiş etdirdi. Almanlardan daha çox təhlükəli vəziyyətlər yaratdılar və Lemannın qapısına 15-ə yaxın zərbə vurdular. Altıntopun cərimə zərbəsini almanların qapıçısı çətinliklə tora girməkdən xilas etdi. Səbri və Kazım sağ cinahdakı, Uğur və Ayhan sol cinahdakı oyunları ilə almanların cinahlardan hücumunu "öldürmüşdülər". Ballak isə mərkəzdə Aurelio və Həmidin kölgəsində qalmışdı. Türklərin gözəl oyununa baxmayaraq ilk hissədə hesab dəyişmədi. İkinci hissədə Rolfesin əvəzinə Torsten Frinqsin meydana çıxması almanları orta sahədə aktivləşdirdi. Lövün yetirmələri Rüşdünün qapısına daha təhlükəli gəlməyə başladılar. Həmidin Ballakı cərimə meydançası önündə yıxmasından sonra nəfəsimizi dərə bilmədik. Adətən bu məsafədən "alman maşını"nın liderinin ayağından top mərmi kimi çıxıb qapıya girir. Lakin Ballakın zərbəsi türklərin "divarı"nı keçmədi. Matçın dramatikliyi dəqiqəbədəqiqə artırdı, əsəblər tarıma çəkilmişdi. 78-ci dəqiqədə Rüşdünün çıxışdakı səhvindən istifadə edən Kloze Almaniyanı hesabda irəli çıxardı (2:1). Lakin türklər təslim olmadılar matçın bitiminə 5 dəqiqə qalmış Səbri sağ cinahda gözəl driblinqdən sonra topu qapının qarşısına ötürdü və özünü yetirən Semih hesabı bərabərləşdirdi-2:2. Lakin bu dəfə möcüzə almanlar üçün oldu. 89-cu dəqiqədə Türkiyə komandasının müdafiəçiləri sol cinahda almanların "ver-qaçı" qarşısında aciz qaldılar - Rüşdü ilə təkbətək çıxan Lam hesabı 3:2 etdi. Semih "möcüzəsi"ni artıq etmişdi, bunu davam etdirmək üçün, təssəüflər olsun ki, meydanda Arda və Nihat yox idi. Beləliklə də, finala çıxan Almaniya yığması iyunun 29-da bu gün keçiriləcək Rusiya-İspaniya matçının qalibi ilə qarşılaşacaq. Türkiyənin məğlubiyyəti ilə Avropa çempionatı dadını itirdi, ən azı bizim üçün. Lakin bu da sevindirici vaxtdır ki, Terimin aslanları "Euro-2008"ə, Avropa futboluna öz damğalarını vurdular. Onların bu şəksiz uğurunun idman, eləcə də həyati baxımından bir çox dərsləri var. "Euro-1992"dən sonra Avropa çempionatları elə də yadda qalan olmamışdı. 1992-ci ildə keçmiş Yuqoslaviya yarışdan çıxarılmış və onun əvəzinə çempionata qatılan Danimarka futbolçuları çimərliklərdən gəlib Avropa çempionu olmuşdular. Türklərinsə Alp dağlarında - İsveçrə və Avstriya şəhərlərində yaratdığı furor, türk inadı və iradəsi, üç matçı geridən gəlib son dəqiqələrdə öz xeyirlərinə çevirmələri, yarımfinaldakı mübarizə əzmi uzun müddət yaddaşlardan silinməyəcək. Əsas həyati dərs isə bundan ibarət oldu ki, ümidsizliyə qapılmağın faydası yoxdur, sonadək mübarizə aparmaq lazımdır. Çox istəyən müvəqqəti uğursuzluqlarla üzləşsə də, sonda istəyinə çatmalıdır. Güclü olmaq lazımdır, o zaman şans da yanınız da olacaq. Və yaxud güclü lider və təşkilatlanma ilə çox zirvələri aşmaq olar. Çempionat ərəfəsində Terimdən və yetirmələrindən böyük uğurlar gözlənilmirdi, lakin onlar qazilərə layiq mübarizə əzmləri ilə opponentlərinə dərs verdilər. Gözəl oyun və dərslərinə görə, sizlərə min əhsən, "ay-ulduzlular"! BRAVO, Alp fatehi Terim! Z.ZİYA express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar