SON XƏBƏRLƏR

Güney Azərbaycan: Fürsətçilər qızıl tapmaq məqsədi ilə “Kamblaş” kəndinə üz tutur

2021.10.20, 07:36
Güney Azərbaycan: Fürsətçilər qızıl tapmaq məqsədi ilə “Kamblaş” kəndinə üz tutur

Gunaz.tv

GünAz TV: Yerli olmayan çox sayda zəngin iş adamı asan yolla sərvət əldə etmək məqsədi ilə Şərqi Azərbaycan Əyaləti Vərziğan şəhərinin “Kamblaş” kəndinə üz tutur.

 

Kamblaş kəndinin əhalisi “Anac” xəbər agentliyi ilə danışıqda kənd ərazisində qızıl mədənləri olduğunu, bu üzdən digər bölgələrdən gələn zəngin iş adamları torpaqları bahalı qiymətə almaq istədiklərini bildiriblər.

 

Hazırda 20 ailənin yaşadığı yoxsul kənd əhalisinin sözlərinə görə, kəndə üz tutan zəngin iş adamları anbar tikmək adı ilə torpaqları bahalı qiymətə alır. Onlardan bəziləri kənd ətrafında yerləşən müəyyən ərazini ələ keçirmək üçün 10 milyard tüməndən çox pul təklif ediblər.

 

Kənd əhalisi vurğulayıb ki, uzun illər istifadəsiz buraxılan torpaqların sahibləri də kəndə gələrək yenidən sənədləşdirmə işlərinə başlayıblar. Kəndçilərdən bəziləri ərazidə tərkibində qızıl olan daşların oğurlandığını, hətta bununla bağlı bir neçə nəfərin polis əməkdaşları tərəfindən saxlandığını  bildiriblər.

 

Hələlik bölgənin rəsmi şəxsləri bu barədə heç bir məlumat verməyib.

 

Qeyd edək ki, Vərziğan məntəqəsi müxtəlif mədən qaynaqları baxımından çox zəngindir. Məşhur “Süngün misi” mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Lakin bölgənin azərbaycanlı əhalisi bu mədəndən heç bir gəlir əldə edə bilmir. Mədəni çalışdıran şirkətin hətta bank hesabları belə Tehran və Kirman şəhərlərindədir, onun məhsulu isə xammal kimi İranın mərkəzi şəhərlərinə daşınır. Bu vəziyyətə bölgə əhalisi ilə yanaşı bəzi yerli məsullar da dəfələrlə etiraz bildirib.

Son vaxtlar Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi, Vərziğanın imam cüməsi Məsud Məhdəvi, Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar və Şərqi Azərbaycanın keçmiş valisi Məcid Xudabəxş sözügedən şirkətin bank hesablarının Azərbaycan şəhərlərinə intiqal edilməsini tələb edib. İranın yüksək rütbəli səlahiyyətli şəxsləri problemi aradan qaldırmaq üçün lazımi tədbirlərin alınacağı barədə dəfələrlə vəd verib, lakin mədəndə vəziyyət olduğu kimi davam etməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar