SON XƏBƏRLƏR

Gözlənilən oldu – Futbol Federasiyası Rəsul Xətibinin əleyhinə qərar çıxardı!

2021.10.20, 07:36
Gözlənilən oldu – Futbol Federasiyası Rəsul Xətibinin əleyhinə qərar çıxardı!

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının İnzibati Komitsi Təbrizin “Maşınsazi” və Tehranın “Perspolis” komandalarının görüşü zamanı baş verən irqçi hərəkətlər və etikadan kənar  hadisələrlə bağlı hökm çıxarıb.

 

Məlum olub ki, söyüş və təhqirlərə məruz qalan azərbaycanlı baş məşqçi Rəsul Xətibi “Perspolis” və onun irqçi tərəfdarlarından daha ağır şəkildə cəzalandırılıb.

 

 ““Perspolis” klubu 300 milyon rial cərimə ödəməlidir, bu qərara yenidən baxıla bilər.

“Maşınsazi” klubu isə 5 oyunçusuna xəbərdarlıq edildiyi üçün 10 milyon rial cərimə ödəməlidir.

Azərbaycan komandasının baş məşqçisi Rəsul Xətibi isə “Perspolis” tərəfdarlarını təhrik etdiyi üçün 100 milyon rial nağd cərimə ödəməyə məhkum edilib. O bundan əlavə, super liqa yarışlarında bir görüşdə komandasını müşayiət etməkdən də məhrum edilib. Bildirilib ki, bu qərara yenidən baxıla bilər. Həmçinin qeyd olunub ki, baş məşqçi İran kuboku çərçivəsində keçirilən yarışlarda oxşar cəzaya məhkum olunduğu üçün, o eyni hərəkəti təkrar edərsə, super liqa çərçivəsində hələlik təxirə salınan qərar icra olunacaq və bir görüşdə komandasını müşayiət edə bilməyəcək.”- deyə İnzibati Komitənin qərarında qeyd olunub.

 

İran Futbol Federasiyası və İdman Nazirliyinin Azərbaycanın əleyhinə və Tehranın “İstiqlal” və “Perspolis” komandaları və onların irqçi tərəfdarlarının xeyirinə olaraq hökm çıxarması yeni hadisə deyil. Futbol Federasiyasının bu qərarı davamlı olaraq Güney Azərbaycanın “Traxtur” futbol klubuna qarşı çıxarılan ədalətsiz hökmləri bir daha göz önünə gətirdi.

 

Xatırladaq ki, 19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı oldu. Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşçiqi Rəsul Xətibinin ünvanına təhqiramiz söyüşlər səsləndirmişdir. İrqçi azarkeşlər hər zaman olduğu kimi, yenə də aşağılayıcı hərəkətlərə yol verib, Rəsul Xətibinin anasının ünvanına küçə söyuşləri söymüşdülər.

 

Hadisədən dərhal sonra Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi “Perspolis” tərəfdarlarından İran Futbol Federasiyasına rəsmən şikayət edib, İnzibati komitədən təhqirə yol verənlərin cəzalandırılması tələb etmişdir.

 

Təhqirə məruz qalan baş məşqçi Rəsul Xətibi də Futbol Federasiyasını bu məsələyə baxmağa çağırmışdır.

“Bütün azarkeşlər mənim anamı söydülər. Mənim anam iki şəhid və iki müharibə əlili anasıdır. Əgər ölkədə təhlükəsizlik təmin olunursa, bu, şəhidlər və oğlunu məmləkəti və stadionları qorumaq üçün müharibəyə göndərən anaların sayəsində mümkün olub.”- deyə Rəsul Xətibi qeyd etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar