SON XƏBƏRLƏR

Germinin millət vəkili qeyri-fars dillərinə qarşı açıqlama verən təhsil nazirinin üzr istəməsini tələb edib

2021.10.20, 07:36
Germinin millət vəkili qeyri-fars dillərinə qarşı açıqlama verən təhsil nazirinin üzr istəməsini tələb edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Germi şəhərinin İran parlamentindəki millət vəkili Himayət Mirzadə ana dilində dərs keçməyin qadağan olduğunu vurğulayan təhsil naziri Məhəmməd Bəthayiyə açıq məktub ünvanlayaraq ona ciddi xəbərdarlıq edib.

 

Parlamentin Təhsil, Araşdırma və Texnologiya Komissiyasının sözçüsü H.Mirzadənin yazdığı açıq məktubda Məhəmməd Bəthayinin üzr istəməsi tələb olunub.

 

“Sizin yerli dillərin dərs otaqlarında istifadə olunmasını təhlükəli və qırmızı xətt adlandırmağınız olduqca təhlükəli və ölkə konstitusiyasına ziddir. Konstitusiyaya görə, məktəblərdə fars dili ilə yanaşı yerli dillərin tədris olunması sərbəstdir. Ona görə də 15-ci maddənin icrasına başlanılmalıdır. Sizin üçün, qövmlərin zəngin mədəniyyəti ilə uyğunlaşmayan təhsil sistemində dərsi anlatmaq üçün yeganə vasitə olan yerli dillərin istifadəsi deyil, konstitusiyanın icra olunmaması və müəllimlərin tələblərinin təmin edilməməsi qırmızı xətt sayılmalıdır. Siz əhalidən dərhal üzr istəyərək sözlərinizi islah edib və konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı əyalətlərdə yerli dillərin tədrisi üçün xüsusi qrupların yaradılması haqda göstəriş verməlisiniz. Bu qruplar yerli dillərdə dərsliklər hazırlayıb və müəllimlər yetişdirərək ana dillərinin tədrisinə zəmin yaratmalıdır”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

H.Mirzadə məktubun sonunda təkidlə vurğulayıb ki, “təhsil naziri mövqeyində dəyişiklik etməsə, millət vəkilləri xəbərdarlıq, sual ünvanlamaq və nəhayət naziri parlamentə çağıraraq hesabat tələb etmə hüququnu özündə saxlayır.”

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar