SON XƏBƏRLƏR

Gilan Əyaləti rəhbərliyinin “Heyran gədiyi”nə iddiaları davam edir

2021.10.20, 07:36
Gilan Əyaləti rəhbərliyinin “Heyran gədiyi”nə iddiaları davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın  Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planı ilə bağlı cəhdlər davam edir.

 

Astara (hazırda Gilan Əyalətində yerləşən Azərbaycan şəhəridir) Şəhər İcra Hakimiyyəti başçısı Yunis Rənckeş Azərbaycan türk millətinə növbəti dəfə meydan oxuyaraq bildirib ki, “Heyran gədiyi” Gilan əhalisinin ərazisidir, ona görə də Astaraya giriş lövhəsi Novruz bayramı tətillərindən sonra tunelin üzərində quraşdırılacaq”.

 

İcra Hakimiyyəti başçısının bu sözləri martın 29-da “Fars” xəbər agentliyində yayılıb.

 

Y.Rənckeşin sözlərinə görə, İranın Daxili İşlər Nazirliyi və Gilan Valiliyi “Heyran gədiyi” və onunla bağlı olub-bitən hər şeydən xəbərdardır.

 

Astara Şəhər İcra Hakimiyyəti başçısı bundan əvvəl də Azərbaycanın tarixi ərazisinə iddia edərək oxşar açıqlama ilə çıxış etmişdir.

 

Rəşt şəhərinin İran parlamentindəki millət vəkili Cabbar Küçekinəjad da yerli “Gil xəbər” xəbər agentliyinə verdiyi müsahibədə Ərdəbil əyalətinə qarşı ərazi iddiası ilə çıxış edib. O Ərdəbilin iki millət vəkili Südeyif Bədri və Rza Kəriminin bundan öncəki açıqlamalarına reaksiya verərək Astaranın Gilan Əyalətinə aid olduğuna təkid edib.

 

“Bəziləri Astaranın Ərdəbil Əyalətinə birləşdirilməsindən danışır. Bu əslində təbliğat xarakteri daşıyır və mənasız bir söhbətdir. Bu kimi sözləri parlamentə yenicə yol tapmış millət vəkilləri dilə gətirər. Onlar məsələni düzgün görə bilmir. Astaranın Ərdəbilə ilhaqı məsələsi ixtilafları artırmaqdan başqa heç nə deyil”- deyə o qeyd edib.

 

Gilan rəhbərliyinin Astaraya xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıran millət vəkili bu məsələnin gündəmə gətirilməsində kimlərinsə şəxsi maraq güddüyünü  bildirib.

 

C.Küçekinəjad söhbətində əsasən adlarını çəkdiyimiz Ərdəbilin millət vəkillərini hədəfə alıb. Onlar bundan əvvəl “Heyran gədiyi”ndə Gilan Əyalətinə aid lövhələrin asılmasına haqq qazandırsalar da, Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsi üçün səy göstərəcəklərini bildirmişdilər.

 

Bu arada Muğanın imam cüməsi Məhəmməd Cavad Baqiri də “Heyran gədiyi”ni Gilan Əyalətinə birləşdirməyə çalışan qüvvələrə dəstək verib.

 

 

O bu barədə martın 29-da “Fars” xəbər agentliyinə danışıb.

“Ölkənin ərazi bölgüsündə Ərdəbil və Astara bir-birindən ayrıdır, “Heyran gədiyi” isə Astaraya aiddir”- deyə o bildirib.

 

Muğanın imam cüməsi Astaranın yenidən Ərdəbil Əyalətinə birləşdirilməsi uğrundakı cəhdləri mənasız mübahisə kimi qiymətləndirərək əlavə edib ki, Astara və Heyran ilk öncə İranın, sonra isə Gilan Əyalətinindir.

 

Qeyd edək ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, artıq lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar