SON XƏBƏRLƏR

Beynəlxalq Bəhai İcması İranda bəhailərin əmlakının müsadirə edilməsi ilə bağlı bəyanat yayıb

2022.02.17, 11:25
Beynəlxalq Bəhai İcması İranda bəhailərin əmlakının müsadirə edilməsi ilə bağlı bəyanat yayıb

Gunaz.tv

“İmam Xomeyni İcra Qərargahı” İranın Ali Rəhbərinin ofisinə bağlı ən böyük iqtisadi təşkilatdır və Əli Xamneyinin nəzarəti altında fəaliyyət göstərir.

Bəhai Beynəlxalq İcmasının xəbər saytını yaydığı bəyanata görə, bu prosesin ən son nümunəsi olaraq Simnan əyalətinin İnqilab Məhkəməsi “İcra Qərargahının” tələbi ilə altı bəhai vətəndaşının əmlakının müsadirə edilməsinə qərar verib.

Bəyanatın ardında Bəhailərin Beynəlxalq İcmasının Cenevrədəki nümayəndəsi Dian Əlainin açıqlamalarına yer verilib.

“İranda bəhailərin əmlakının müsadirə edilməsinin sürətləndirilməsi bəhai vətəndaşların təqibində yeni və çox narahatedici mərhələdir. Bu, basqı və təqiblər islam hökumətinin qurulmasından bu günə, dörd onillikdə müxtəlif formalarda davam edir”-deyə, xanım Əlai bildirib.

Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndəsi bəyan edib ki, bu tendensiyanın son nümunələri repressiyaların İran rəhbərliyinin ən yüksək rütbəli məmurları tərəfindən planlaşdırıldığını göstərir.

Dian Əlai İran rəhbərlərini İran bəhailərini əmlak və mallarını müsadirəsi etmək yolu ilə yoxsullaşdırıb öz sərvətlərini artırmağa çalışmaqda ittiham edib.

O, Simnan, Mazəndaran, Kohgiluyə və Boyer-Əhməd əyalətlərində baş verən həbsləri "daha pis böhran" üçün başlanğıc nöqtəsi adlandırıb və beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməməsi üçün bunun dağınıq şəkildə həyata keçirildiyini söyləyib.

Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndəsi İranın daxilində və xaricində olan insan haqları müdafiəçilərini bu ədalətsizliyi pisləməyə və bəhailərin əmlaklarının müsadirəsi ilə bağlı verilən qərarların ləğv edilməsi üçün fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar