SON XƏBƏRLƏR

Evin zindanında məhbus həyatı yaşayan İbrahim Nuri həbsxananın 7-ci korpusuna köçürülüb

2021.10.20, 07:36
Evin zindanında məhbus həyatı yaşayan İbrahim Nuri həbsxananın 7-ci korpusuna köçürülüb

Gunaz.tv

GünAz TV: Tehranda Evin zindanının 4-cü korpusunun karantin bölümündə saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri həbsxananın 7-ci korpusuna köçürülüb.

 

Əldə etdiyimiz məlumata görə, fəal noyabrın 14-də yeni korpusa intiqal edilib.

 

İ.Nuri avqustun 28-də Evin zindanı məsulları tərəfindən 209-cu korpusdan 4-cü korpusa köçürülmüşdür.

 

Azərbaycanlı fəal Əhər Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib, o hazırda qondarma ittihamlarla məhkum edildiyi həbs cəzasını çəkməkdədir. Fəal saxlandığı müddətdə dəfələrlə cismi və ruhi işgəncələrə məruz qalıb.

 

İ.Nuri iyulun 3-də Babək qalası mərasimində iştirak edəcəyi ehtimal olunduğu üçün Tehranda saxlanmışdır.

 

Fəalın məhkum edildiyi 6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O həmin dosye ilə əlaqədar “ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən  təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılmasını pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

Hüquq üzrə öyrənci olan İbrahim Nurinin 27 yaşı var. O uzun illərdir mədəni fəaliyyətlərlə məşğul olur, bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar