SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən ustad Həsən Dəmirçinin vəfatı münasibəti ilə başsağlığı mesajı

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən ustad Həsən Dəmirçinin vəfatı münasibəti ilə başsağlığı mesajı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan Milli Hərəkatının yorulmaz mübarizi, musiqi ustadı Həsən Dəmirçinin vəfatı münasibəti ilə başsağlığı mesajı yayıb.

 

Mesajda deyilir:

"2018-ci il iyunun 24-də, Bütöv Azərbaycan Birliyinin fikir öndəri mərhum Əbülfəz Elçibəyin 80 illik yubileyi günlərində, Azərbaycan sevdalısı, görkəmli şəxsiyyət və milli fəallar tərəfindən “Həsən Azərbaycan” adı verilmiş ustad Həsən Dəmirçinin vəfatı xəbəri hamımızı sarsıtdı.

 

Ustad Həsən Azərbaycan ömür boyu Azərbaycan  millətinin haq səsi, gücü və nəfəsi olub. O İran mərkəzi hakimiyyətinin bütün təhdid və təzyiqlərinə rəğmən yeni milli şüurlu nəslin yetişdirilməsində böyük əmək sərf edib, elə bunun üçün də örnək bir mübarizdir. Onun milli hüquqların təmini uğrunda verdiyi mücadilədə sarsılmaz iradəsi hamımızın qürur qaynağıdır.

 

Böyük ustadın Güney Azərbaycanın məruz qaldığı haqsızlıqlara qarşı mübarizə aparması, millətinin çətin günlərində meydanda olması, məsələn Qaradağ zəlzələsində milli yardım kampaniyalarına başçılıq etməsi, zəlzələ bölgəsində millətimizlə çiyin-çiyinə hər cür zəhmətə qatlaşması, Azərbaycan Milli Hərəkatının hər sahəsində verdiyi mücadilə və ödədiyi bədəllər, Hərəkatda sağduyulu bir ağsaqqal kimi mühüm rol oynaması və s. şübhəsiz ki, millətimizin yaddaşında qızıl hərflərlə yazılacaq.

 

Ustad milləti tərəfindən verilən “Azərbaycan” ləqəbini sözün əsl mənasında haqq edir. O içində bəslədiyi millət sevgisi, milli mövqeyi və əxlaqı ilə Milli Azadlıq Hərəkatının yorulmaz və görkəmli mübarizi kimi gələcək nəsillər tərəfindən qürurla yad ediləcək bir şəxsiyyətdir.  Onun xalqı uğrunda apardığı mübarizənin dəyəri illər keçdikcə daha çox aydınlaşacaq.

 

Şübhəsiz ki, İran mərkəzi hakimiyyətinin ona qarşı insanlıqdan kənar və ədalətsiz hərəkətləri, onun 70-li yaşlarda ağır həbslərlə cəzalandırılması millətimizin  tarixi yaddaşından heç vaxt silinməyəcək.

 

Bu acı itki münasibəti ilə mərhum ustadın hörmətli ailəsi, dəyərli Azərbaycan milləti, milli fəallar və onu sevən hər kəsə başsağlığı verir, onun yolunun davamlı olacağına ümid etdiyimizi bildiririk.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi

 

2018-ci il iyunun 24-ü"

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar