SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşidən yeni xəbər var

2021.10.20, 07:36
Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşidən yeni xəbər var

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi həbsxananın yeni bölümünə köçürülüb.

 

O həbsxananın 209-cu korpusunda 75 gün saxlandıqdan sonra 4-cü korpusun karantin bölümünə köçürülüb.

 

4-cü korpusda saxlanılan güney azərbaycanlı fəal Tövhid Əmir Əmini və Kazım Səfabəxş yaxınları ilə telefon əlaqəsi saxladıqları zaman xəbəri təsdiqləyiblər.

 

Türk dilində kitab toplayan və şəhərdən uzaq Azərbaycan kəndlərində kitabxanalar yaradan Əlirza Fərşinin mədəni fəaliyyəti soydaşlarımız tərəfindən təqdir olunduğu halda, o 2019-cu il dekabrın 29-da təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində saxlanılıb, bu günədək onun hansı ittihamdan tutulduğu barədə heç bir məlumat yayılmayıb.  

 

Bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Manafi Nadarlını hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

 

Adını çəkdiyimiz fəallar ötən günlərdə Baharistan İnqilab Məhkəməsinin hökmləri icra edən bölümünün 2-ci şöbəsinə çağırılıb. Məhkəmə Koronavirus epidemiyasının yayılmasına baxmayaraq fəalların həbs hökmünü icra etməyə hazırlaşır.

 

İran zindanlarında koronavirus epidemiyası yayılması səbəbindən Azərbaycan əhalisi həbsdə olan milli-mədəni fəallar və adi ittihamlara görə həbs edilən təhlükəsiz məhbusların müvəqqəti azadlığa buraxılmasını tələb edir. Bu barədə çox sayda fəal və ictimai xadim İranın məhkəmə sisteminə müraciət edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar