SON XƏBƏRLƏR

General Edip Başər: “Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz”

2021.10.20, 07:36
General Edip Başər: “Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz”

Gunaz.tv
General Edip Başər: “Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz” “Hazırda həbsdə olan Şənər Əruyğurla Xurşid Tolonu çox yaxından tanıyıram. İkisinin də ürəklərində Türkiyəyə, türk millətinə, Atatürkə sevgi, hörmət, bağlılıq və sədaqətdən başqa heç nə yoxdur. Bu günə qədər ikisinin də əyriliklərini görməmişəm”. APA-nın məlumatına görə, bu sözləri “Milliyet” qəzetinə müsahibəsində istefada olan ordu generalı, Türkiyənin terrorla mübarizə üzrə keçmiş koordinatoru Edip Başər deyib. O, siyasətin məhkəmə-hüquq sisteminə müdaxilə etdiyini və bundan çox böyük üzüntü duyduğunu bildirib: “İndiyə qədər türk ədliyyəsi ilə bağlı belə bir durum yaşanmayıb. İnsanlarımızın istər demokratiya, istərsə də hüquqa inamlarının azaldığını təəssüflə izləməkdəyik. Mən bu səbəblə şokdayam. Xalqın içində ən çox yayılan fikir bu həbslərin siyasi linç olmasıdır”. Türkiyədə bəzi darilərin və mətbuat orqanlarının son illərə qədər toxunulmaz sayılan generalların həbsini demokratikləşmə istiqamətində atılan ciddi addım kimi qiymətləndirməsinə dair sualı cavablandıran E. Başer “belə demokratiya olmaz”, deyib: “Bir tərəfdən demokratiyanın bəzi divarlarını yıxıb, ordan çıxarılan daşlarla, kərpiclərlə yeni divar hörmək demokratiya qurmaq deyil. Məhkəmənin qərarından əvvəl bəzi qəzetlər hökm çıxarıb, günahkarı elan edirlər. Bu, necə demokratiyadır? Vətəndaşlar barələrində çox ağır ittihamlar olan bəzi siyasətçilərin toxunulmazlıq zirehinə bürünüb parlamentdə oturduğunu misal göstərərək belə bir demokratiyaya inanmadıqlarını söyləyirlər”. Ordu generalının sözlərinə görə, bəzi siyasi darilərin təsirində olan media orqanlarının əsas hədəfi cümhuriyyətin qoruyucularından biri olan Türkiyə Silahlı Qüvvələridir. E. Başərin fikrincə, lazımi tədbirlər görülməsə, cəmiyyət bugünkü qütbləşmədən çıxarılmasa, dövlət qurumları arasında etimad bərpa olunmasa, böhranlar bir-birini əvəz edərsə, Türkiyə Livana bənzəyə bilər: “Bildiyinizi kimi, Livan Orta Şərqin davamlı qanayan yaralarından biridir. Bir ara vəziyyət düzələn kimi olur, sonra yenə aləm qarışır. Allah göstərməsin, belə davam edərsə, problemlər həllini tapmazsa, Silahlı Qüvvələr Türkiyənin Livana dönməsinə imkan verərmi, verməzmi? Açıq deyirəm: mən imkan verməyəcəyini düşünürəm. Ordudakı dostlarımın baş verənlərdən çox ciddi narahatlıq duyduğunu bilirəm. Mən də olsaydım, çox böyük narahatlıq duyardım”. E. Başər polisin həyata keçirdiyi əməliyyata “Ergenekon” adı verilməsinə də etirazını bildirib: “Türkün yaranış dastanının adı, millətin həssas nöqtəsi niyə bu qədər düşüncəsiz istifadə edildi, bilmirəm. Amma bu, fövqəladə dərəcədə yanlışdır”. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar